Çavuşoğlu yenə öz ampluasında

 

Türkiyəli deputatın fikrincə, ATƏT-in normal saymadığı seçkini ədalətli qiymətləndirmək olar

 

AŞ PA sədri, Türkiyədən olan millət vəkili Mövlud Cavuşoğlu yenə qurumdakı çıxışında öz ampluasında olub. Yenə M.Cavuşoğlu Azərbaycan hakimiyyətinin mövqeyini müdafiə edən bəyanatlar verməklə 2010-cu il parlament seçkisinin azad və ədalətli keçirildiyini bəyan edib.

 

Maraqlıdır ki, ATƏT-in, AŞ Dövlət Departamentinin sərt tənqid etdiyi seçkini nədənsə türkiyəli deputat AŞ prinsiplərinə uyğun sayır.

“Sanki o, Azərbaycan hakimiyyətinin təmsilçisidir”


M.Çavuşoğlunun bu cür mövqeyindən təəssüfləndiyini deyən AXCP sədrinin müavini Gözəl Bayramlı bildirdi ki, artıq neçənci dəfədir ki, türkiyəli deputat haqqın və ədalətin yox, saxtakarlığın tərəfini tutur: “Burada üzücü məqam ondan ibarətdir ki, bu cür mövqeyi sərgiləyən qardaş ölkənin təmsilçisidir. Türkiyəli deputat Azərbaycan xalqının mövqeyini müdafiə etmək əvəzinə onun ziddinə gedərək saxtakarlığa göz yumur. Sanki o, Azərbaycan hakimiyyətinin təmsilçisidir. ATƏT və ABŞ-ın seçkidə baş verən pozuntuları sərt tənqid etdiyi bir zamanda Çavuşoğlu əks mövqe sərgiləyərək seçkinin normal keçdiyini bəyan edir”. Türkiyəli müşahidəçilərin də seçkilər zamanı reallıqları əks etdirən hesabatla çıxış etmədiyinə diqqət çəkən G.Bayramlı vurğuladı ki, demokratik düşərgə baş verənlərlə bağlı Türkiyə parlamentinə müraciət etməlidir. “Istər Çavuşoğlunun, istərsə də türkiyəli müşahidəçilərin mövqeyi Türkiyə Böyük Millət Məclisinə çatdırılmalıdır. Biz əminik ki, baş verənlər, sərgilənən mövqe türk xalqının mövqeyi deyil. Ona görə də biz bu barədə Türkiyə ictimaiyyətini məlumatlandırmaq istəyirik”, – deyə G.Bayramlı qeyd etdi.

“Türkiyəli deputatın hakimiyyətin lobbiçiliyini etməsinə şübhə yoxdur”


Müsavat başqanının müavini Mehman Cavadoğlu bildirdi ki, M.Cavuşoğlunun bu cür mövqe sərgiləməsində təəccüblü heç nə yoxdur. Türkiyəli deputatın Azərbaycan hakimiyyətinin lobbiçisi kimi çıxış etdiyini deyən M.Cavadoğlu vurğuladı ki, bəziləri bu şəxsin AŞ PA-da yüksək post tutandan sonra mövqeyini dəyişəcəyini gözləyirdi. Amma hazırkı reallıq bu gözləntilərin əbəs olduğunu sübut etdi: “Çavuşoğlunun açıqlaması bir daha göstərir ki, onun mövqeyi dəyişməyib. Bütün arqumentlərə, faktlara, saxtakarlığa baxmayaraq o, yenə də hakimiyyətin mövqeyini müdafiə etməkdədir”.