«Analoqsuz inkişaf»ın yeyinti xərcləri
Öncədən deyək ki, ölkə iqtisadiyyatının “dünyada analoqu olmayan” səviyyədə inkişaf etməsiylə bağlı hakimiyyətin bəyanatları doğrudan da reallığı əks etdirir. Çünki Azərbaycanın iqtisadi gəlişməsi heç bir nəzəriyyə ilə tənzimlənmir, elmi-nəzəri bazası yoxdur, istiqaməti və perspektivləri müəyyənləşməyib. Iş o yerə çatıb ki, dövlətin baş ideoloqu Ramiz Mehdiyev də “analoqsuz inkişafın” tapılmayan elmi əsaslarından narahat oldu və “Inkişafın Azərbaycan modeli” terminini gündəmə gətirməklə mövcud iqtisadi vəziyyətə siyasi baxımdan bəraət verməyə çalışdı.
Çifayda: heç bir siyasi manipulyasiya iqtisadi pərakəndəliyi aradan qaldırmaq iqtidarında deyil. Azərbaycan hakimiyyətinin xırdalığına qədər açıqlamamasına baxmayaraq, ortada ümumi də olsa, konkret rəqəmlər var və bu statistikaya ötəri nəzər salmaq iqtisadi gələcəyimizin çox ciddi sual altında olduğunu bilmək üçün kifayətdir.
“Artan” büdcə
2011-ci il üçün dövlət büdcəsinin gəlirləri 12 milyard 61 milyon manat proqnozlaşdırılır. 2010-cu ildə bu rəqəmin 11 milyard 505 milyon olduğunu nəzərə alsaq, onda ötən ilə nisbətən büdcə gəlirlərinin 556 milyon artdığını düşünməliyik.
Ilk baxışda artım göz önündədir. Amma məsələ ondadır ki, ötən il Dövlət Neft Fondu tərəfindən büdcəyə 5 milyard 915 milyon transfert olunmuşdusa, bu il 565 milyon çox – 6 milyard 480 milyon köçürmə planlaşdırılır. Yəni, büdcədəki 556 milyonluq “artımın” 565 milyonu Neft Fondundan transfertin hesabınadır.
Başqa sözlə, bu il dövlət büdcəsi qətiyyən artmayıb, əksinə, 9 milyon manat azalıb.
Dünya praktikasında büdcənin əsas yükünü Vergilər Nazirliyi çəkir, dövlətlər vergi ödəyicilərinin hesabına iqtisadiyyatlarını inkişaf etdirirlər. “Inkişafın Azərbaycan modeli”ndə isə 2011-ci il üçün Vergilər Nazirliyinin büdcənin formalaşmasındakı payı 2,5 faiz azalaraq, 36,6 faizə enib. Bəla burasındadır ki, Vergilər Nazirliyinin topladığı 4 milyardlıq (oxucular üçün aydın olsun deyə, rəqəmləri maksimum yuvarlaq təqdim etməyə çalışırıq) verginin 40 faizindən çoxu, təxminən 1 milyard 600 milyonu da Neft Şirkətinin payına düşür. Neft Fondundan transferti bura əlavə etdikdə bəlli olur ki, 12 milyardlıq büdcənin 8 milyarddan artığı ölkənin təbii sərvətlərinin çiynindədir.
Yəni, Ilham Əliyev iqtidarı ölkənin inkişafı üçün heç bir şey etmir – yalnız bu xalqa Allahın lütfü ilə verilən təbii sərvətləri çıxarıb satmaqdan başqa!
Niyə, ölkə yalnız neftdən asılı olmalıdır? Niyə, çiçəklənən Azərbaycanda vergilərin çəkisi büdcədə fantastik dərəcədə azalmalıdır?
Sahibkarlığın məhvi siyasəti
Ölkədə iri və orta sahibkarlığın məhvi siyasəti 3 il öncə, 2008-ci ilin yanvar ayından start götürdü. Həmin dövrün mətbuatında da öz əksini tapdığı kimi, hakimiyyət 2008-ci ilin prezident seçkisinə qədər ölkədəki müstəqil sahibkarları türmələrə doldurmaqla onların bütün əmlakını ələ keçirdi və Səhmdar Cəmiyyətlər, zavod, fabriklər “Gilan”, “ZQAN”, “ATA”, “Akkord” və s. holdinqlərə birləşdirildi. Bu holdinqlərin kimlərin himayəsilə fəaliyyət göstərdiyi bəllidir və onlar təbii ki, “vergi ödəyənlər” qrupuna aid deyillər.
