Sərkərdə qoçaq olsa…

 

Akif Fətəliyev: «Siyasətçilər bizə mane olmasaydı Xankəndini ermənilərdən təmizləyəcəkdik»


 

“Qoy hamı eşitsin və bilsin. Mən natiq deyiləm. Odlu-alovlu nitq yapmaqdansa, döyüş meydanlarına atılmaq daha rahatdı. Mən siyasətçi də deyiləm. Ona görə də torpaqların siyasi yollarla, sülh danışıqları vasitəsi ilə geri qayıdacağına da inanmıram. Uzun illərin təcrübəsi də göstərir ki, haqlıyam. Dua oxumaqla donuz xırmandan çıxmadığı kimi, ermənilər də dinc yolla Qarabağdan rədd olası deyil”. Salamlaşıb bir masanın arxasına oturan kimi bu sözləri ondan eşitdim. Akif Fətəliyevdir. Şamaxıda hamı onu köhnə döyüşçü kimi tanıyır.

 

Kiçik bir kafedə böyük söhbətə beləcə başlayırıq.

Qoca bir erməni

Çaydan bir qurtum dadmamış əhvalat danışmağa başlayır.  “Tərtərin Marquşevan kəndinə hücum elədik. Yaxşı da döyüş oldu. Kənddə yaşayan silahlı ermənilər pərən-pərən oldu. Canını qurtaran qaçmağa üstünlük verdi. Evləri bir-bir axtarmağa başladıq. Evlərdən birinə daxil olanda qoca bir erməni kişisinin yataqda qaldığını gördüm. Xəstə olduğundan qaça bilməmişdi. Məni görən kimi söyüş söydü. Mən də daraqda qalan güllələri ona yağdırdım. Indi özünüz fikirləşin: qoca bir erməni son anında belə öz hikkəsindən əl çəkmirsə, bu gün öz havadarlarına arxayın olan serj sərkisyanlar Qarabağdan rahatlıqla imtina edərlərmi?”. Suala elə özü cavab verir: “Yox, mümkün deyil. Qadınları Dubaya, kişiləri Rusiyaya inteqrasiya edən ölkəyə sakit şəkildə torpaqları heç kim verməz”.

Hər dəfə hər iki ölkənin başçıları görüşəndə şair Qabildən bir misra yadına düşür – Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

Sözlə yox, əməllə…

Milli qəhrəman Mübariz Ibrahimovun özünün rəşadəti ilə əsl Azərbaycan əsgəri obrazını yaratdığını deyir. Sonra əlavə edir ki, o, düşmənə qalib gəlmək yolunu bizə göstərdi: “Xalqı müharibəyə səfərbər etmək üçün bundan gözəl nümunə ola bilməz. Halbuki uzun illər telekanallar və qəzetlər müharibə şəraitində yaşayan bir ölkə üçün Mübariz Ibrahimov səviyyəsində düşmənə qarşı mübarizə təbliğatı qura bilməyiblər. Bu bizim utanc yerimizdir”.

Hər dəfə ermənilərə xitabən edilmiş hədə-qorxu dolu bəyanatlar da onu utandırır: “Azərbaycan ordusunun gücünü düşmənə sözlə yox, əməllə, ordunun diliylə göstərmək lazımdır”.

Yenidən o illərə qayıdır. Çox əsəbi şəkildə bunu deyir – siyasətçilər bizə mane olmasaydı Xankəndini ermənilərdən təmizləyəcəkdik. “O vaxtkı nizami ordu buna imkan verirdi. Amma mümkün olmadı. Mane oldular bizə. O vaxtkı kurs indi də davam etdirilir. Bu, Azərbaycan əsgərini aşağılayan siyasi kursdu. Bu kurs Azərbaycan xalqına qarşı yönəldilən mənəvi işğalçılıqdır”. Araya sükut hopur. Səssizliyi özünün pozacağı anı gözləyirəm. Elə də olur. Bir neçə dəqiqəlik sükutu –

Ötən günlərimi qaytaraydılar,

Gələn günlərimi qurban verərdim – misrası ilə pozur.

Atlar hələ çox oynayacaq!

Atəşkəs dövründə şəhid olan əsgərləri müharibə şəraitində qurban verməklə düşmən üzərində qəti qələbə çalmaq olardı. Ürək yanğısıyla köhnə döyüşçü həmin şəhidlərin qanı hesabına sərhəd dirəklərini öz yerinə bərpa etməyin mümkün olduğunu deyir…. Yenidən sükut başlayır…

Əzəmətli səsi ilə “orduda rüşvətxorluq davam etdikcə, zabitlərin özbaşınalığına göz yumulduqca, dedovşina olduqca, hərbi islahatlar aparılmadıqca, ermənilər Qarabağda hələ çox at oynadacaq” – deyir.

“Bu ölkədə çox şeyi bada vermək mümkündür. Amma torpaqları bada verməyə ixtiyar sahibi deyilik”.

Çox söhbət edirəm onunla. Başına gələn maraqlı əhvalatlardan da nəql edir. Onları gələcəkdə, imkan olsa, yazacam…

Sağollaşanda sadəcə bunu deyir – “Sərkərdə qoçaq olsa…”.

Ramin DEKO,

Bakı-Şamaxı-Bakı