İmişlililər Bakı-Horadiz yolunu kəsdilər

 

Rayonun Bəcrəvan kəndinin bir qrup sakini dəmir yolu xəttini bağladılar

 

Yanvarın 21-də saat 14-də Bakı-Horadiz dəmir yolu xəttinin İmişli rayonunun Bəcrəvan kəndindən keçən hissəsində yerli əhali relslər üzərinə çıxaraq qatarların hərəkətini bir müddət dayandırıb.

 

Buna səbəb sözügedən yaşayış məntəqəsində ötən ilin yazında intensiv yağan yağışlar, sel və daşqınlar nəticəsində yaşayış yerləri qəzalı vəziyyətə düşənlərə dövlət hesabına yeni evlər tikilərkən sosial ədalət prinsipinin pozulması olub. Sakinlərin sözlərinə görə, bu mühüm dövlət tədbiri həyata keçirilərkən yerli icra nümayəndəsi ayrı-seçkiliyə yol verib, adları siyahıya düşən şəxslərdən rüşvət alıb. Dəfələrlə Imişli Rayon Icra Hakimiyyətinə birbaşa, Prezident Administrasiyasına və Fövqəladə Hallar Nazirliyinə isə yazılı şikayət edən sakinlər, müraciətlərinə baxılmadığını görüb, sonda etirazlarını bu üsulla ifadə etməyə məcbur olublar. “Prezidentə, FHN-ə nə qədər məktub yollamışıqsa, onların heç birinə cavab almamışıq. Bizə yalnız poçt göndərişlərinin ünvanlara çatdırılması barədə xəbərnamələr gəlib. Görünür, yazdıqlarımız oxunmayıb ki, tədbir də görülməyib. Əvəzində Imişli RIH-in fövqəladə hallar komissiyası FHN tərəfindən göndərilən mütəxəssislərə yerli icra nümayəndəsinin təqdim etdiyi siyahıdakı evləri göstərib. Imişli RIH başçısının Bəcrəvan və Ağcüyür kəndləri üzrə nümayəndəsi Xudaverdi Hüseynov (o, Yasamal rayon polis idarəsinin keçmiş rəisi Möhübbət Hüseynovun qardaşıdır) siyahıya heç də daha qəzalı, yaşayış üçün yararsız evləri salmayıb” – aksiya keçirilən əraziyə gedən əməkdaşımıza sakinlər belə deyib.

Aksiyanı yatırmaq üçün əraziyə çoxsaylı polis əməkdaşları cəlb olunub. Bir saat davam edən mübahisədən sonra sakinlər tələblərinin təmin olunmayacağı təqdirdə daha kəskin etiraz formasından istifadə edəcəklərini bildirərək, dəmir yolu xətti üzərində yaratdıqları canlı səddi götürüblər.

İnformasiya şöbəsi

P.S. Aldığımız məlumata görə, aksiya iştirakçılarını axşam polis bölməsinə aparıb hər birindən izahat aldıqdan sonra gecə saatlarında sərbəst buraxıblar.