«Çürük rejimlər çox çəkməyəcək»

 

Vəfa Quluzadə: «Ərəb aləmi çalxalana, orada xeyli sayda inqilablar baş verə bilər»

 

Tunisdə başlayan və hakimiyyət dəyişikliyi ilə nəticələnən etiraz aksiyaları artıq başqa ərəb dövlətlərini də bürüyür. Iordaniyanın bir neçə şəhərində təşkil edilən aksiyada nümayişçilər tunislilər kimi əziyyət çəkdiklərini bildiriblər. Artıq hökumətin devrilməsinə çağırışlar da edilir. Yəməndə də tələbələrin etiraz aksiyalarında inqilab çağırışları səsləndirilib. Etiraz aksiyalarının avtoritar rejimlərin hökm sürdüyü digər ərəb ölkələrini bürüyəcəyi də istisna edilmir. Tunis nümunəsi təkrarlana bilərmi?

 

Uzun müddət ərəb ölkələrində diplomat kimi fəaliyyət göstərən politoloq Vəfa Quluzadə bunun mümkün olduğunu istisna etmir. Ərəb ölkələrindəki mövcud rejimləri çürük adlandıran ekspert ərəb aləminin çalxalana biləcəyini deyir: “Misirdəki Hüsnü Mübarək rejimi xalis diktaturadır. Onun hakimiyyəti illərində ölkədə xalqın həyatının yaxşılaşdırılması istiqamətində heç bir iş görülməyib.  Bütün imkanlarını orda çox güclü olan və xalqın dəstəklədiyi ”Müsəlman qardaşları” təşkilatını tutub boğmağa sərf edib. Ona görə də Qərb Mübarəkə dəyməyib”.

Ekspert Misirdə islam inqilabının baş verə biləcəyini də qeyd etdi: “Misirdə xristianlarla son toqquşmalar kənardan təşkil edilə bilər. Çünki orda müsəlmanlar xristian koptlarla həmişə sülh içində yaşayıblar. Aralarında xırda narazılıq belə olmayıb. Görünür, Misirdə sünni inqilabı təhlükəsi var”.

Ekspert kral rejimləri olan digər ərəb ölkələrində də etirazların baş qaldıra biləcəyini deyir: “Iordaniyada, Ərəbistan yarımadasının digər ölkələrində kral rejimləridir. Britaniya imperiyası ərəb imperiyasını parçalayıb balaca ölkələrə çevirib ki, onlardan səmərəli istifadə edə bilsin. Ona görə də ərəb aləmi çalxalana, orada xeyli sayda inqilablar baş verə bilər”.

V.Quluzadənin fikrincə, bu məsələdə Amerikanın marağı əsas rol oynayır: “Bu inqilablarda ən əsas məsələ ABŞ-ın marağının nədən ibarət olmasıdır. Çünki Amerika başa düşür ki, bu çürük rejimlər çox çəkməyəcək. Nə qədər dəstək versələr də, bir gün bu partlayış olacaq”.

Hazırda Yaxın Şərqin burulğanı xatırlatdığını deyən ekspert bunun regionda böyük dəyişikliklərə və sarsıntılara səbəb olacağını qeyd etdi.

Fizzə