Inqilab- Şaxta Baba kimi!

Tunisdə inqilabdır, MDB-nin diktatorları isə mürgüləyirlər. Hərdən başlarını dikəldib istehza və ironiya dolu bəyanatlar da verirlər. Olsun. Demokratiya və dəyişiklik havası hələ bunlara toxunmayıb. Heç vəziyyətləri də təəccüblü deyil. Çox güman ki, bir il əvvəl Bin Əliyə desəydilər ki, onun ölkəsi inqilaba yuvarlanacaq, o da istehza edərdi. Hamı belədir. Hər yerdə də belə olub. Axı inqilab Şaxta Baba deyil ki, bir il əvvəldən hamı nə vaxt gələcəyini bilsin!

Hamı beləcə arxayın olur. Qırğızıstanda da təkrar inqilab baş verəndə qazax diktatoru N.Nazarbayev demişdi ki, vaxtındaca barrikadalar qurmaqla yox, iş yerləri açmaqla məşğul olmaq lazım idi. Bəli, yetmiş yaşlı diktatorun resepti sadədir, çünki bu yaşında başqa bir hal görməyib, həmişə fikirləşib ki, əgər insanın işi və bir parça çörəyi varsa, heç vaxt hakimiyyətdən narazı olmayacaq. Amma nə yazıqlar, heç də belə deyil. Rusların bir məsəli var və güman ki, rus dilini yaxşıca bilən N.Nazarbayev də bu məsəli bilir: “Insan təkcə çörəklə tox olmur!”. Elə Azərbaycanda da tamam-kamal arxayınçılıq və etinasızlıq hökm sürür. Özü də elə bir ölkədə ki, bir çoxu üçün çörək də problemdir. Onda haradan qaynaqlanır belə arxayınçılıq? Əvvəldə ərz etdim ki, bu mərəzə dünyanın bütün diktaturaları tutulur, bu, bəlkə də elə Allahın qarğışıdır. Həm də böyük hakimiyyət insanları kar-kor edir, onlar gözlərini açıb hər yerdə öz şəkillərini, öz əkslərini görürlər, qulaqlarını açıb ancaq və ancaq tərif eşidirlər və beləcə kar və kor olurlar, başqa heç nə eşitmir və heç nə görmürlər. Bir də ayılırlar ki, inqilab qapını kəsdirib. Təbii ki, inqilab tam labüd sonluq deyil, bir çox diktatorlar bu aqibətdən qaça biliblər, amma bir məsələ var ki, diktatura şəraitində inqilablar birmənalı şəkildə labüd olmasa da, ən böyük ehtimalı olan sonluqdur. Kiminsə bəxti gətirir, bu aqibəti hiss etmək ona nəsib olmur. Amma fərqi yoxdur, inqilab bütün hallarda konkret bir ünvanı və insanları silkələyir, çünki diktatura şəraitində hakimiyyətin bir ünvanı olur – biri öz hakimiyyətini inqilabsız başa vurursa, o birisi inqilabla bitirir. Nəticədə inqilab axır ki, öz hədəfinə dəyir… Ona görə də ironiya tam yersiz və məqamsızdır…

Bir məsələ də var ki, onu dəfələrlə qeyd etmişəm. Ümumdünya Insan Haqları Bəyannaməsinin məhz preambulasında deyilir ki, insan haqları qanunun hakimiyyəti ilə qorunmalıdır ki, insanlar tiraniya və istismara qarşı mübarizədə sonuncu vasitə kimi üsyana əl atmasınlar. Bəli, bu sənəddə dolayı yolla olsa da, insanların tiraniyaya da, istismara da qarşı üsyan hüququ nəzərdə tutulur. Buna da istehza edəcəyikmi? Indi çox arxayın olmaq olar, amma Tunis nə göstərdi? Hətta Afrikanın qəddar hakimi-mütləqləri, diktatorları belə millətin qarşısında acizdir, millətlə müqayisə edilmək iqtidarında deyil. Bəzən “konstitusion quruluş”, “qanuni quruluş” kimi qəliblərdən istifadə edilir. Belə bəyanatlar verəndə düzgün və ədalətli seçki amili nəzərə alınmır. Üstəlik, Insan və Vətəndaş Haqları Bəyannaməsi özündə belə bir maraqlı fikri ehtiva edir: “Insan haqları təmin edilməyən və hakimiyyət bölgüsü olmayan cəmiyyətlərdə konstitusiya olmur!”. Bir azca əvvəldə N.Nazarbayev haqqında yazdıq. Indi o, hakimiyyətini 2020-ci ilə qədər uzatmaq üçün “qanuni və konstitusion əsaslar” axtarır. Amma belə əsaslar ola bilərmi? Dünyada konstitusiyalı monarxiyalar var. Amma orada hakimiyyət konstitusiya ilə məhdudlaşdırılır, hakimiyyət bölgüsü olur və monarx ancaq simvolik mahiyyət kəsb edir. MDB diktatorlarını isə simvolik monarx hesab etmək mümkündürmü? Bir də onları kim monarx elan edib?..

Kiçik sözardı

“Babək” filmində maraqlı bir deyim var: “Çörəksiz-susuz olduğum vaxtlar olub, amma ümidsiz olduğum vaxtlar olmayıb!”. Gözəl deyilib, deyilmi? Bizi bu ümiddən də məhrum etmək istəyirlər. Haradasa nəsə baş verəndə dərhal bunun Azərbaycanda təkrarlanacağını zənn edəcək qədər də sadəlövh və tələskən deyilik. Sadəcə, azadlığın xoş və təmiz mehini ciyərlərinə çəkmək istəyirsən…