“Neft pulları özümüzə xərclənsə, bizdə də kasıb olmaz”

 

«Azadlıq»ın balaca oxucuları demokratiyanın çatışmadığını xüsusi olaraq vurğulayırlar


Balaca Nigar müharibəyə getməyə hazırlaşır

 

Ayəndənin proyekti: ADAM OLACAQ COCUQ

Gələcək Azərbaycanı quran balacalarla söhbətlərimiz davam edir. Indi sizə təqdim edəcəyimiz uşaqların 13 yaşı var. Onlar da 13 yaşın problemlərindən çox-çox irəlini görən uşaqlardır. Budəfəki həm- söhbətlərim şəhid Telman Abbasov  adına 225 saylı orta məktəbin 7-ci sinif şagirdləri Tural Ağayev və Nigar Bağırlıdır. Turalla Nigar çox vətənpərvər uşaqlardır. Onların Cümhuriyyət haqqında kifayət qədər bilgilərinin olduğunu gördüm. Nigarın idealı valideynləridir. Hər ikisinin kitaba və oxumağa böyük maraqları var. Dinlə bağlı təsəvvürləri də yaşıdlarından xeyli irəli getmiş kimi qiymətləndirilə bilər. Tural yoldaşları ilə birlikdə məktəbin saytını da yaradıb.

Dərslər əladır… Şeir də yazırlar!

– Uşaqlar, dərslər necə gedir?

– Hər şey qaydasındadır. (Bunu az qala, xorla deyirlər)

– Istəyirəm, sizin gələcək ixtisasınızla bağlı bir sınaq keçirim: hansı fənlərə marağınız daha çoxdur?

Tural: Fizika və coğrafiya fənlərinə xüsusi marağım var.

Nigar: Amma mən bütün fənləri eyni qaydada oxuyuram. Hələlik, xüsusi seçim etməmişəm.

– Dərsdən kənar hobbiniz – xüsusi marağınızı doğuran bir məşğuliyyət varmı? Sizi daha çox nə maraqlandırır?

Tural: Məni ən çox dərslərim maraqlandırır. Əlavə olaraq, şeir yazmağa da həvəsim var. Bədii ədəbiyyatla və internetlə maraqlanıram.

Nigar: Mənim musiqiyə böyük marağım var, musiqi təhsili də alıram. Bununla yanaşı, dərslərimə də xüsusi diqqət yetirirəm. Əlaçıyam. Mənim anam da bu məktəbdə oxuyub və məktəbi qızıl medalla başa vurub… Boş vaxtlarımda əlavə kitablar oxuyuram, şeir də yazıram. Mən valideynlərimi çox sevirəm, vaxtım və imkanım olsa, hər saniyəmi valideynlərimə şeir yazmağa sərf edərəm.

– Tural, səndə şeir yazmaq həvəsi hardandı?

– Mənim babam, dayım hamısı şeir, qəzəl yazan olublar. Amma onlar o qədər də tanınan şairlər olmayıblar. Yazıblar, ancaq özlərində qalıb bu şeirlər. Babamın bir qəzəli var, on iki səhifəlikdir.

“Hər bir şagirdin kompüteri olsun”

– Hansı ədəbiyyatı oxumağı xoşlayırsız?

Tural: Dünya və azərbaycan ədəbiyyatından oxuduğum kitablar olub. Məsələn, Mark Tvenin “Heraklın dostları”, Viktor Hüqonun “Səfillər” əsərlərini göstərə bilərəm. Cəlil Məmmədquluzadənin də əsərlərini oxumuşam.

– Məktəbdə hansısa problemləriniz olurmu?

Nigar: Mən düşünürəm ki, məktəbimizdə texnologiyaya diqqət  zəifdir. Elə məktəblər var ki, orada yeni texnologiyalardan istifadə yüksək səviyyədə təşkil edilib. Istəyirəm ki, bizim məktəbdə də bu şərait şagirdlər üçün yaradılsın. Istəyirəm  ki, hər birimizin məktəbdə istifadə etmək üçün kompüterimiz olsun və bütün dərslərdə bizə lazım olan məlumatları internetdə özümüz araşdırıb, tapaq. Evdə bizim üçün bu şərait var. Amma elə uşaqlar var ki, onların evlərində bu şərait yoxdur. Ona görə də, məktəbdə yeni texnologiyanın geniş tətbiqi vacib məsələdir.

