“Nəinki Qarabağı, hətta Allahı yaddan çıxarıblar”

 

Qulu Məhərrəmli: «Azərbaycanda sözü eşidilən ziyalı mühiti yoxdur»

«Əyləncənin həddən artıq olması konkret nöqtədən verilən göstərişdir»

 

DOSYE: Qulu Məhərrəmli. 1954-cü ildə Zəngilanda anadan olub, orta təhsilini Şuşada alıb. 1978-ci ildə BDU-nun jurnalistika fakültəsini bitirib. Həmin ildən AzTV-nin “Xəbərlər” baş redaksiyasında reportyor kimi fəaliyyətə başlayıb. Sonra televiziyanın müxtəlif redaksiyalarında  redaktordan tutmuş, departament direktoruna qədər müxtəlif vəzifələrdə çalışıb. Müxtəlif dövrlərdə apardığı “7 gün”, “Təfsilat” və “Gerçəklik” proqramları, həmçinin fərqli reportaj və şərhləri ilə məşhurlaşıb. 2007-də AzTV-ni tərk edib. Həmin ildən Xəzər TV-də baş məsləhətçi vəzifəsində çalışır, həmçinin “Dost məclisi” proqramının aparıcısıdır. 2006-cı ildən BDU-nun professorudur. 2005-2008-ci illərdə Mətbuat Şurası sədrinin müavini olub. Hazırda Jurnalistika və Inkişaf Mərkəzinin rəhbəridir.

– Qulu müəllim, insanlarımız tez-tez zəmanənin korlanmasından şikayətlənirlər. Nə korlanıb ki zəmanəmizdə?

– Zəmanənin korlanması indi kütləvi şikayət mövzusudur. Amma insanlar çox vaxt bu ifadədən öz hərəkətlərinə bəraət qazandırmaq üçün istifadə edirlər. Ictimai mühit insanları korlayır, əxlaqı zədələyir. Dövrün tamam fərqli diktəsi olur. Meyarlar tam gücdən düşdükcə, əxlaqda deformasiya yarandıqca biz o dəyişiklikləri ətrafımızda, münasibətlərdə, gedən proseslərdə hiss edirik. Əsas səbəb ətrafdır, baş verən hadisələrdir və insanların baş verənlərə adekvat cavab tapa bilməmələridir. Belə olanda fərqlər yaranır və biz “zəmanənin korlanması” kimi qanadlı ifadələri işlədirik.

Azərbaycandakı bir xaos başqasını doğurur

– Bəzi insanlar sovet dövrünü hələ də şirin nostalgiya ilə xatırlayır. Həmin dönəmdən bizi elə böyük zaman kəsiyi ayırmır. Necə oldu ki, qısa müddət ərzində mənəviyyatda, ictimai davranışlarda bu cür problemlər ortaya çıxdı?

– Özümüz üçün bir anlıq konkret mikromühit təsəvvür edək. O mühitə hansı hava dəyirsə, onun da təsirini hiss edəcəyik. Bir ictimai-iqtisadi formasiyanın dağılması, yenisinin hələ formalaşmaması keçid dövrü deyilən mənasız, amma amansız bir situasiyanı yaradır. O situasiya çox şeylərə təsir edə bilir. Birinci növbədə siyasi proseslər, ictimai həyat, ikincisi, əxlaqda və məişət münasibətlərində yaranan deformasiyaların şüurlara təsiri artır. Insanların davranışında problemlər yaranır. Dünənə qədər qadağan edilən, eyib bilinən bir şey bu gün norma kimi qəbul olunur. Insanlar mənfiliklərə bir neçə dəfə zəif reaksiya verir, amma sonra onu norma kimi qavramağa başlayırlar. Bu məsələdə elitanın çox ciddi təsiri var. Elitası olmayan, möhkəm dəyərlərə söykənməyən cəmiyyətdə həmişə əxlaqda da, ictimai davranışda da, siyasi həyatda da problemlər ortaya çıxır. Bunların hamısı birləşəndə mənəvi-əxlaqi və siyasi böhran yaradır. Məsələn, bizim cəmiyyət çox uzun çəkən böhran içindədir. 90-cı illərin əvvəlindəki oyanış bizdə bir xaos yaratdı. Amma bu proses uzun çəkdi. Qayda belədir ki, tarixdə böyük xaoslardan sonra mütləq böyük nizam yaranır. Çox təəssüf ki, bizdə bu, baş vermir, əksinə Azərbaycandakı bir xaos başqasını doğurur.

