Ağzınızı bağlayın, cibinizi açın…
Rabitə sistemində dəhşətli qiymət burulğanı başlayacaq
Azərbaycanın rabitə və informasiya texnologiyaları (RITN) naziri Əli Abbasov ölkə ərazisində fəaliyyət göstərən mobil rabitə operatorlarını kəskin tənqid edib. Nazir ölkədə fəaliyyət göstərən mobil operatorların qiymət sistemini qeyri-şəffaf adlandırıb, onların beynəlxalq və “rouminq” danışıqları üçün şişirdilmiş qiymətlər tətbiq etdiyini bildirib. Nazir bəzi mobil operatorların konturdan manat sisteminə keçmədiyindən narazıdır.
***
RITN stasionar (ev) telefonlarda da danışıqlarda dəqiqə hesabına keçməyi planlaşdırır. Naziri bu gün informasiya-kommunikasiya texnologiyaları sahəsində rəqabətin vəziyyəti də qane etmirmiş.
“Araşdırmalarımız göstərir ki, özəl sektora daha çox imkanlar açılmalıdır”. APA-nın məlumatına görə, bu sözləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.
Nazirin çıxışından belə bir nəticəyə gəlmək olur ki, rəhbərlik etdiyi sektorda ciddi problemlər mövcuddur. Nazirin rəhbərlik etdiyi sektordakı problemləri dilə gətirməsi müsbət haldır. Amma mövcud problemləri başqalarının üstünə atması təəssüf doğurur. Ona görə də onun bu problemləri dilə gətirməsi özünütənqid kimi qiymətləndirilə bilməz. Indiki halda isə belə təəssürat yaranır ki, nazirlik problemləri həll etmək gücündə deyil. Ona görə də, imkan dərəcəsində özünü sığortalamaq üçün onların səbəbini başqalarına yönəltməyə cəhd edir.
Sən demə, bütün günahlar mobil operatorlarda imiş?
Məsələn, mobil rabitə operatorlarının “rouming” tariflərinin bahalığından şikayətlənən nazir gözəl bilir ki, beynəlxalq çıxışlar “Aztelekom” üzərindən gedir. Ona görə də bu təşkilat (“Aztelekom”) mobil rabitə operatorlarına beynəlxalq çıxış tariflərini endirməlidir ki, operatorlar da analoji addımı ata bilsinlər. Əgər beynəlxalq çıxış tarifləri çox yüksəkdirsə, mobil rabitə operatorları bu endirimi öz cibləri hesabına etməlidirlər?
Diqqətli oxucuların yadındadırsa, son illərə kimi, ölkəmizdə internet tarifləri çox baha idi. Çünki Rabitə Nazirliyi internet provayderlərinə trafikləri çox baha kirayə verirdi və bunu öz monopoliyasında saxlayırdı. Bu gün də beynəlxalq danışıq çıxışlarını “Aztelekom”un monopoliyasında saxlamaqla analoji faktla rastlaşırıq. Ona görə də hədsiz bahalıq və aşağı keyfiyyət şəraiti hökm sürür. Beynəlxalq çıxış xidməti göstərmək istəyən özəl şirkətləri bazara buraxmayan nazirliyin bahalığı başqasının üstünə yazması yumşaq desək, başa düşülmür. Digər tərəfdən, heç kimə sirr deyil ki, bu gün uzaq və yaxın xaricdən Azərbaycana zəng etmək daha ucuzdur, nəinki Azərbaycandan xaricə. Görəsən, bu fakt haqqında nazir niyə susur, bu faktı niyə dilə gətirmir?
Tarif mövzusunda danışarkən RITN-nin mobil rabitə şirkətləri arasındakı tariflərinə də toxunmaq artıq olmazdı. Belə ki, nazirlik burada da qeyri-bərabər şərait yaratmaqla, rəqabət şəraitini pozur və diskriminasiyaya yol verir. Belə bir imtiyaz, məsələn “A” operatorundan “B” operatoruna zəng etməyi daha sərfəli edir, nəinki “B”dən “A”ya.