Onlar kitab qəhrəmanlarına oxşamaq istəmirlər

– Çoxlu kitablar oxuduğunuzu görürəm. O kitablarda elə qəhrəmanlar varmı ki, onlara oxşamaq istəyəsiniz?

Nigar: Mən bu obrazların heç birinin yerində olmaq istəməzdim. Çünki oradakı obrazlar çox dəyişikdir, yəni, mənə uyğun deyil.

Tural: Hələ ki, mənim də belə bir idealım yoxdur.

– Hansı janrdan olan mahnılara qulaq asırsınız?

Nigar: Mən Azərbaycan musiqilərinə qulaq asmağa üstünlük verirəm. Azərbaycan musiqilərini pianoda ifa eləməkdən zövq alıram.

Tural: Mən klassik musiqilərə qulaq asmağı xoşlayıram.

“Torpaqlarımızı müharibə yolu ilə də olsa, geri almalıyıq”

– Sizin sinifdə uşaqlara vətənpərvərlik mövzusunda nələrsə danışırlarmı?

Nigar: Bizim elə müəllimlərimiz var ki, onlar bu mövzularda bizi çox məlumatlandırırlar. Hətta elə müəllimlərimiz də var ki, vətənpərvərlikdən danışanda gözləri yaşarır. Bu gün də məktəbimizdə “20 Yanvar”la bağlı anım tədbirimiz var.

– Qarabağla bağlı nə bilirsiz?

Tural: Qarabağ bizim torpaqlarımızın 20 faizidir. Bu torpaqlarımızı ermənilər, hələlik zəbt ediblər.

Nigar: Lap kiçik yaşlarımdan valideynlərim məni Qarabağla bağlı məlumatlandırıblar. Biz inanırıq ki, bu torpaqlarımız geri qaytarılacaq. Mən bütün qəlbimlə buna inanıram. Inşallah, dovşan ili bizim üçün uğurlu olar, Qarabağ geri qaytarılar. Mənim ən böyük arzum da budur – Qarabağın qaytarılması. Elə uşaqlar var, arzu edirlər ki, mənim bahalı telefonum olsun, nə bilim nəyim olsun. Qarabağı azad etmək üçün əgər müharibəyə ehtiyac olarsa, mən qız olmağıma baxmayaraq, bu müharibədə könüllü iştirak edərəm.

– Siz necə düşünürsüz, Qarabağ sülh, yoxsa, müharibə yolu ilə alınmalıdır?

Tural: Yaxşı olar ki, sülh yolu ilə alınsın. Çünki çox insanlar həlak ola bilər, çox analar oğulsuz və gözüyaşlı qala bilər. Əgər sülh yolu ilə alınmasa, əlbəttə ki, müharibə yolu ilə də olsa, torpaqlarımız alınmalıdır.

“Göz həkimi olub, dayımın gözlərini açmaq istəyirəm”

– Hansı peşənin sahibi olmaq istəyirsiz?

Tural: Mən həkim olmaq fikrindəyəm. Əsasən də göz cərrahı  olmaq istəyərəm. Ailəmizdə dayımın gözləri görmür. Mən həkim olub, onun gözlərini açmaq istəyirəm.

– Bizim cəmiyyətdə elə həkimlər var ki, onlar xəstənin əlinə baxırlar…

Tural: Təkcə pul qazanmağı deyil, xeyir işlər görüb, savab qazanmağı da fikirləşmək lazımdır. Bir atalar misalı var: bostandakı yemişlərin hamısının dadı eyni olmur. Yəni, demək istəyirəm ki, həkimlərin hamısı eyni ola bilməz.

“Mən isə jurnalist olacağam”

Nigar: Mən isə jurnalist olmaq istəyirəm. Ümumiyyətlə, mən insanlarla ünsiyyətdə olmağı xoşlayıram.

– Axı bizim cəmiyyətdə jurnalist olmaq təhlükəli peşə sayılır… Çünki jurnalistlər döyülür, öldürülür, təzyiqlərlə üzləşir. Sən bunlardan qorxmursan?

