Siyasətdə praqmatizm

Bizim həmişə siyasi praqmatizmlə bağlı problemimiz olub. Yox, mən demək istəmirəm ki, bizlər həmişə idealist olmuşuq. Hamımız idealist olsaydıq, indi həbsxanalarda yaman tünlük olardı. Sadəcə, çox güman ki, məqsədlə bağlı aydınlıq olmayıb. Mən ümumi sözünü heç sevmirəm, ona görə də sözlərin əvvəlinə onu artırmaq niyyətində deyiləm. Amma siyasi proseslərə baxanda bir aydınlıq hiss olunmur. Indi dünya olduqca dinamikdir. Hara baxırsan, elə mitinq, aksiya…

Bir vaxtlar süstlükdən gileylənirdik, dəniz idmançıları kimi dalğanı gözləyirdik. Dalğa neçə illərdir başlayıb. Bəli, lap mülayim formasını Ukraynada, Gürcüstanda gördük. Bir qədər daha sərt formada isə Tunisdə, Qırğızıstanda oldu. Özbəkistanı da unutmaq lazım deyil, orada da cəhd edildi, amma necə deyərlər, alınmadı. Bəlkə də bu, dövlətlərin hamısının sırasında bir qədər az görünür, amma söhbət problemli ölkələrdən gedir. O ölkələrdən ki, orada demokratiya, insan haqları, söz və ifadə azadlığı ilə bağlı çox ciddi maneələr var.

Təbii ki, mən də tələsik nəticələrin tərəfdarı deyiləm. Məsələn, mən də bilirəm, Afrikada hakimiyyət dəyişikliyi qeyri-adi bir şey deyil. Amma prosesi uzaqdan müşahidə edəndə görürsən ki, proses adicə çevriliş və yaxud hakimiyyət dəyişikliyi xarakteri daşımır.

Düzdür, hər halda seçkini gözləmək lazımdır. Təəssüf ki, bir çox ölkələrdə insanlar hələ də seçmək və nəzarətdə saxlamaq təcrübəsinə malik deyillər. Elə özümüzü də bu cərgəyə aid edərdim. Evdən çıxıb arxayın-arxayın yaxınlıqdakı məktəbdə yerləşən seçki məntəqəsinə getmək təəssüf ki, çox azdır. Bəli, ABŞ-da bu yetərlidir, hətta Türkiyədə də kifayət edir. Amma bizdə bu, çox azdır. Bunun günahı bu hakimiyyətdədir, sadə insanlarda deyil. Ancaq son nəticədə yenə də günah bizim adımıza yazılır. Çünki bu hakimiyyət də elə-belə mövcud deyil, onlar da bizim sükutumuz sayəsində duruş gətirirlər. Çünki primitiv bir meyar var, deyirlər ki, sükut razılıq əlamətidir. Istəsək də, istəməsək də belədir.

Indi nə etməli? Vaxtilə bizim düşərgədə gedən proseslərə siyasi kombinatorika adı vermişdim: sizə məhdud sayda element verilib və siz onları istədiyiniz kimi qruplaşdırırsınız, cərgələyirsiniz, vəssalam. Bununla da işinizi bitmiş hesab edirsiniz. Amma bu prosesdə sizin sərəncamınızda olan elementlər artmır, azalmır… Indi bizim proseslər də eynilə bunu xatırladır. Bizim sayımız qeyd etdiyim əməliyyatlar nəticəsində nəinki artmır, əksinə, azalır. Çünki insanlar canlı varlıqlardır və adi riyazi obyektlərdən fərqli olaraq, onlar yorulur, bezir, uzaqlaşırlar.

Bəs biz nə qazanırıq? Praktiki olaraq heç nə. Hakimiyyət seçki prosesinə cəlb etmək üçün onbaşı, yüzbaşı, minbaşı sistemi yaratdı. Bəlkə biz də bunu təkrar edək? Təbii, bu, bir zarafatdır. Amma o da bir həqiqətdir ki, kəmiyyətə böyük ehtiyacımız var. Elə struktura da.

Mən vaxtilə demokrat liderlərdən çox misal çəkdim, amma nəticəsini görmədim. Indi isə uzaqdan yox, öz yaxın tariximizdən misal gətirmək istəyirəm. Sosial-demokrat və Rusiyadakı müvəqqəti hökumətin liderlərindən biri Tsereteli ilə Leninin çox məşhur bir polemikası var. Tsereteli yığıncaqların birində deyir ki, Rusiyanı idarə etmək iqtidarında olan partiya yoxdur. Lenin yerindən qayıdır ki, yox, belə bir partiya var!..

Bu, çox tarixi polemikadır. Indi mən soruşuram: əgər bizdən kimsə soruşsa ki, belə bir partiya varmı, onda nə cavab verəcəyik? Varmı belə bir partiya Azərbaycanda? Təəssüf, yoxdur. Onda bəs onu niyə yaratmırıq? Praqmatizm çatışmır. Mən bunun başqa izahını bilmirəm. Indi bu hakimiyyətlə bağlı hər şey aydındır: bunlar ona görə duruş gətirməyiblər ki, xaricdə güclü dayaqları var. Ona görə hakimiyyətdədirlər ki, daxildə olan bütün etiraz nöqtələrini susdurublar və daxilə yaxşı nəzarət edə bilirlər…

Kiçik sözardı

Artıq hər şeyə qadir neft haqda mif dağılıb. Hakimiyyətin missiyası ən yaxşı halda, Qarabağ problemi həll olunana qədərdir. Güman ki, ya bundan sonra, ya da elə buna qədər bu missiya bitəcək. Onda sual yaranacaq: varmı belə bir partiya?..