Azərbaycanın Prezident Administrasiyasında belə düşünürlər ki, inqilab yalnız göysatanların öldürülməsi ilə başlayır
“Azərbaycan müxalifəti yandırmağa göysatan axtarır…” – bu sözlər Prezident Administrasiyası ictimai-siyasi şöbənin müdiri Əli Həsənova məxsusdur. Əli Həsənov tamamilə doğru buyurur. Azərbaycanla Tunisi yalnız bir yandırılmış göysatan cəsədi fərqləndirir. Amma bu göysatanı kimlərsə yox, məhz onun özü yandırmalıdır.
Əli Həsənov düz onluğa vurub. Yəni, demək istəyib ki, Azərbaycanda əslində, inqilab olmalıdır, sadəcə, özünü yandıran bir göysatan lazımdır ki, onu da axtarıb tapmaq müxalifətin işidir.
Bu arada bir neçə iqtidar təmsilçisi tələm-tələsik bəyan etdi ki, Tunisdən fərqli olaraq, Azərbaycanda həyat səviyyəsi yüksəkdir, buna görə də burada inqilab-filan ola bilməz. Bu bəyanatlar o baxımdan diqqəti oynadır ki, sanki Tunis inqilabını Tunis prezidenti və ya Tunis Prezident Administrasiyasının məsul şəxsləri sifariş veribmiş.
***
Tunis hökuməti, eynən Azərbaycanda olduğu kimi, bütün səylərlə Qərb dövlətlərinə demokratiya imitasiyaları nümayiş etdirir, Qərb də “strateji partnyorluq” adı altında Tunis diktatoru ilə sıx əməkdaşlıq edirdi. Tunis diktatoru ictimai tənqidin bütün görsənişlərinə qarşı çox aqressiv münasibət göstərir, qeydə alınmış partiyaların qanuni fəaliyyətini inzibati qaydada məhdudlaşdırırdı. Kütləvi informasiya vasitələri dövlət terroru və şantajı qarşısında özünüsenzuraya məcbur edilmişdilər. Qəzetlərin əksəriyyətində Ben Əlini mədh edən yazılar çıxır, birinci səhifələrdə onun nəhəng şəkilləri dərc edilirdi. Rəsmi təbliğat müxalifətin sosial bazasının tükəndiyini, adamların həddən artıq yaxşı həyata görə müxalifətdən üz döndərib iqtidarı dəstəklədiklərini vurğulayırdı. Prezident özünün bütün çıxışlarında xüsusilə vurğulayırdı ki, ölkədə yoxsulluq, demək olar, ləğv edilib, hər il yüz minlərlə yeni iş yerləri açılır.
Ölkənin hər yerində Ben Əlinin sitatları və portretləri asılmışdı. Hətta yeni tikilmiş Aeroporta da onun adı verilmişdi.
İdman şəhərcikləri üçün milyardlar
Tunisdə iqtisadiyyatla “davranış” qaydaları da Azərbaycandakından heç fərqlənmir. Əhalinin minimum yaşayış ehtiyaclarının təmin olunmadığı bu ölkənin layihələrinə ötəri nəzər salın:
– Tunisin cənubunda yeni şəhər tikintisi – 25 milyard ABŞ dolları;
– Paytaxtın yaxınlığında idman şəhərciyinin tikintisi – 5 milyard ABŞ dolları;
– Aralıq dənizi sahilində Maliyyə Mərkəzinin tikintisi – 3 milyard ABŞ dolları;
– Tunis şəhər Telekommunikasiya Mərkəzinin tikintisi – 3 milyard ABŞ dolları və sairə.
Hökumət əhalini festivallarla “yemləyir”
Hökumətin yalançı “rifah raportları”nı əsaslandırmaq üçün bayramlar da təşkil etmək lazım gəlirdi (Azərbaycandakı el şənlikləri və elitar festivallarla müqayisə edin).
– Mart ayında keçirilən Matmata festivalı;
– Aprel ayında keçirilən ənənəvi Orilcazz festivalı;
– Ərəb poeziyası festivalı (aprel);
– Beynəlxalq bahar festivalı (aprel);
– Karfagen caz festivalı (aprel);
– Beynəlxalq Tozeer Vadisi festivalı (dekabr);
– Texno Ev festivalı (dekabr);
– Dep Sebastyanın opera festivalı (dekabr);
– Ənənəvi Saxara bayramı (dekabr) və sairə.
Tunisin gündəlik 97ÿ600 barrel neft hasilatından gələn gəlirlər bu iri və əyləncəli layihələr yolu ilə mənimsənilir, əhali isə 85 dinar təqaüdə otuzdurulurdu.
Prezident Ben Əli ölkədə idmanın və bədən tərbiyəsinin inkişafını şəxsən öz diqqəti altında saxlayır, olimpiya çempionlarına və sair idman yarışlarının qaliblərinə mükafatları da şəxsən öz əli ilə təqdim etməyi xoşlayırdı.
Inqilabdan əvvəl Tunis belə idarə olunurdu. Tunisin Azərbaycanla oxşar cəhətlərinin nədən ibarət olduğunu dəqiqləş- dirmək oxucuların işidir. Bəlkə, Azərbaycan, ümumiyyətlə, fərqlidir?
***
Göysatanın özünü yandırması ilə başlanan inqilab bu hoqqabazlıqlara son qoydu. Tunisin müvəqqəti hökuməti indi vətəndaşları inandırmağa çalışır ki, bu hoqqabazlıqlara həm də birdəfəlik son qoyulub.
Hər halda, keçmiş diktatorun və onun yaxın ətrafına daxil olan hər kəsin, hətta ehtimal edilən bank hesabları da dondurulub. Prezidentin yaxın ətrafını təşkil edən 33 nəfər isə artıq həbs edilib.
Azad