Digər fakt: Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2008-ci ilin 9 ayı ərzində (2010- cu ilin tam statistikası olmadığından, müqayisələri 3 rüblə məhdudlaşdırırıq) xarici ticarətlə 3660 hüquqi, 6388 fiziki şəxs (cəmi: 10 min 57) məşğul olub. 2009-cu ilin 9 ayında bu rəqəm müvafiq olaraq 3666 və 4246 (cəmi: 7912), 2010-cu ilin həmin dövründə isə 3279 və 3189-a (cəmi: 6468) doğru dəyişib.
Görünən nədir? Biznes fəaliyyəti ilə məşğul olanlar ilbəil azalır və 2 il müddətində fiziki şəxslərin sıradan çıxarılma sürəti 2 dəfəyə bərabərdir!
Ölkəyə mal aparıb-gətirən hüquqi və fiziki şəxslərin azalması inhisarçılığın əlamətidir. Inhisarlaşma sürətləndikcə isə ölkəyə daxil olan məhsullara görə gömrük rüsumunun ödənilməsi “tarifləri” dəyişir: oliqarxların himayəsində fəaliyyət göstərən şəxslərin gətirdiyi məhsulların çəkisi və qiyməti Gömrükdə həqiqi dəyərindən dəfələrlə az göstərilir, topdansatışda da vergidən yayındırılır və büdcəyə daha az vəsait ödənilir.
3 il öncə başlayan bu “inkişaf modeli” özünü çox gözlətmədi: əgər 2008-ci ilin dövlət büdcəsinin formalaşmasında Vergilər Nazirliyinin payı 52,9 faiz idisə, 2011-ci ildə bu rəqəm 36,6 faizə endi.
Sosial ödənişlərin faş etdiyi sirlər
Ötən il sosial müdafiə və sosial təminat sahəsinə dövlət büdcəsindən 1 milyard 123 milyon manat vəsait ayrılıb. Bu vəsaitin 500 milyondan çoxu “ünvanlı sosial yardıma”, qalanı isə Sosial Müdafiə Fondunun kəsirinin doldurulmasına xərclənib.
Sosial Müdafiə Fondunun kəsiri nədir? Yəni işləyən işçilərdən DSMF-yə köçürmələr edilir və yığılan bu vəsait təqaüdlərə, pensiya yaşlı insanlara sərf edilir. Sosial Müdafiə Fondunun xərcləri 2 milyarda yaxındır. 2011-ci ildə DSMF-nin 35 faizlik kəsiri nəzərdə tutulur ki, bu da təxminən 700 milyon manat edir.
Yəni, Sosial Müdafiə Fondu 2 milyardlıq xərcinin yalnız 1 milyard 300 milyonunu əhalidən toplaya bilir.
Maraqlıdır, niyə Sosial Müdafiə Fondunun yığımı bu qədər az olmalıdır?
Hesablayaq: Son 7 ildə 900 mindən artıq yeni iş yerinin açıldığı haqda bəyanatlar verilsə də, ümumilikdə Azərbaycanda nə qədər işçinin çalışmasıyla bağlı konkret rəqəm tapmaq çox müşkül məsələdir. Ona görə də bu rəqəmi 2 variantda öz hesablamalarımızla almağa çalışaq:
1) Statistika Komitəsinin məlumatına görə, 2009-cu il üçün (2010-cu ilin statistikası hələ hazır deyil) ölkədə 4 milyon 70 min məşğul əhali var. Bunlardan 700 mini fərdi qaydada işləyənlər, 30 mini dindarlardır ki, 730 min şəxsi ümumi rəqəmdən çıxıb 3 milyon 340 min işçi olduğunu təxmin etmək olar. Bu rəqəmə 2010-cu ildə “açılan” 70 min iş yerini daxil etmirik.
2) Ölkədə 5 milyon seçici yaşayır (bir daha qeyd edirik ki, rəqəmlər yuvarlaq götürülür). Bu isə o deməkdir ki, 18 yaşdan yuxarı əhalinin sayı da bu qədərdir. 5 milyondan 1 milyon 300 min nəfərini təqaüdçüyə, 200 minini həqiqi hərbi xidmətdə olanlara çıxsaq, 3 milyon 500 min nəfər işçi qüvvəsi alınır. Baxmayaraq ki, təqaüdçülərdən də işləyənlər və deməli, DSMF-yə ödəmələr edənlər az deyil – məsələn, Ramiz Mehdiyev nəsli pensiya yaşını çoxdan keçsələr də, aktiv işləməkdə davam edirlər – amma biz, “humanistcəsinə” rəsmi statistikaya jest edirik.
Prezident Ilham Əliyev 2010-cu ilin yekunlarına həsr etdiyi müşavirədə bildirdi ki, ölkədə işsizlik problemi “tədricən həll edilib” (!), kasıblığın səviyyəsi isə 9,6 faizə endirilib.
