Kreml həyəcan içində

 

Rəsmi dairələr «Domodedovo» olayının ölkədə etnik gərginliyi artıracağından ehtiyatlanır

 

Moskvadakı “Domodedovo” hava limanında törədilən terror aktı dünyanın gündəmini zəbt etdi. Qanlı hadisəni törədənlər və həlak olanların sayı ilə bağlı ziddiyyətli məlumatlar yayıldı. Hələlik son rəsmi məlumatlara görə, 35 nəfər həlak olub, 180 nəfər isə yaralanıb.

 

Terrorçu-kamikadze hansı millətdəndir?

Hadisəni törədən şəxsin Şimali Qafqazda yaşayan xalqlardan birinin nümayəndəsinə bənzəməsi barədə məlumatlar yayılmışdı. Lakin sonradan adının açıqlanmasını istəməyən təhlükəsizlik qüvvələrinin əməkdaşı “Interfaks” agentliyinə verdiyi xəbərdə terror aktını bir yox, iki terrorçu-kamikadzenin həyata keçirdiyini söyləyib. Başqa bir mənbə isə başı bədənindən ayrılan kamikadzenin 30-35 yaşlarında, həm də ərəb millətindən olduğunu bildirib. Maraqlıdır ki, ilkin rəsmi xəbərlərdə kamikadzenin qadın olduğu söylənilirdi. Amma tapılan kişi başıdır.

Terror hadisəsinin hava limanının beynəlxalq uçuşlar terminalında törədilməsi olayda xarici ölkə vətəndaşlarının da həlak olmasını istisna etmirdi. Rusiya Xarici Işlər Nazirliyinin rəsmisi “Itar-Tass” agentliyinə verdiyi açıqlamasında 9 xarici ölkə vətəndaşının öldüyünü bildirib.

Ilkin məlumatlara görə, qanlı olayda həlak olanlar Qırğızıstan, Bolqarıstan, Almaniya, Tacikistan, Ukrayna, Özbəkistan və Ingiltərə vətəndaşlarıdır. Doqquz nəfər Almaniya, Fransa, Slovakiya, Özbəkistan,ÿ Tacikistan və Serbiya vətəndaşı isə yaralandığı üçün xəstəxanaya yerləşdirilib. Nazirlik rəsmisi “Domodedovo” hava limanındakı aktın 2004-cü ildə Moskvanın “Rijskaya” və ötən il isə iki metrostansiyasında törədilən terror olaylarının eyni ssenari üzrə həyata keçirildiyini söyləyib.

Medvedev təhlükəsizlik qüvvələrini günahlandırdı

Rusiya prezidenti Dmitri ÿMedvedev terror aktını hava limanındakı təhlükəsizlik tədbirlərinin zəif olmasıyla əlaqələndirib: “Bu, çoxlu sayda insanı öldürməyi qarşısına məqsəd qoyan, yaxşı planlaşdırılmış terror aktıdır. Yaşananlar təhlükəsizlik tədbirlərini həyata keçirməli olan şəxslərin məsuliyyətsizliyinin nəticəsidir. Bütün günahkarlar və cavabdehlər cəzalandırılacaq”.

Bundan başqa, Kreml rəhbəri Davosda keçiriləcək iqtisadi forumda iştirakını da təxirə salıb. Medvedev “Twitter” sosial şəbəkəsində yayımladığı mesajında terror aktını planlaşdıran və onlara yardımçı olanların da tapılaraq cəzalandırılacağını vurğulayıb.

“Vnukovo” və “Şeremetyevo”da “fövqəladə” rejim

“Domodedovo” aeroportundakı hadisədən dərhal sonra paytaxtın daha iki böyük hava limanı olan “Vnukovo” və “Şeremetyevo”da təhlükəsizlik tədbirləri gücləndirilib. Hava limanına gələnlər bir-bir detektordan keçirilir. Səfər edəcək sərnişinlər isə əvvəlki kimi 2 saat yox, 3 saat öncədən aeroporta gəlməli olacaqlar. Moskvanın bütün vağzallarında, metrostansiyalarında və insanların sıx toplaşdığı ərazilərdə təhlükəsizlik qaydaları sərtləşdirilib.

Dünya terroru pislədi


Dünya liderləri Moskva aeroportundakı hadisəni qınayaraq Rusiya prezidenti Dmitri Medvedevə başsağlığı ünvanlayıblar. BMT, NATO və Avropa Birliyi bəyanat verərək hadisədən təəssüfləndiyini, cinayətkarların aşkarlanmasında lazımi yardımların edilməsinə hazır olduqlarını bidiriblər.

Etnik gərginliyin yüksəlmə narahatlığı

Moskvadakı terror aktı Kreml dəhlizlərində ciddi narahatlıq yaradıb. Rəsmi dairələr hadisənin ölkədə etnik qarşıdurmaları gərginləşdirəcəyindən ehtiyatlanır. Buna görə də terrorçu-kamikadzenin milli mənsubiyyəti ilə bağlı xəbərləri gizli saxlamağa çalışırlar.

Ekspertlər də məlum hadisədən sonra son günlər müşahidə olunan etnik gərginliyin alovlanacağını istisna etməyib. Onların sözlərinə görə, həm rəsmi, həm də qeyri-rəsmi formada bu gərginlik müşahidə olunacaq.

Bir qrup ekspert isə “Domodedovo”da törədilən terror hadisəsinin baş nazir Vladimir Putinin imicinə ciddi zərbə vurduğunu söyləyib. Faktiki olaraq Rusiyada təhlükəsizlik qüvvələri üzərində qeyri-rəsmi hakim olan baş nazir üçün son hadisə uğurlu heç nə vəd etmir.

Turan