Gədəbəydəki ailə dramında polis izi

 

Özünü və ailəsini yandıranın yaxınları «Azadlıq»a təfərrüatları açıqladılar

Qəzetimizin əməkdaşı Gədəbəyin Zamanlı kəndində bir ailənin yandığı evdə oldu

 

Gədəbəydə baş vermiş bir ailənin dəhşətli faciəsi rayonda böyükdən-kiçiyə hamının müzakirə mövzusudur. Öncədən qeyd edim ki, Gədəbəyin Zamanlı kəndində yaşayan Hüseynovlar ailəsi yanvarın 20-də matəmə batdılar. 1975-ci il təvəllüdlü Ədalət Hüseynov öz evinə od vuraraq ailə üzvləri ilə birlikdə özünü yandırıb. Həkimlərin səylərinə baxmayaraq o, xəstəxanada ölüb. Həyat yoldaşı Hakimə Hüseynova, övladları Tural və Tapdıq isə hazırda Bakıda 5 saylı xəstəxanada müalicə olunurlar.

Çox uzaqlarda bir kənd var…

Hadisənin təfərrüatını öyrənmək məqsədilə Zamanlı kəndinə getdim. Bakıdan Gədəbəyə 8 saata, rayonun mərkəzindən 60 km-lik uzaqlıqda olan Zamanlı kəndinə isə 3 saata getməli oldum. Gədəbəyin ən məşhur Saratovka, Şınıx kəndlərini keçdim…

Uzun məşəqqətlərdən sonra Zamanlıya çatıram. Məlum olur ki, dünyayla faciəvi şəkildə vidalaşan Ədalət Hüseynov üçün yas məclisi yoxdur. Işin maraqlı tərəfindən biri odur ki, sözügedən kənddə kimsəsiz insan belə dünyadan köçəndə, camaat toplaşıb ona yas tutur, mağar qurur. Amma bu, Ədalətə nəsib olmayıb. Baxmayaraq ki, onun qohum-əqrəbası da elə həmin kənddə yaşayır. Dost-tanışla söhbət zamanı aydın oldu ki, kəndin sakinləri olayın şokundan çıxmayıblar. Özlərini itirmiş kimi görünürlər. Ədaləti yaxınlıqdakı qəbiristanlıqda dəfn ediblər. Əmisi oğlu Zöhrab Hüseynov isə evində kiçik bir məclis qurmağı bacarıb. Bununla da iş bitib. Hadisənin necə baş verdiyini öyrənməyə çalışıram. Deyir ki, qaz olmadığından kəndin bütün camaatı meşədən odun qırmaqla evini isidir: “Təkcə Zamanlıda yox, bütün ətraf kəndlərdə hamı meşədən odun qırır”.

Müsahibimin sözlərinə görə, meşədən odun qırmaq üçün bilet almaq lazımdır: “Biletin qiyməti 30-50 manatdır. Hamı işsizdir, ona görə də camaat bilet almadan meşəyə gedir. Bunu da hamı bilir”.

“Hamımız Ədalətin gününə düşəcəyik”

Zöhrab deyir ki, Rüstəm adlı meşəbəyi də qanunsuz odun qırıb satır: “Sonra da öz əməlini ört-basdır etmək üçün bir nəfəri yaxalayıb, bütün işləri onun üstünə atırlar. Ədaləti də belə tora saldılar”.

Onun sözlərinə görə, Ədalət kimi çoxları bu özbaşınalığın qurbanı olub: “Amma çoxları buna dözə bilib. Çünki onların mal-qarası olub, satıb canlarını qurtara biliblər. Amma əmim oğlunun buna imkanı çatmayıb”.

Gədəbəy Rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Vasif Nəbiyev mətbuata açıqlamasında Ə.Hüseynovun qanunsuz ağac kəsdiyinə görə bir neçə dəfə cərimə olunduğunu deyib: “Meşə dövlət əmlakıdır, Ədalət Hüseynov dövlət əmlakını mənimsəyir, aparıb satırdı. Hətta satmaq deyil, yandırmaq üçün gətirəndə belə, sənədi olmalıdır, pulu ödəyib gətirə bilər. Yerə tökülən quru ağac da dövlətin əmlakıdır, onu qapıya gətirmək üçün dəyəri ödənməlidir”.

Ə.Hüseynov haqda 2 sentyabr 2010-cu ildə Cinayət Məcəlləsinin 259.1-ci (qanunsuz ağac kəsmə) maddəsi ilə 54372 saylı cinayət işi başlanıb.

Qonşular deyir ki, Ədalət Hüseynov çox kasıb olub: “Qışın sərt vaxtında evdə donmamaq üçün meşədən odun gətirib yandırıblar. Meşə idarəsinin əməkdaşları buna görə Ədaləti 1000 manat cərimə ediblər. Bir inəyi olub, onu bazara çıxarıb 600 manata satıb və cərimənin 500 manatını ödəyib. 500 manatı isə ödəyə bilməyib. Bundan sonra polis şöbəsi və meşə idarəsinin əməkdaşları hər gün Ədalətin yaşadığı evə gəliblər, cərimənin qalan hissəsini tələb ediblər. Ədalətə hədə-qorxu gəliblər, ailəsinin yanında onu təhqir ediblər. O da bezərək bu hadisəni törədib”.

