Tapança bazarı – 2

 

Dünən Daxili Işlər Nazirliyində 2010-cu ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib və Isa Qəmbəri barmağını sındırmaqla hədələyən polisin naziri Ramil Usubov hesabat məruzəsi ilə çıxış edib.

Rəqəmlərlə dolu olan bu məruzələrə hər il böyük maraq göstərirəm. O rəqəmlərin arasında çox incə mətləblər tapılır. Düzdür, onlar heç də həqiqəti tam əks elətdirmir, çünki çox cinayətlərin və qanun pozuntularının üstü elə yerindəcə xahişlə, rüşvətlə, min bir minnətlə basdırılır və ölkədəki bütün rəqəmlər kimi, rəsmi dövlət statistikası kimi, onlar da gerçəklikdən xeyli uzaq olur. Kriminal statistikada polis orqanlarının ən böyük önəm verdiyi rəqəm cinayətlərin açılması ilə bağlıdır, amma bu da tam gerçək olmur. Açılması az güman edilən bir çox qanun pozuntuları, xırda oğurluqlar və s. əməllər bilərəkdən qeydiyyata alınmır ki, cinayətlərin açılma faizinə təsir etməsin.

Bənzər proseslər təkcə polisin işində deyil, bütün sahələri ağuşuna alıb, iqtisadiyyat, təhsil, səhiyyə və s. rəqəmlər bəlkə bundan da betər gündədir. Bu ilin bəzi rəqəmləri artıq yayılıb və mənim diqqətimi ilk olaraq qanunsuz odlu silahlarla bağlı rəqəmlər çəkdi. 2010-cu ildə polis orqanları tərəfindən əllərdə qanunsuz saxlanılan 873 odlu silah və 60 mindən çox patron götürülüb, qanunsuz odlu silah saxlama və daşıma cinayətlərinə görə 108 nəfər məsuliyyətə cəlb olunub. Hər il bu rəqəmlər açılır və bəlli olur ki, bir ucdan silahlar yığılır və yığılıb qurtarmaq da bilmir.  Onların yığılması yaxşıdır, bəs onlar ölkəyə haradan daxil olur, əllərə necə düşür?

Bu ölkədə tapançadan bəzən elə danışırlar, guya bizim uşaqların “Kitay” istehsalı olan silah oyuncaqlarından söhbət gedir. Neft Akademiyasındakı qanlı faciəyə qədər tapançını az qala silah saymırdılar. Amma gördünüzmü gicbəsərin biri cəmi bir tapança ilə nələr törətdi. Zaman göstərdi ki, həmin tapançalardan (həmçinin qeyri-tapançalardan) heç kim sığortalanmayıb. Generallar da, jurnalistlər də, tələbələr də…

Cinayət işlərinin, məhkəmə çəkişmələrinin sənədləri də sübut edir ki, silahlar ölkəyə kənardan da gətirilir, üstəlik, haradan olmasına baxmayaraq onu daxili “bazar”da da almaq olur. Axtaran tapır. Bəs niyə?

Niyə Fərdanın Neft Akademiyasında adamları öldürdüyü silahın ölkəyə daxil olması məsuliyyəti üzə çıxmadı? Niyə bu illərdə biz qanunsuz silah alverçilərinin şəbəkələrinin zərərsizləşdirilməsi ilə bağlı əməliyyatları və məhkəmə proseslərini görə bilmirik.

Hazırda Islam Partiyası fəallarının və dindarların evlərində “parta-part”la silahlar tapılır. Təbii ki, bunları tapılan yerlərə elə hüquq-mühafizə orqanlarının qoyduğu heç kimdə şübhə doğurmur. Amma indiyəcən izah verən yoxdur ki, bu silahlar haradan daxil olub, onlar necə adamların əlinə düşür? Evlərdə avtomat və tapança istehsal edirlər məgər?

Siyasi həbslərin həyata keçirilməsi zamanı hüquq-mühafizə orqanlarının evlərə, ofislərə atdığı silahlar istisna etmir ki, əllərdə qanunsuz silahlar yoxdur. Odlu silahlardan istifadə edilərək həyata keçirilən cinayətlərin xüsusi çəkisi kifayət qədər böyükdür. Üstəlik, qanunsuz silahlar nə qədər yığılsa da, onlardan istifadə halları, onların vasitəsi ilə cinayətlərin törədilməsi halları azalmaq bilmir. Deməli, onlar əllərdə kifayət qədər var, çox və az yığılmasından asılı olmayaraq. Onlar əllərdə varsa və kifayət qədər istifadə edilirsə, deməli, onların bazarı da boldur…

Hələlik müsadirə edilən 60 min tapançanın əhatəsini təsəvvür etməyə çalışın. Sizcə, onlar azmı insanın ölümünə səbəb ola bilər?!