Biz növbəti jesti edib 9,6 faizi də “işsiz” kimi 3 milyon 500 minlik əhalidən çıxırıq və alınan rəqəmi 3 milyon 150 min nəfərə endiririk.
Bu rəqəmi də yuvarlaqlaşdırıb, 3 milyonun üstündə dayansaq, yəqin ki, ən qatı inkarçının da ittihamlarından qurtulmuş olarıq.
Ölkədə orta aylıq əməkhaqqının 300 (səhih rəqəm: 296) manat, Dövlət Sosial Müdafiə Fonduna ayırmaların isə 25 faiz (22 faiz işəgötürənin, 3 faiz işçinin olmaqla) olduğunu nəzərə alsaq, demək, bir ayda hər işləyən şəxsin DSMF-yə 75 manat ödədiyini təxmin edə bilərik.
3 milyonluq işçinin ödədiyi məbləğ bir aya 225, bir ilə isə 2 milyard 700 milyon pul edir.
Yuxarıda dedik ki, DSMF-nin illik xərci 2 milyarddır (səhih: 1 milyard 970 milyon). Bəs, DSMF-nin vəsaiti 700 milyon artıq qalmaq əvəzinə, niyə 700 milyon əskik gəlir və dövlət büdcəsi hesabına kəsiri bağlanır?
Yalanlar kimə lazımdır?
Indi həmin hesablamanı tərsinə aparaq: DSMF-nin illik gəliri 1 milyard 300 milyon, hər işçinin orta aylıq əməkhaqqı (300 manatın 25 faizi ayda 75, ildə 900 manat edir) nisbətində Sosial Müdafiəyə ödənişi 900 manatdırsa, biz DSMF-nin gəlirini bu rəqəmə bölüb ölkə üzrə işçilərin sayını müəyyənləşdirə bilərik: cəmi 1 milyon 440 min!
Statistikaya görə, dövlət idarəetməsində 277, təhsildə 347, səhiyyədə 185 min işçi çalışır, 900 min iş yeri də yenicə açılıb: təxminən 1 milyon 700 min iş yeri edir!
Əgər Heydər Əliyev 2003-cü ilə qədər vətəndaşlar üçün bircə gilə iş yeri açmayıbsa və Ilham Əliyev 7 ildə ölkəni sıfırdan qurubsa belə, yenə də rəqəm 260 min çox çıxır! Sosial Müdafiəyə ödəmələr yoxdur, ya iş yerləri? Bəlkə, orta aylıq əməkhaqqının 300 manat olması cəfəngiyyatdır?
Bunlar təbii ki, cəfəngiyyat deyil: ölkənin düşünülmüş surətdə çökdürülməsi, məhv edilməsidir!
“Və sair xərclər”lə talan!
Ötən il 11 milyard 505 milyon nəzərdə tutulsa da, büdcə kəsirdə qalıb və 11 milyard 402,5 milyon gəlir əldə olunub. 11 milyard 400 milyonluq (yuvarlaq!) vəsaitin tam 4 milyard 147 milyonu tikintiyə xərclənib!
Hər il büdcənin təxminən 40 faizinin – Ilham Əliyevin oxuduğu məktəbin təmir edildikdən sonra rekonstruksiya işləri aparılmasına, sonra da sökülüb təzədən tikilməsinə; prezidentin bəyənmədiyi yeni iqamətgahının yarımçıq saxlanılan inşaat işlərinə; 3 aydan bir təmirə dayanan yol ötürücülərinə və magistral yollara xərclənməsi nə deməkdir, bilirsinizmi?
Bu il hərbi xərclər də 3 milyard dollara (2,4 milyard manata) qaldırılıb. Açıqlanmayan, gizli saxlanılan xərclər var ki, büdcədə “və sair xərclər” sırasına daxildir. “Və s.”-ə hörmətli hakimiyyət nə qədər vəsait nəzərdə tutsa yaxşıdır? 1 milyard 400 milyon!
4 milyard sosial tikinti, 2,4 milyard hərbidəki tikinti və 1,4 milyard “və s.” – 8 milyard vəsait deməkdir.
Yuxarıda xatırlatdıq ki, Neft Fondundan transfert və neftdən gələn vergi büdcənin 3/2-sini təşkil edir: 8 milyard manat!
Ilham Əliyev iqtidarı görünən bu vəsaiti qəpiyinə qədər büdcədən çıxarır – hələ görünməyən, yazılmayan başgicəlləndirici rəqəmlərdən danışmadıq!
Bir hakimiyyət ki, 1 milyard 400 milyonluq vəsaiti “və s.” hesab edəcək səviyyədə ola, onun büdcəyə və xalqa münasibətini təsəvvür etmək çoxmu çətindir?