İnternet yeni bir Azərbaycan yaradır

– Bu gün ölkədə etirazçı, proseslərə düzgün qiymət verən insanlar kifayət qədərdir. Amma onların böyük bir qismi nədənsə susmağa, ən yaxşı halda dediyiniz o məhdud çevrələrdə özünü ifadə etməyə üstünlük verirlər. Sanki hər kəs olanların fərqindədir, amma heç kim açıq danışmaq istəmir.

– Cəmiyyətdə bir qisim kifayət qədər açıq və kəskin danışır, xeyli adam da gözləmə mövqeyi tutur. Özünüifadə imkanlarından – qəzet, bloq, sosial şəbəkələrdən istifadə edir. Bu gün sosial şəbəkələrdə məişət xarakterli məsələlərlə yanaşı ciddi ictimai problemlərin müzakirə olunması cəmiyyətin əhvalını duyduran yeni impulsdur. Kommunikasiyanın bu mühüm həlqəsi indi  qarşısıalınmaz sürətlə genişlənir. Professor Rəhman Bədəlovla da razılaşıram ki, hazırda internetdə, sosial şəbəkələrdə yeni bir Azərbaycan yaranır. Bunlar real həyatda, gerçək münasibətlərdə, cəmiyyətdə lazımi rahatlığı tapa bilməyən, amma virtual müzakirələrlə ovunan insanlardır. Ona görə də  sosial şəbəkələrdə maraqlı çevrə və qruplar formalaşmaqdadır.

“Xeyli adam qorxu mühitinin aradan qalxmasını gözləyir”

– Deyirsiniz ki, cəmiyyətin sağlam düşünən kəsimi gözləmə mövqeyindədir. Onlar nəyi gözləyirlər ki?

– Təbii ki, qorxu şəraitinin aradan qalxmasını. Bu gün cəmiyyətdə normal düşünən, amma bunu ifadə etməyən, etirazını bildirməyən böyük çoxluq var. Çoxlarında inam yoxdur ki, dediyi sözə görə onu təqib etməyəcəklər. Bu, ciddi psixoloji məqamdır. Tənqidin, söz azadlığının boğulması həmişə mənfi və dağıdıcı enerji yaradır. Hamıdan eyni davranışı gözləmək çətindir, amma bununla yanaşı hesab edirəm ki, bu gün ölkədə düşündüyünü deyən və yaza bilən xeyli adam var. Azərbaycanda üzdə olan, dürüst və ədalətli tənqid etməyi bacaran belə vicdanlı adamları mən, müəyyən mənada, ictimai əxlaqın daşıyıcıları hesab edirəm. Başqa bir məqam da var: cəmiyyətdə öndə gedən insanların 20 faizi əxlaqlıdırsa, onlar cəmiyyəti öz əxlaqına uyğunlaşdıra bilir. Öndə gedənlər, cəmiyyəti təmsil edənlər əxlaqdan uzaqdırlarsa, cəmiyyətdə də o əhval-ruhiyyə güclü olur.

Bizdə televiziyalar tədricən öz simalarını itirirlər

– Yəqin, peşəkar televiziyaçı kimi sizə də televiziyaların bugünkü durumundan çox gileylənirlər…

– Bu gün internet kinodan və televiziyadan daha cazibədardır, amma hələlik televiziya insanları öz cazibəsində daha möhkəm saxlayır. Bu gün televiziyadan gileylənənlər haqlıdırlar. Azərbaycanda on ildən çoxdur ki, televiziyalar cəmiyyətə heç bir fayda vermir. Bizdə televiziyalar dağıdıcı funksiya yerinə yetirir. Telekanalların sayı kifayət qədər çoxdur, radioların da sayı getdikcə artır. Bu, yaxşı tendensiyadır, amma pis odur ki, bunların hamısı bir-birinə oxşayır, çünki eyni proqram siyasəti yeridilir. Televiziyaların cəmiyyətə təsir imkanları məhdudlaşıb. Məsələn, Gürcüstan televiziyası həm yaradıcılıq texnologiyası baxımından, həm cəmiyyəti ifadə etmək baxımından çox irəli gedib. Bu gün Gürcüstanın televiziyalarında geniş ictimai müzakirələr gedir. Xalqı, cəmiyyəti düşündürən problemlər açıq müzakirə edilir, Azərbaycandakı qədər əyləncə yoxdur.

Xüsusən büdcədən maliyyələşən televiziyalar cəmiyyətə demək olar ki, heç nə vermir. AzTV susuz dəyirmandı, Ictimai Televiziya isə təəssüf ki, ölkədə demokratiyanın inkişafına kömək edə bilmir.

