Fələstini qarışdıracaq dosye yayımlandı

 

“Əl-Cəzirə”:“Fələstin Şərqi Qüds iddialarından imtina etməyə hazır olub”

 

“Ərəb dünyasının CNN”-i kimi tanınan Qətərin “Əl-Cəzirə” kanalı Fələstin-İsrail danışıqlarına dair gizli dosyeni açıqlayıb. Məxfi məlumatlarda yazılanlara görə, muxtariyyət hakimiyyəti 2008-ci ildə İsrail ilə aparılan danışıqlarda bütün Şərqi Qüdsə olan iddialarından imtina etməyə hazır olub.

Telekanalın məlumatında bildirilir ki, danışıqlarda iştirak edən Fələstin nümayəndə heyəti bir sıra güzəştlərə getməyə, o cümlədən Şərqi Qüds ərazisində salınan bütün yəhudi məskənlərinin qanuniliyini tanımağa hazır olduğunu bəyan edib. “Biz sizə yəhudi tarixində ən böyük Yeruşalaim təklif edirik”, – deyə Fələstin nümayəndə heyətinə başçılıq edən Əhməd Kurei söyləyib.

Bundan əlavə “Əl-Cəzirə”nin məlumatında Fələstin nümayəndə heyəti hər il 10 min nəfər olmaqla yalnız 100 min fələstinli qaçqının 10 il ərzində İsrailə qayıtmasına razılıq verib. Muxtariyyət təmsilçiləri İsrail ərazisinə qayıtmaq hüququ 1948-1949-ci illərədək orada yaşayanların hamısına, həmçinin onların xələflərinə şamil edilməli olduğunu bildirib.

“Əl-Cəzirə”nin yayımladığı məxfi məlumatda ən maraqlı hissə isə Qəzza zolağında aparılan hərbi əməliyyatlarla bağlı olub. Xatırladaq ki, tərəflər arasında aparılan danışıqlar 2008-ci ilin sonunda dayandırıldı və İsrail Qəzzada hərbi əməliyyatlara başlamışdı. Telekanalın məlumatına görə, İsrail Fələstin Muxtariyyəti və onun prezidenti Mahmud Abbası şəxsən öncədən Qəzza Zolağında aparılacaq əməliyyatlar barədə xəbərdar edib.

2010-cu ildə İsrail ilə danışıqlarda iştirak edən Fələstin nümayəndə heyətinin rəhbəri Saeb Ərəkat “Əl-Cəzirə”nin efirində səsləndirilən bəyanatları uydurma adlandırıb.

Yaxın Şərq regionu üzrə araşdırmaçı ekspertlər “Əl-Cəzirə”nın yaydığı məlumatların bölgədə gərginliyi artıracağını söyləyib. Onların sözlərinə görə, Mahmud Abbasa və onun hökumətinə müxalif olan qüvvələr, xüsusən də “HƏMAS” qruplaşması yayılan məlumatlardan kompromat kimi istifadə edəcək. Bunların da bölgədə müvəqqəti təmin edilmiş həm siyasi, həm də hərbi sabitliyi pozacağı istisa olunmur.

 

İnformasiya şöbəsi