Kimdir bu “barmaqqıran” Süleyman?

Süleyman peyğəmbərə qalmayan dünya polis Süleymana qala bilərmi?

 

20 Yanvar günü Şəhidlər Xiyabanını ziyarətə gedərkən  Müsavat başqanı İsa Qəmbəri “barmağını sındıraram” deyərək təhdid polis zabitinin kimliyi 2 gündür medianın müzakirəsindədir.

Zəruri qeyd kimi xatırladaq ki, ziyarət zamanı polislər müxalifət nümayəndələrinin Şəhidlər Xiyabanına birlikdə deyil, bir neçə qrupa bölünərək hərəkət etməsini istəyidı. Bu zaman başqanın “Bölücülük salmayın, insanları bölməyin”,- sözləri onların qarşısını kəsən polis mayorunu qəzəbləndirib. Mayorun Müsavat başqanına xitabən “Mənə barmaq silkələmə, barmağını qıraram”,- dedi.

“Azadlıq” qəzeti olaraq hələ keçən il mayda ziyarət zamanı qabalıq edən polis zabiti- Nemətov barədə portret yazı işləmişik. Həmin vaxt Azadlıq blokunun aksiyasında saxlanılan AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya onun zorakılığı ilə üzləşmişdi.

Həmin yazını qısa ixtisarla oxuculara təqdim etməyi faydalı bilirik

“Əslən Naxıvandan olan Nemətov hələ gənclərin 30 aprel – ADNA terror faciəsinin ildönümünə həsr edilən aksiyasından diqqət çəkmişdi. Həmin aksiyada mülki geyimdə fəaliyyət göstərən bu cənab aksiya iştirakçılarına qarşı sonsuz aqressiyası ilə seçilirdi.

Nemətovun 30 aprel aksiyasında davranışı açıqca sübut edirdi ki, bu insan sivil dəyərlərdən kifayət qədər uzaqlaşmış, kitab və qəzetdən uzaq insandır. Məsələn, o, ölkədə yetərincə tanınmış jurnalist Xaliq Bahadırı aksiyada həbs etmək istəyirdi. Həmin vaxt çoxsaylı başqa jurnalistlər Nemətovu zorla başa sala bildilər ki, X.Bahadır jurnalistdir. O, israr edirdi və fəxrlə “mən qəzet-zad oxumuram, bu adam jurnalistə oxşamır” deyirdi.

Polis mayoru haqqında ötən gün hazırda ABŞ-da yaşayan siyasi fəal, “Yeni Fikir”çi Səid Nuri internet müzakirələrində maraqlı qeydlər edib. Səid bəyin məlumatına görə, 2005-2006- ci illərdə Süleyman Nəsimi Post Patrul Xidmətinin rəisi, Nəsimi RPI-nin rəis müavini işləyib. S.Nurinin xarakterizəsi doğrudursa, cənab Nemətov təcili polis sıralarından uzaqlaşdırılmalı və müalicəyə cəlb edilməlidir. Səid yazır: “O özü mənə demişdi ki, sizinkilər mitinq edəndə sevinirəm. Çünki kimisə döyəcəyəm. Mən ona deyirdim, ay Süleyman müəllim, niyə belə edirsiniz, bəs eşitməmisiniz ki, padşah və peyğəmbər Süleymana qalmayan dünya heç kimə qalmayacaq? O isə deyirdi ki, Süleyman peyğəmbər polis və naxçıvanlı olsaydı, dünya ona qalardı”.

Kriminal yazarı Samir Kazımlının da mayor Nemətov haqda özəl məlumatları var. “Azadlıq”a açıqlamasında yazar bildirib ki, Süleyman çox qəddar və komik insandır: “Bir dəfə Xətai rayonunda yol kənarında evləri sökürdülər. Camaat səs-küy salanda bu polis ”cinayət işi açıb hamınızı içəri salacam” deyirdi. Mən onda mahir aktyorluq qabiliyyəti aşkarlamışam. Bəlkə də, taleyin üzü ondan dönməsəydi, bəxti gətirsəydi, biz onu teatrlarımızın hansındasa talantlı aktyor kimi seyr edərdik…”

Samir Kazımlı deyir ki, tam dəqiqləşdirmədiyi məlumata görə, S.Nemətov əvvəllər nazir Usubovun cangüdəni olub. Sonra Nəsimi RPI-nə müavin göndərilib”.

Natiq