«Neftdən asılılıq riskləri hələ də qalmaqdadır və bu, böhran zamanı özünü aşkar büruzə verib»
Avropa Yenidənqurma və Inkişaf Bankı MDB ölkələri arasında 2011-ci ildə ÜDM-in ən aşağı artım tempinin Azərbaycanda olacağını proqnozlaşdırır. AYIB-in yenilənmiş hesabatında qeyd olunub ki, Azərbaycanda 2011-ci ildə ÜDM-in 3,5% artacağı gözlənilir. Bu da MDB ölkələri arasında ən aşağı göstəricidir. Belə ki, Belarus və Ukraynada ÜDM-in 4%, Moldova və Ermənistanda 4,5%, Rusiyada 4,6%, Qırğızıstanda 5%, Qazaxıstanda 5,5%, Tacikistanda 6,7%, Özbəkistanda 8,5%, Türkmənistanda isə 10% yüksələcəyi proqnozlaşdırılır.
AYIB-in proqnozlarına görə, digər postsovet ölkələri – Litva, Latviya, Estoniya və Gürcüstanda isə 2011-ci ildə iqtisadi artımın müvafiq olaraq 2,5%, 2,7%, 3,6% və 5% təşkil edəcəyi gözlənilir. Hesabatda qeyd olunub ki, Azərbaycanda neft və qaz hasilatının sabitləşməsi fonunda iqtisadi artımın azalması baş verib. Lakin qeyri-neft sektorunda artım gözləniləndən daha sürətli olub. ÜTT-yə üzvolma prosesinin canlanması fonunda struktur islahatları da müəyyən dərəcədə aktivləşib. AYIB ekspertlərinin fikrincə, Azərbaycan iqtisadiyyatının diversifikasiyası vacibdir, çünki neftdən asılılıq riskləri hələ də qalmaqdadır və bu, böhran zamanı özünü aşkar büruzə verib. Bununla yanaşı, qeyri-neft sektoruna xarici investisiyalar azalır.