Azərbaycanın milisi, Türkiyənin polisi

 

Artıq 18 ildən çoxdur ki, Azərbaycan vətəndaşları “komendat saatı” qanunları ilə əzab çəkə-çəkə yaşayır. Bu qanunlar o qədər əcaibdir ki, adamlar hətta gündüzlər evdən çıxmır. Azad yeriyib-yürümək, danışmaq-qışqırmaq, ümumiyyətlə, cınqırını çıxarmaq üçün “icazə kağızı” olmayan evindən çıxan kimi güllələnir, bıçaqlanır, ya da həbs olunur. Lap general da olsa… Hökumət hər 4-5 ildən bir göstərdiyi seçki tamaşalarına da milləti ayağı ilə müstəqil getməyə qoymur: ssenaristlər zorla tamaşaçı etdiyi milləti avtobuslara yığıb məntəqələrə aparır, yenidən evlərinə qaytarıb gətirir. Odur ki, əksəriyyət “komendat saatı” ilə işləyən məmləkətdən bezib qürbət ölkələrə, virtual dünyaya üz tutur və yaşıl işığının əbədi olaraq sönməyini gözləyir. Məmləkətdə gecə saat 12-dən sonra nəinki qadınlar, heç kişilər də evdən çıxmağa cürət etmir. Şəxsən mən, iki küçə bizdən uzaqda olan anamın təzyiqini ölçməyə gedəndə balacalardan birini yuxudan oyadıb, mütləq özümlə aparmalıyam, yoxsa zənən xeylağının gecə məhəllədə tək gəzməsi çox şübhəli görünə bilər…

Bəlkə də elə o səbəbdəndir ki, ölkə xaricinə ayaq qoyan kimi qanadlarımızın çıxdığını düşünüb, uçmaq istəyirik. Bu günlərdə, türkün şanlı tarixi sayılan Çanaqqalada xəyallarımı gerçəkləşdirmək istədim: gecə tək-tənha küçələrdə gəzib-dolanmaq çoxdankı arzum idi. Çanaqqala Türkiyənin qurur duyduğu, fəxr etdiyi ən müqəddəs vilayətidir. Bu müqəddəs şəhərin gündüzləri üz-gözlərindən cəsurluq, mərdlik yağan dirilərə, gecələri isə şəhidlərin müqəddəs ruhlarına aiddir. Hər dəfə Boğaz sahili ilə gəzəndə mənə elə gəlir ki, sanki şəhidlərin ruhları suların səsi ilə danışır, ayaq basdığım hər yer bu sözləri pıçıldayır: “Dur yolçu! Bilmeden gelip bastığın, bu toprak bir devrin battığı yerdir!”. Növbəti gecə gəzintilərimin birində doğmalarım, balacalarım, Vətən üçün möhkəm darıxdım. Çox duyğulandım, göz yaşlarımı saxlaya bilmədim. Bu vaxt qəfildən qarşımda polis maşını dayandı. Sanki “ağlamaq radarına” düşmüşdüm. Ətrafa mavi işıq yayan maşın göydən yerə enən uçan boşqaba bənzəyirdi. Sözün düzü, çox qorxdum. Çünki bizim düşüncəmizdə polis maşını “bəla maşını”dır: gəldiyi yerə mütləq qan, ya da pul tökülməlidir. Maşından düşən mülki geyimli iki polis həyəcanla “Abla, senin derdin ne? Abla, sen niye ağlıyorsun?” soruşanda, daha da kövrəldim. Ilahi, polis də adamla belə xoş danışar? Onlar ağladığımı zülmət gecədə necə görmüşdülər? Axı mən polis ordusu görmüşəm ki, yanlarında hönkür-hönkür ağlasan da tükləri tərpənmir. Dinc, günahsiz adamlara quduz it kimi cumub, təpiyi altına salır. Bizdə polislər ağaclıqda, dayanacaqlarda gizlənir, adam güləndə başının üstünü kəsdirir. Bəlkə, müqəddəs şəhid ruhları dolaşan Çanaqqalada göz yaşları inciyə dönür? Axı Bakı da şəhidlər şəhəridir, bəs niyə orda insan kədərinin dəyəri yoxdur? Sanki göydən yerə enən iki mələk kimi qarşımda dayanan polislər tez-tez ciblərindən vəsiqələrini çıxardıb göstərir, polis olduqlarını, mənə yardım etmək istədiklərini bildirirdilər. Mən uzun muddət heç nə danışa bilmədim, onların üzlərindəki nur, səslərindəki həyəcan qarşısında gerçəkdən lal oldum. Elə “lal” kimi də onlara başa saldım ki, yaxınlıqda qalıram, hava almağa çıxmışam. Onlar getdilər, amma hiss etdim ki, tək-tənha ağlayan “ablanın” dərdini öyrənə bilmədiklərinə görə uzun müddət əzab çəkəcəklər. Əgər Azərbaycanda gecəyarısı elə “ağlamaq cinayəti” etmiş olsaydım, polislər məni ya Dəri-Zöhrəvi Dispanserinə, ya Lallar və Karlar cəmiyyətinə, ya da kobudcasına qolumdan, saçımdan yapışıb şöbəyə aparacaqdılar. Azərbaycan polisinin forması o qədər günahsız qana, göz yaşına, ah-naləyə bulaşıb ki, onu əyninə geyinən iblisə bənzəyir.

Əgər 20 ilə boynuyoğun, yekəqarın, üzündən həyasızlıq tökülən Azərbaycan milisi Avropa polisinə zahirən də bənzəyə bilmədisə, demək, ölkə 200 ilə də avropalaşa bilməz. Avropa mədəniyyəti – milisə polis, katibə prezident deməklə olmur.

Evə qayıdanda “lallığımı” davam etdirmək istədim, amma “lal oyunu” uzağı 1-2 dəqiqə çəkdi. Bizdə nəinki polislər, hətta müəllimlər, həkimlər, icra hakimləri, “JEK” müdirləri, bələdiyyə işçiləri… və ərlər lalların dilini açmaqda əsl peşəkardı…