İnqilab

 

Karl Marks yazırdı: “Avropada bir kabus dolaşmaqdadır – kommunizm kabusu”.

Bilmirəm, Marksın bu kəlamındakı “kabus” sözü indiyə kimi kiminsə diqqətini çəkibmi, çəkməyibmi.

Azərbaycan dilinin izahlı lüğətində sözün mənası belə verilib: “Qorxulu yuxu, dəhşətli yuxu. // Xəstə təxəyyüllü və ya mistikaya qapılmış adamın gözünə görünən şey, xəyalən təsəvvürə gələn surət”.

Marks nədən öz sevimli kommunizmini qorxulu yuxuya bənzədirdi? Nədən onu xəstə təxəyyüllü və ya mistikaya qapılmış adamın gözünə görünən şey, xəyalən təsəvvürünə gələn surət hesab eləyirdi?

Marks özünü mistikaya qapılmış adammı sayırdı, ya xəstə təxəyyüllü? Axı daban-dabana zidd olan iki söz bir cümlədə nə üçün işlənmişdi? Mənə elə gəlir ki, Marks lap başdan nələrin törəyəcəyini, necə dəhşətlərin baş verəcəyini, kommunizmin bəşər tarixində oynayacağı amansız rolu qabaqcadan bilirdi və bunu ilk andanca kabus adlandırırdı. Bəli, kommunizm zəmini olmayan qorxulu bir yuxu idi.

O “dəhşətli yuxu” hələ də xalqların, dünyanın canından çıxmayıb. Hələ də bütöv uluslar, ölkələr o yuxunun təsirindən ayıla bilmir, qarabasmalar içində can verirlər. O ölkələrdən biri də Azərbaycandı.

Indi yenə bir kabus dolaşmaqdadı. Lakin Avropada deyil. Bütün dünyada. Və bu kabusun adı kommunizm də deyil. Sadəcə, inqilabdı.

Məncə, 2010-cu il XXI əsrin gerçəkdən başladığı ildi. Yeni əsr bu ildən başlayır. Bəşəriyyət bu ildən özünü XXI əsrin insanı kimi hiss eləməyə başlayır.

“Orta əsrlər” birdəfəlik olaraq can vermədə. Yeni çağın adamı artıq özünü əski çağda görməkdən, özüylə feodal təbəəsi kimi davranmalardan cana doyub. Indi sözün tam mənasında kimsə köhnə qayda ilə yaşamaq istəmir. Rusiyanı görən azərbaycanlı öz ölkəsindən iyrənir, Avropanı görən Rusiyadan.

Dünyanın sahibi Yaradan ola-ola hər şeyi insanların malı eləyib. Bir ölkədə taxta çıxan və hətta taxta saxta çıxan öləri şəxslərinsə, o ölkənin altını-üstünü talamayınca, tək öz ailəsinin malı halına gətirməyincə ürəkləri soyumur və var-dövlət, hakimiyyət hərisliyinə qapılıb nə zalımlıqlara, amansızlıqlara getmirlər?!

Yeni əsrin insanı isə daha kölə kimi, artıq-urtuqla dolanan qullar kimi yaşamaq istəmir. Dünyanı inqilab alovları bürüyüb.

Bütün dünya demokratiya yolunda qan verir, can verir və sonunda məqsədlərinə çatır. Onların ürəyində olan təpəri, azadlıq eşqini, hürr yaşamaq istəyini təbiət dəyərləndirir və dəyərləndirəcək də. O ölkələrin vətəndaşları bir daha feodalizmə dönməyəcək, ailə-tayfa-klan səltənətlərinin ayaqaltısı olmayacaqlar, onlara sitəm verib, xoş gün-güzəranlarını əllərindən almış şahlara yalandan əl çalıb, alqış deməyəcəklər. Insan kimi çalışacaqlar, qazanacaqlar, öz istədikləri siyasətçini başlarına gətirəcəklər və ümidlərini doğrultmasa, özləri də iqtidardan düşürəcəklər.

Mən bilirəm. Bilirəm ki, dünyada ən son inqilab bizim ölkədə olacaq. Bu inqilab Azərbaycan insanının XXI əsr insanı olmaq kimi zəkasından doğmasa da, olacaq. Biz həmişə “başqaları bizim haqda nə düşünər” deyə həyatını, davranışını quran xalq olmuşuq. Barı bir dəfə mənasız mental kimliyimiz işimizə yarayacaq. Bu toplum, bu xalq dünyanın bütün dövlətlərinin orta çağdan, feodalizmdən qurtulduğunu görəcək və ən azı, utandığına görə tərpənəcək, ağır-ağır və qəfildən qan yaddaşı oyanacaq, şirə dönəcək. Inanıram ki, bu ölkədə baş verəcək inqilaba dünya ilk dəfə şahidlik eləyəcək. Çünki bizim köləlik tariximiz hamıdan qədimdi. Azad yaşamaq hamıdan çox bizim haqqımızdı!

Dünyada bir kabus dolaşır…