Bəzi adamlar var ki, onlardan yaşamaq üçün güc alıram. Onlar olmasa, heç bilmirəm necə yaşayaram. Belələrindən biri də Əhməd Qəşəmoğludur. Geniş ictimaiyyət ola bilsin, onu lazımınca tanımasın. Iki cümlə ilə bu mübarək insanı sizinlə tanış edərəm.
Əhməd hoca, alimdir, Elmlər Akademiyasında çalışır. Ilham Əliyevin özünü kral elan etməsi üçün referendum keçiriləndə ona “Amin!” deyənlərdən biri idi Əhməd hoca. Bəli, xalq ondan ziyalı mövqeyi gözləyərkən, o qətiyyətsizlik və antixalq mövqeyi sərgiləyib, gedib monarxiyaya əl çalmışdı. Özü bilər. Olmasın, Əliyevə ləbbeyk deyən min nəfər, olsun min üstəgəl Əhməd Qəşəmoğlu qədər. Burada heç bir faciəli bir şey yoxdur, heç bir.
Əksinə, Əhməd müəllim son illərdəki davranışları ilə bir neçə dəfə mənim köşələrimə material olub. Bu isə, istər-istəməz məmnun qaldığım məqamdı. Xüsusən, onun poeziyası ilə siyasi mövqeyini tutuşduranda xeyli maraqlı məqalələr yaranır. Əhməd abi həm də şairdir axı…
Dünən onun “525-ci qəzet”də şeirləri çıxıb. Ilham müəllim kimi balaca diktatorun qabağında siçan deşiyini satın almağa hazır olan şair-ziyalımız şeirində şirə-aslana dönərək görün nə yazır:
BMT-nin başında duran!
Görürsən ki, dünyanı bürüyübdü qan.
Xəcalət çəkirsənmi BMT-nin adından?
Əhməd müəllim BMT baş katibini sanki yetim bilib. Bizimkilər belədir də, kimə gücləri çatır, az qalırlar gözünü çıxartsınlar. Yox, onun BMT baş katibinə gücü-filan çatan deyil. Sadəcə, ağıllı adamdı, bilir ki, BMT-də onun cızma-qarasına fikir verən olmayacaq. Ona görə də özünü belə dəliqanlı aparır. BMT katibinin üstünə şeirində bıçaq-zad çıxarır.
Şair, qana qarşı belə həssaslığın, nifrətin varsa, polislərin ötən həftə qana bələyib öldürdüyü Elvin Əsgərov haqda niyə yazmırsan? Çünki bilirsən ki, yazsan, gəlib barmağını qırarlar.
Şeirdə daha bir bənd məni ölüm həddinə çatdırıb. Işdi ölsəm, bilin ki, qanlı Əhməd hocadır.
…Qərb indi yalançı elmin əlindədi…
Yalançı alimlərin zülmündədi…
Nə deyəsən, nə yazasan? Doğrudan da adam aciz qalır. Ölkədəki zülmə susan adam Qərb boyda əjdahaya “yalançı” deyir. Alimlərini zülmkar adlandırır. Mən Əhməd bəyə bu yaradıcılığında daha dərinlərə gedib, bizi şad etməyini arzulayıram.
İt günündə
Üç gündür Ingiltərədə aləm bir-birinə dəyib, deyirlər. Bir gənc oğlan parkda gedəndə öz itinə beş-altı təpik ilişdirib. Bu təpikləmə videolara düşüb və internetdə yayımlanıb. Ingilis polisi hiddətlə ictimaiyyətə müraciət edib, o nadürüst oğlanın tapılması üçün yardım istəyib. Oğlanın üzü kameralara düşməsə də, ingilis polisi onu tapacağına əminlik ifadə edib. Bu da Əhməd müəllimin zülmkar, yalançı Qərb cəmiyyəti!!!
Azərbaycanda polis adamları öldürür, ünlü müxalif liderin barmağını sındırmaqla hədələyir, ingilis polisi isə itin də təəssübünü çəkir. Ingilis polisi sözün əsl mənasında “it demə, o dəxi bizim birimiz” məntiqi ilə hərəkət edir. Əhməd müəllimin sevib göylərə qaldırdığı hakimiyyət bizi elə bir vəziyyətə qoydu ki, Qərbdəki itlərin də yaşayışına ağız suyu axıdırıq. Ən böyük zülm budur. Bunu başa düşməyən alim yox, cahildir.