Həqiqət bir rəngdə deyil. Həqiqəti çalarlarda axtarmaq lazımdır. O çalarları gözdən keçirəndə biz Azərbaycan televiziyalarının xalqa xidmət etmədiyini görürük. Hər bir vətəndaş bilməlidir ki, onun ölkəsi hara gedir, onun seçdiyi hakimiyyət hansı problemləri və necə həll edir? Cəmiyyət bilməlidir ki, xalqın taleyi ilə bağlı hansı qərarlar və necə qəbul olunur? Bunlar istər-istəməz cəmiyyətdə medianın ictimai nəzarət funksiyasının vacibliyini qabardır. Amma bunlar yoxdur, əvəzində əyləncə çoxdur.

Bizdə öyrənmək adına bir şey yoxdur, bol-bol təbliğat var. Sovet dövründən qalma parlaq təbliğat sistemi var gücüylə işləyir. Az qala bütün televiziyalar təxminən eyni üslubda, eyni xətdə, eyni xəbərləri eyni ardıcıllıqla verir, sanki hamısı bir yerdən idarə olunur. Ona görə də cəmiyyət alternativ axtarır. Internetə, peyk televiziyasına üz tutur.  Baxın, son illər peyk və kabel televiziyası necə genişlənib. Bu, yerli telekanallara etirazın göstəricisidir. Televiziyalar tədricən öz simalarını itirirlər.

– Ola bilməz ki, sizin düşündüyünüz problemləri televiziyanı idarə edənlər düşünməsin. Tamaşaçının ehtiyacını ödəmək, ictimai müzakirələr təşkil etmək həmin televiziyalar üçün böyük reytinq və əlavə reklam pulları deməkdir. Bundan da heç kim şüurlu şəkildə imtina etməz.

– Azərbaycanda təəssüf ki, reklam bazarı sərbəst deyil. Amma o mənada sizinlə şərikəm ki, bu problemləri görənlər var, duyanlar var, hətta yazanlar da var. Təəssüf ki, bu gün Azərbaycanda televiziya sahəsində ardıcıl, düşünülmüş siyasət yoxdur. Adama hərdən elə gəlir ki, bu siyasətin olmamağının özü bir siyasətdir. Mən bu siyasətdə düşünülmüş notlar görürəm. Belə fikirlər var ki, əyləncənin həddən artıq çox olması konkret nöqtədən verilən göstərişlərin nəticəsidir. Tutaq ki, belədir. Amma bununla nəyə nail olmaq mümkündür, onu qavraya bilmirəm. Əyləncələrlə ötəri effekt almaq mümkündür, amma bu, heç vaxt dərinə işləyən bir şey olmayacaq. Insanlar həyatı təkcə əyləncələr yox, həm də ictimai müzakirələr prizmasından görməlidir. Bunsuz yeni cəmiyyət qurmaq mümkün deyil. Biz kütləvi yalanları sovet dövründə görmüşük. Səmimi bəyanatları, vədləri də görmüşük. Biz şəffaflığı, məlumatları nə qədər azaltsaq, insanların psixologiyasına və ictimai əxlaqa bir o qədər ziyan vurmuş oluruq. Azərbaycan dünyanın bir parçasıdır, mümkün deyil ki, biz özümüzə qapılıb qalaq.

“Onlar nəinki Qarabağı, hətta Allahı yaddan çıxarıblar”

– Biz tez-tez ölkə başçısından müharibə bəyanatları eşidirik. Necə düşünürsünüz, günün birində səfərbərlik elan olunarsa, gecə-gündüz şou-proqramlara baxıb bu ruhda böyümüş gənclərdən biz nə gözləyə bilərik?

– Televiziyalarımız bu məsələdə çox uduzublar. 90-cı illərin əvvəllərində müharibə və hərbi vətənpərvərlik təbliğatı  bəsit də olsa, səmimi idi. Insanlar ona inanırdılar. Amma bu gün insanlar sözə yox, gördüklərinə inanırlar. Insanlar cəmiyyətdə gedən proseslərdən xeyli dərəcədə küskündülər. Azərbaycanlılar Qarabağ problemini içlərində bir dərd kimi gəzdirirlər. Amma hamını deyə bilmirəm, çünki bu məsələni çoxdan yaddan çıxarmış, kifayət qədər imkanlara yiyələnmiş insanlar var. Onlar nəinki Qarabağı, hətta Allahı yaddan çıxarıblar. Imkanlı ailələrdəki gənclərin böyük qismi xaricdə böyüyür. Hazırkı şərait onu tələb edir ki, cəmiyyət daim səfərbər olsun. Səfərbər olmaq üçün cəmiyyətdə ədalət olmalıdır. Ədalət olmayanda kütləvi küskünlük yaranır ki, bu da insanların əl-qolunu boşaldır, ümidlərini qırır.

Gültəkin Knyazqızı,

Foto Elmin Həsənlinindir