Nigar: Əgər bu, insanın içindən gəlirsə, peşəsi təhlükəli olsa da, o, bu işin öhdəsindən gələcək. Mən də özümə güvənirəm, bu baxımdan qorxum yoxdur. Inanıram ki, bu işi bacaracağam. Məncə, jurnalistlik şərəfli peşədir.

– Gələcəkdə jurnalist olarsansa, daha çox nələri  işıqlandırarsan: problemləri, yoxsa, yaxşılıqları?

Nigar: Hər ikisini işıqlandıraram. Daha çox problemlərdən yazmaq lazımdır ki, bu poblemlər aradan qalxsın. Hərdən yaxşılıqları da cəmiyyətə təqdim etmək lazımdır.

– Internetə münasibətiniz necədir?

Nigar: Mən daha çox internetdən dərslərimə aid olan bilgilər əldə etmək üçün istifadə edirəm. Hərdən musiqiyə də qulaq asıram.

Tural: Mən də internetdə məlumatlar toplayıram. Əsasən, kitabxana saytlarına daxil oluram, istədiyim kitabı orada əldə edirəm. Bu yaxınlarda mən bütün kitabxanaların iştirak etdiyi “Kitabla dost ol, ən fəal oxucu ol” müsabiqəsində ən fəal oxucu adını almışam.

“Azadlıq”ın balaca oxucuları…

– Hansı qəzetləri tanıyırsız?

Tural: “Azadlıq”, “Yeni Müsavat”…

Nigar: “Azadlıq”, “Reytinq”… Mənim qəzet oxumağa marağım var, xoşum gəlir. Hər dəfə valideynlərim qəzet alıb, oxuyub stolun üstünə qoyanda, mən özüm maraqlanıram və götürüb oxuyuram.

– Bu yaxınlarda orta məktəblərdə hicab məsələsi gündəmdə idi. Bu məsələdən xəbəriniz varmı?

Nigar: Mən hicab məsələsinə görə uşaqların məktəbə buraxılmamasına pis baxıram. Çünki həmin insanlar hicabı məcburi taxmırlar, istəyərək taxırlar. Ona görə də kimsə onu məcbur edərək, çıxartdıra bilməz. Məncə, bu çox böyük günahdır.

Tural: Mənim fikrimcə, baş bağlamaq bir dinin əlamətidir. Heç kəsə haqq verilmir ki, gedib kiminsə başını açsın. Quranda da var ki, 9 yaşdan yuxarı qızlar baş bağlamalıdır. Demokratik ölkədə bu problem olmalı deyil.

“Azərbaycanda tam demokratiya yoxdur”

– Bizdə demokratiya var?

Tural: Tam olaraq yox. Elə hicab məsələsi bunu açıq göstərdi.

Nigar: Mən də Turalın fikirlərilə razılaşıram ki, Azərbaycanda demokratiya tam deyil.

– Bəs Azərbaycanda kasıblar çoxdur, yoxsa varlılar?

Tural: Kasıblar. Bizim ölkəmiz əslində, zəngin bir ölkədir.  Hətta belə bir rəvayət də var ki, Imam Əli yeməyini yeyəndən sonra öz süfrəsini Azərbaycana tərəf çırpıb. Məncə, bizim neftimizdən gələn gəlirlər özümüzə xərclənsə, bizdə kasıblar olmaz. Yaşlı insanların pensiyası çox azdır, onlar bu pulla necə dolansınlar?

Nigar: Məni varlı və ya kasıb olmaq maraqlandırmır. Mən  fikirləşirəm ki, zəngin insan çox mala sahib olan insana demirlər, içi, daxili zəngin olana deyirlər.

Şəhid Mübarizə

Çıxdı birdən meydana, bir Azəri əsgəri,

Çıxarıb o silahı, qırdı düşmən ordusun.

O azəri əsgəri, igid və mərd oğuldu,

Düşmən önündə heç vaxt, əyilməz bir orduydu.

Atılıb bu meydana…

Erməni dığaları boyadı al qanına.

Sonra da şəhid oldu, müqəddəs yurd adına,

Indi o da uyuyur, qara torpaq altında.

Bu xalqın acısıydı, həm də sevinc anıydı,

Şəhidlik məqamıydı…

Tural