“Rədd olsun kontur!” islahatı
Nazir bu gün mobil operatorların danışıqları konturla hesablamalarını da tənqid edib. Qeyd edək ki, hazırda 3 operatordan yalnız biri – “Azerfon” danışıqları dəqiqə hesabı ilə aparır. “Azercell”in nümayəndələri də mətbuata bildiriblər ki, bu şirkət də cari ilin birinci yarısında dəqiqə hesabına keçəcək. Şübhəsiz ki, 3-cü operator “Bakcell” də bu faktı nəzərə alıb, analoji addımı atacaq. Amma etiraf edək ki, bu problem istər mobil rabitə, istərsə də bütövlükdə rabitə sektorunda bir nömrəli problem deyil.
Amma stasionar telefon xidməti haqqının toplanması və abunəçilərə telefon qovşaqlarında və poçt şöbələrində göstərilən xidmətlərin səviyyəsi bu gün daha aktual problem olsa da, nazir bu haqda da danışmayıb. Bu haqda xəbər agentliklərində məlumata rast gəlinmir. Məsələn, görəsən biz telefon abunə haqqını və ya “Bakinternet”, “Aztelekom” internet xidmət haqqını niyə telefon qovşağında və poçt şöbəsində növbələrə durub ödəməliyik? Niyə biz mağazalardan kartları alıb, onu yükləyə bilmirik? Nəyə görə vətəndaşlar öz işlərini atıb, uzun yolu qət edib, bu vəsaiti nəğd ödəməlidir?
Digər tərəfdən, dövlət rabitə müəssisələri özəl operatorlardan nümunə götürüb, xidmət haqqını fiziki və hüquqi şəxslərə hesabı e-mail və ya ənənəvi poçtla göndərmir. Borc yaranan kimi rabitəni kəsir, hüquqi şəxslər gedib öz ayağı ilə hesabı telefon qovşaqlarından götürüb, sonra da həmin vəsaiti ödəməyə məcbur olur. Elektrik və təbii qazdan istifadə haqqı kart vasitəsilə ödənildiyi bir vaxtda, rabitə haqqı hələ də sovetlər dönəmində yatıb qalıb.
Nazir rəhbərlik etdiyi sektorda rəqabətin aşağı səviyyəsindən də narazılığını bildirib. Maraqlıdır ki, nazirlik indiyə kimi, belə iddiaları qəbul etmir, onunla razılaşmırdı. Indi nazirlik özü bunu dilə gətirir. Və yenə də bildirir ki, 3G xidməti “Bakcell”ə və “Azercell”ə bu yaxınlarda veriləcək. “Bu yaxınlarda”nın nəyi göstərdiyi isə heç kimə bəlli deyil. Lisenziya sənədini imzalamaq üçün nazirə nə qədər vaxt lazım olduğunu da kimsə bilmir.
Yəqin, ölkənin rabitə sisteminin Ermənistan və Gürcüstandan 3-5 il geridə qaldığına görə məsuliyyətin Kənd Təsərrüfatı nazirinin üstündə olduğunu qəbul etməliyik.
Cibimizi soymaq üçün ağzımıza sayğac qoyurlar
Nazirliyin stasionar telefonların dəqiqə hesabına keçməsinə hazırlaşması isə yeni xəbər deyil. Bu sistemə keçidin vacibliyi hələ Nadir Əhmədovun nazir olduğu dövrdən danışılır. Məlumdur ki, nazir bu tariflərin çox ucuz olacağını indidən bildirməklə, qarşılanacaq sosial narazılığı qabaqlamaq istəyir. Minimum əmək haqqı 80 manat olan ölkə vətəndaşları üçün dəqiqə danışıq sistemi əlavə xərc sayılacaq.
Digər tərəfdən, bu gün yüzlərlə enerji və kommunal xidmət haqqı ödəyə bilməyən səhiyyə, təhsil, mədəniyyət və s. müəssisələri üçün dəqiqə danışıq sistemi yeni başağrısı yaradacaq.
Dəqiqə sistemində danışığın ən böyük zərbə vuracağı sektor isə KIV olacaq. KIV-in stasionar telefonlardan nə qədər asılı olduğunu qeyd etmək artıqdır. KIV-in indiki maddi texniki bazasının səviyyəsini nəzərə alsaq, bu sistemin tətbiqi onları, sözün əsl mənasında, blokadaya salmış olacaq (mia.az).