Bioqrafiya faktoru

Sən demə, sən demə, sən demə… Azərbaycanın Rumıniya ilə Serbiyadakı baş diplomatı “türk” imiş, özü də elə-belə “türk” deyilmiş, “türk oğlu türk” imiş. Sensasiya! Doğrudan sensasiya! Sensasiya görsənişini doğuran nədir? Sözü gedən baş diplomatın adı, soyadı. Ad-soyad belədir: Eldar Həsənov. Bu adam bu günlərdə qəzetlərin birinə çıxıban bildirib: “mən türkəm, türk oğlu türkəm”.

Adamın yadına bir neçə il qabağın oxşar görsənişi düşür. Əliyevlər dönəminin “ömürlük” müdafiə naziri S.Əbiyevlə bağlı xırdaca bir problem yaranmışdı. Onda deputat V.Əhmədov arxadaşını qorumaq üçün uca səslə bildirdi: “Səfər Əbiyev türk oğlu türkdür”. Beləcə, adamlar illərlə antitürk rejiminə qulluq edir, çətinə düşəndə bütün əngəlləri aşaraq “türk oğlu türk” olurlar. Yazıq Türk!

Indi elə bir problem E.Həsənovla bağlı yaranıb. Adam necə qorxubsa, tez-tələsik özünü “türk oğlu türk” adlandırıb. Baş diplomat olaraq Azərbaycana deyil, Əliyevlərə qulluq missiyasını üzərinə götürən, bu yolda xeyli yetənəklər qazanan E.Həsənov böyük bir qorxu ilə üzləşib. Qorxu nədən yaranıb? Turqut Ərin bəlli kitabındakı bir epizoddan: “Bu da baş prokuror Eldar Həsənovun, prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovun və başqa rəsmilərin kürdlərlə ilişkili olması ilə bağlı bizdəki şübhələri doğruldurdu. Artıq isbat olunmuşdu ki, bu şəxslərin PKK ilə sıx ilişkiləri var. Çeşidli inanılmış qaynaqlardan əldə etdiyimiz bilgilər də Azərbaycan hakimiyyətinin PKK və kürdçü örgütlərlə sıx əməkdaşlığının olduğunu göstərirdi”. Bunu yazan Turqut Ər, bildiyimiz kimi, elə-belə yazar, diplomat deyil, MIT-in (MIT – Türkiyə Güvənlik Qurumu) Bakıda çalışmış əməkdaşıdır!

Biz özünü “türk oğlu türk” adlandİran baş diplomatın doğru danışdığına sözsüz inanardıq, ancaq… ortada bir ayrı fakt var – onun “türk oğlu türk” olduğunu danan fakt. Bu, kimsənin, lap elə onun özünün də dana bilməyəcəyi bir faktdır – bioqrafiya faktı! Bəlli olduğu kimi, hər bir adam özü-özünün bioqrafiyasını, başqa cür desək, bioqrafiya faktını yaradır. Ən üstün güc olsa belə, kimsə kimsənin bioqrafiyasını dəyişə bilməz. Bunu bir kimsə özü də dəyişə bilməz. Eləcə də Eldar Həsənov adında indiki baş diplomat. “Indiki” diplomat E.Həsənov, bəs qabaqkı, baş prokuror E.Həsənov necə olsun?

Bilindiyi kimi, E.Həsənov qarabağlıdır. Ola bilsin, bu baxımdan o, özünü “türk oğlu türk” adlandırır. Ona qalsa, “Ermənistanın” indiki prezidenti, qarabağlı Serj Sərkisyan da, oxşar konyunktur maraqlardan çıxış etməklə, özünü “türk oğlu türk” adlandıra bilər – bu onun hüququdur. Ancaq bir iş var: günlərin bir günü nədənsə qorxaraq “mən türk oğlu türkəm” deməsi S.Sərkisyanın Xocalıda, Qarabağın ayrı-ayrı yerlərində törətdiyi türk qırğınları ilə bağlı suçlarını aradan qaldıra bilməz! Axı, bu, bioqrafiya faktıdır!!

Indiki baş diplomat E.Həsənovun adı, soy adı, atasının adı 1995-2000-ci illərdə əliyevçi diktatura rejiminin baş prokurorunun adı, soy adı, atasının adı ilə bütünlüklə üst-üstə düşdüyündən, ortaya bir sıra danılmaz faktlar çıxır. O illərin praktikasından da, Turqut Ərin kitabından da göründüyü kimi, bunlar Türkə, Türklüyə düşmənçilik sərgiləyən faktlardır. Eldar Hümbət oğlu Həsənov baş prokuror olaraq Azərbaycanda əliyevçi diktaturanın qurulub-bərkinməyində başlıca rol oynamış bir neçə bəlli fiqurdan biridir!

…Dünyanın ən amansız diktatorlarından olan Stalin Andrey Vışinskini 1935-1940-cı illər arası (oxşarlığa bax!) baş prokuror qoymuşdu. Stalinin bütün tapşırıqlarını artıqlamasilə yerinə yetirən Vışinski minlərlə, milyonlarla say-seçmə adamın ölümünə, tutulub dustaq edilməsinə qol qoymaqla Stalin diktaturasının qurulub-bərkinməyində başlıca rol oynamışdı. Stalin başlıca işini bitirəndən sonra özünün bu sevimli prokurorunu qorumaq üçün… diplomatik işə keçirmişdi!