“İtimiz qurd olalı… …biz də döndük, qoyun olduq» (M. H. Şəhriyar)

 

Sadiq Gözəlov danışırdı. Polis rejimində hansısa vəzifə tutur bu adam. Rütbəsinin nə önəmi var ki?! Serjant da ola bilər, general da… Lazım gəlsə də, yarı yolda olsa da, adamı döyə, döyüb öldürə bilirsə, deməli onun bir adı var – qatil!

Qanunla bizi qorumalı olan adamlar, faktiki qatillərdir. Sadiq Gözəlov Elvin Əsgərovdan danışırdı – polis idarəsində döyülüb öldürülən cavandan…

Deyir ki, mərhumun anasının hisslərini başa düşür, ona başsağlığı verir, amma Elvin yıxılaraq başından zədə alıb. Yaxşı, bu şəxs üzü üstə yıxılıbsa, onda başının arxa hissəsindəki çapıqlar necə yaranıb? Başının sol yarımkürəsindəki ikiqat böyümə şiş necə əmələ gəlib? Arxası üstə yıxılıbsa, onun sifəti necə tanınmaz hala düşüb? Buna bir izahınız varmı? Yoxdursa, qoyun siz özünüzsünüz! Bu milləti nə yerinə qoymusuz? Heç olmasa, zülmün əlindən cana gəlmiş diktatura zabitlərinin təpiklər ucunda qalmasından sümüyünüzə bir isti keçsin, özünüzü bu xalqdan hiss edin. Etmirsinizsə, cəhənnəmə, ama bir qədər də təhqirdən uzaq olun. Xalqın gözünün içinə belə yalan danışmayın. Insanları belə təhqir etmək cəsarəti hardan yaranır sizdə?

Ramil Usubov müşavirə keçirib deyir ki, polis gərək əhalini incitməsin. Yaxşı. Amma olarmı bu suala da cavab versin: Niyə yol polisini etdiyi səhvlərə görə cəzalandırmaq olar, amma Çevik Polis Alayının və ya BŞBPI-nin sərəncamındakı polisləri yox? Buna bir izahınız varmı? Niyə bu ölkədə polis hegemoniyası var? Bu allahlıq funksiyasını fironcasına icra etmək hirsi hardan yaranıb? Bu adam döyüb öldürənlərin yaxın qohumu, körpə uşağı, tumarladığı baş, kədərləndiyi baxış yoxdumu? Siz bu millətin övladlarına nə yedirib-içirirsiniz ki, onlar beləcə qatilə çevrilirlər, öz millətinə divan tuturlar?

Bu suallara cavab tapmaq doğrudan mənim üçün vacibdir. Tək mənə yox, bütün xalqa, qanına boyanan hər məzlumun yaxınlarına vacibdir… Insanlar bu qəddarlığın kökünü tapmaq istəyirlər.

Bu qana susamağın sonunda millətin əsəblərini əndazədən çıxaracağını düşünmürlərmi? Tunisdə bir təhlükəsizlik zabitini təpikləyib öldürdülər… Polisin başına nələr gətirdilər?! Qırğızıstanda daxili işlər nazirinin halını hər kəs xatırlayır. Mən şəxsən ölkəmi o cür görmək istəmirəm. Hər kəsə – nazirə, vətəndaşa hörmət olunmasına, etdiyi xidmətə görə təşəkkür edilməsini, cinayətə görə məhz məhkəmədə ədalətlə cəzalandırılmasını istəyirəm. Çoxmu?

Ölkədə bir də Elçin Behbudov var. Hüquq müdafiəçisi. Qapıdan-darvazadan girməzin biridi. Amma hüquq-mühafizə ORQANlarına necə girib-çıxırsa, artıq onların üfunətli bəyanatlarını təkrarlayır. Deyir ki, əgər polis əməkdaşlarının Elvin Əsgərova işgəncə verdiyi aşkarlansa, lazımı tədbirlər görüləcək. Ilk dəfədir ki, Zakir Qaralovdan daha insafsız mövqe sərgiləyən birini gördüm, o da Elçin Behbudov. Adam bilmir nə desin, necə şərh eləsin.

Yadınızdadırsa, bu Elçin Behbudov müvəqqəti saxlama təcridxanasında mənə işgəncə verilməsi faktını gizləmiş, hətta mediada üzümə dirənməyə cəhd etmişdi. Amma mən ölməmişdim. Təsəvvür edin ki, dirinin üzünə keçən ölüyə nələr edər… Daha doğrusu, nələr etməz…