Zöhrab bildirir ki, üç uşaq atası olan Ədalətə indiyə kimi sosial yardım verilməyib: “Dəfələrlə aidiyyəti orqanlara müraciət edib, heç kimdən müsbət cavab almayıb. Belə bir vəziyyətdə o nə etməlidir?! Məcburdur hamı kimi meşədən odun qırıb satsın ki, ailəsini dolandırsın. Onsuz da meşənin sərvəti tükənmək üzrədir. Bundan sonra nə edəcəyik, orasını bilmirik. Məcburuq ki, buranı tərk edək. Əks halda hamımız Ədalətin gününə düşəcəyik”.

Rüstəm Zal axtarışında…

Meşəbəyi Rüstəmi axtarmaq qərarına gəlirəm. Nə qədər çalışsam da onunla görüşə bilmirəm. Kəndin sakinləri deyir ki, onunla telefonla da əlaqə saxlamaq mümkün deyil: “Kim zəng etsə, dəstəyi qaldırmır. Ona görə hamı onun nömrəsini telefonundan silib”.

Hadisənin tək şahidi olmuş Mətləb Qasımov kəndin işığına nəzarət edir: “Bildiriş paylamaq üçün Ədalətin evinə sarı gedəndə gördüm ki, ev alovlanıb. Tez içəri daxil oldum. Uşaqlardan birinin paltarını söndürə bildim. Yoldaşına da kömək etdim. O biri uşaq isə özünü itirdiyindən bayırda o tərəf, bu tərəfə qaçırdı. Sonda özünü qarın üstünə atdı. Ədaləti tamam halsız vəziyyətdə gördüm. Ən pis gündə o idi”.

Ədalətin qaynı Səyyad Hümmətov isə baş verən olay haqda ətraflı bilgiyə sahibdir. Onun sözlərinə görə, hadisədən iki gün öncə polislər onun evinə gəlib qapısını qıraraq Ədaləti aparıblar: “Hadisə yoldaşının və uşaqlarının gözü qarşısında olub. Döyə-döyə, təhqir edə-edə rəhmətliyi evdən çıxarıblar. Üstəlik, imkan da verməyiblər ki, əyninə qalın paltar geyinsin. O, bundan əvvəl də dəfələrlə təhqir olunub. Söz götürən adam deyildi. Məcbur olub belə addım atıb”.

Kənd sakinləri deyir ki, meşədən odun qırmağa görə kəndin çox adamı Ədalət kimi təhqir olunub, döyülüb: “Hər kəs bir adla cərimələnib. Ümumiyyətlə, qanunsuzluqlar burada baş alıb gedir”.

“Ədaləti çılpaq vəziyyətdə maşına apardılar”

Ailədən yalnız Nigar sağ-salamatdır. Özü deyir ki, hadisə baş verən zaman o, qonşuluqda olub. Yalnız bunu dedi və otağına sarı getdi…

Ədalətin həyat yoldaşı Hakimə Hüseynova “Yeni Müsavat”a açıqlamasında deyib ki, polislər onları bezdirdiyi üçün ailə belə bir faciə ilə üzləşib: “Ədaləti meşədən odun gətirdiyinə görə 1000 manat cərimələdilər. Yaşar adlı polis əməkdaşı Şəmkirdən olan bir polislə birlikdə sentyabrdan başlayaraq demək olar ki, hər gün evimizə gəlirdi. Ötən il dekabrın 28-də səhərə yaxın 5-6 polis əməkdaşı qapının cəftəsini sındırıb içəri girdi. Hamısı sərxoş idi. Onlar yoldaşımı damdan döyə-döyə düşürtdülər. Polislər Ədaləti çılpaq vəziyyətdə maşına apardılar. Yanvarın 19-da axşamtərəfi saat 5-də evə gəldi. Həmin gecə yatmadı. Yanvarın 20-də isə saat 16:00 radələrində yemək yeyəndən sonra bayıra çıxdı. Pilləkəndə onunla rastlaşdım. Dedi ki, polislər zəng edərək deyiblər ki, yanvarın 25-nə kimi qalan pulları ödəsin. Ayın 25-də məhkəmə başlayırdı. Çox təlaşlı idi. Ona demişdilər ki, pulu verə bilməsə, ona 1 ildən 2 ilə qədər iş verəcəklər və gedib türmədə öləcək”.

Bütün bunların şahidi olmamaq üçün o, evini yandırmaq qərarına gəldi.

Hüseynovların evində də oldum. Ev tamamilə yararsız hala düşüb…

***

Ədalət illər boyu ƏDALƏT istəyib. Nədənsə ƏDALƏT ona gəlib çatmayıb. Dəfələrlə döyülüb, təhqir ediləndə nə vaxtsa onun Zamanlıda hakimi-mütləq olacağına inanıb… Bilmək olmaz o kənddə hələ neçə Ədalətlər ƏDALƏT hissini itirmiş insanların qurbanına çevriləcək. Çünki ƏDALƏT olmayan yerdə o adı daşıyanlar heç vaxt ƏDALƏTLI yaşaya bilməyəcəklər…

Ramin DEKO,

Bakı-Gədəbəy-Zamanlı-Bakı