strasser

Ştrasser rəsmi Bakıdan şikayət edib

 

AŞPA-nın xüsusi məruzəçisi azərbaycanlı ictimaiyyət nümayəndələri ilə görüşüb

 

Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında iştirak edən vətəndaş cəmiyyəti təmsilçiləri İntiqam Əliyev, Əsabəli Mustafayev, Anar Məmmədli, Vüqar Qocayev, Məlahət Nəsibova, İlqar Nəsibov Strasburqda Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi Kristofer Ştrasserlə görüşüblər.

 

Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev “Media forum” saytına deyib ki, Ştrasser il yarımdan çox müddətdir məruzəçi təyin olunmasına baxmayaraq vəzifələrini icra edə bilmədiyini söyləyib: “Hökumət ona dəvət göndərməkdən imtina edib. Məruzəçi bildirdi ki, 4 dəfə Azərbaycan hökumətinə rəsmi müraciət etsə də, səfərin baş tutması üçün zəruri dəvəti ala bilməyib. Dedi ki, 2010-cu ilin noyabr ayında parlament seçkisini müşahidə etməyə gələndə məruzəçi funksiyalarını da icra etmək istədiyini bildirib, amma Azərbaycan hökuməti buna icazə verməyib.

Biz Ştrasserə bildirdik ki, Azərbaycan hökumətinin sizi ölkəyə buraxmaq istəməməsini anlamaq olar. Hökumət anlayır ki, bu səfərin nəticəsində meydana çıxacaq hesabat Azərbaycanda siyasi məhbuslarla bağlı həqiqətləri dünyaya çatdıracaq, ölkədə demokratiyanın, insan hüquqlarının, siyasi plüralizmin mövcudluğu barədə illüziyaları dağıdacaq. Amma Azərbaycan cəmiyyətində baş verənlərlə bağlı başqa yönlü suallar da yaranır – niyə cənab Ştrasser bu məsələni indiyə qədər rəsmi şəkildə, məsələn, Avropa Şurasının müvafiq qurumları qarşısında, o cümlədən Parlament Assambleyasının sessiyalarında qaldırmayıb?”

Hüquqşünasın sözlərinə görə, Ştrasserin diqqətinə şatdırıblar ki, Azərbaycanın vətəndaş cəmiyyəti qurumları onun siyasi məruzəçi kimi fəaliyyətsizliyindən ciddi narahatdırlar və Avropa Şurasına bununla bağlı etiraz məktubu göndərməyə hazırlaşırlar: “Ştrasser bildirdi ki, o, Bakıya turist kimi gələ bilər, amma onu həbsxanalara – siyasi məhbusların yanına buraxmayacaqlarsa, bu cür səfərin faydası olmayacaq.

Biz məruzəçiyə bildirdik ki, Azərbaycana gələ bilməsə də, siyasi məhbuslarla bağlı məruzə hazırlamaq üçün müxtəlif mənbələrdən məlumat almaq imkanları genişdir. Bu cür hesabatı Azərbaycana gəlmədən də hazırlamaq mümkündür, sənədin sonunda xüsusi qeyd vermək olar ki, Azərbaycana səfər imkanının olmaması səbəbindən hesabatda hansısa məlumatların natamamlığına görə məsuliyyət hökumətin üzərinə düşür.

Ştrasser bildirdi ki, o da bu cür vəziyyətdən çox narahatdır. Qeyd elədi ki, Avropa Şurasının təcrübəsində dövlətin məruzəçini ölkəyə dəvətdən imtinasına ilk dəfədir rast gəlinir. Ona görə, məsələ Avropa Şurasının Nazirlər Komitəsinin 24 yanvar iclasında ciddi müzakirə olunub və məsələ çox sərt qoyulub. Azərbaycan hökumətinin siyasi məhbuslar üzrə məruzəçinin normal fəaliyyəti üçün şərait yaratmasının vacibliyi xüsusi vurğulanıb”.