Barmağı qırmamışdılarmı?

Polisin Müsavat başqanı Isa Qəmbərə hədəsi – “barmağını sındıracağam” deməsi bir çoxlarına çox təəccüblü görünüb. Guya bu ölkədə polisin barmaq qırması təzə söhbətdir. Uzağa getməyin, Isa Qəmbər özü bu illəri hədələrlə, basqılarla yaşamadımı? Polislərin onun maşınını dağıtması yaddan çıxdımı? Aksiyalarda ona azmı hücumlar oldu? Qorumaları, tərəfdarları döyülmədimi?

Ağzıgöyçəklər bir vaxtlar lağ edirdi ki, polislər hücum edəndə Etibar Məmmədovun ayaqqabısı yerdə qalmışdı. Etibar Məmmədovu sevməyə bilərsiniz, amma onun ayaqqabısı niyə yerdə qalmalı idi? Mən özüm bir reportyor kimi, həmin aksiyada AMIP sədrinin lap yaxınlığında idim. O, ayaqqabısını qoyub qaçmırdı. Onun üstünə elə bir amansız hücum başlamışdı ki, qorumaları, tərəfdarları başını, sinəsini nə qədər qabağa versələr də, sədrlərini qorumaq çətin olmuşdu, yəqin bir-iki zərbə almışdı, üstəlik, paltarı cırılmış və ayaqqabısı yerdə qalmışdı.

Əli Kərimliyə, Lalə Şövkətə, Pənah Hüseynə amansız hücumları öz gözümlə görmüşəm. Bu gün hakimiyyətin dəyirmanına su tökən Fazil Qəzənfəroğluna, Sabir Rüstəmxanlıya polisin hücumunu da görmüşəm.

Özünü əzabkeş göstərmək kimi anlaşılmasın, polislər mənim özümü öldürücü zərbələrlə döyüb, illərlə müalicələr almışam. Həmin səhnəni, yalan olmasın, bütün dünya TV-ləri yayıb.  Çox sayda həmkarımız gözümüzün qabağında döyülüb. Elə son illərdə jurnalist Elçin Həsənov neçə dəfə döyülüb. Aqil Xəlilə sitəmlər verildi. Eynulla, Üzeyir, Fikrət, Nicat, Idrak, Emin, Elmin və başqalarına da həmçinin. Bizim fəal gənclərdən çoxları bu günəcən aksiyalarda əzişdirilir. Rövşən Nəsirlinin vəhşicəsinə döyülməsini açıq göstərən fotoların yayılması da təzəlikcə olub.

Ən nəhayət, biz hədədən danışırıq, barmaqdan danışırıq, Müsavat başqanından danışırıq, amma məşhur barmaq sındırılması hadisəsini unuduruq. Isa Qəmbərin yaxın silahdaşı, xalq hərəkatının tanınmış simalarından Ibrahim Ibrahimlinin barmaqlarını məhz polislər işgəncə ilə sındırmadılarmı? Qırmadılarmı onun barmağını? Qırıq və əyri barmaqla gəzmirmi Ibrahim bəy?!

Mən tanınmış adamların adlarını sadaladım. Çoxlarını da unutdum. Bölgələrdə, gözdən-könüldən uzaqlarda isə sadə vətəndaşlar ədalətsizliyin sındıran əlləri ilə hər gün üz-üzə qalırlar. Polislərin Naxçıvanda Çapay Əliyev kimilərinin bel-qabırğasını sındırdığına, Bakıda isə heç bir ictimai tələbi olmayan Elvin Əsgərovu döyüb öldürdüyünə tamaşa edirik.

Adını çəkmək istəmədiyim biri barmaq hədəsindən sonra qarışıq təfəkkürü ilə Isa Qəmbərə hücumu bilirsinizmi necə pisləyib? Ona görə pisləyib ki, Isa Qəmbər bu ölkənin parlament sədri olub, xalq hərəkatında öndə olub, partiya başqanıdır və s. Guya başqalarının barmağını sındırmaq olar. Bulanıq suda xəyal tutan bu adamlar gözəl bilirlər ki, nəinki Isa Qəmbəri, onun partiyasının ən təzə üzvünü belə, ümumiyyətlə, heç kimi və heç kəsi polis hədələyə bilməz. Polisin Isa Qəmbərə “sən” deyə müraciəti artıq dözülməzdir.

Olsun, bu ölkədə Rəbiyyət Aslanova düşüncəli adamlar ədəbiyyat mükafatı verə bilər, lap ədəbi əsər də yaza bilər, amma işgəncəyə haqq qazandıra bilməzlər. Hətta cinayətkar işgəncəyə məruz qala bilməz. Hətta ünlü polis bandasının başçısı Hacı Məmmədov işgəncəyə, hədəyə məruz qala bilməz. Bunlar bir ölkəni ictimai bataqlığa çevirir. Çevirib də…

Ona görə də, AXCP gənclərinin şüarı hələ çox səslənəcək: Şəhidlər azadlıq uğrunda öldü, vətəndaşlar isə azad deyil.