Sumqayıt hadisəsi Qorbaçova qarşı idi?

 

Məşhur maliyyəçi Corc Soros baş verənlərin izini harada axtarır

Bütün ermənilər öz pullarını eyni gündə bankdan çıxardılar…

 

əvvəli ötən saylarımızda

Biz bugünkü sayımızdan başlayaraq bu hadisələrlə bağlı haqqında ölüm hökmü çıxarılmış və tez bir zamanda yerinə yetirilmiş Ə.Əhmədovun, I.Ismayılovun və A.Cəfərovun 1988-ci il oktyabrın 18-də başlamış və noyabrın 18- də başa  çatmış məhkəməsinin stenoqramının bir hissəsini sizə təqdim edəcək, daha sonra bu məhkəmədə şahidlik etmiş vəzifəli və vəzifəsiz adamlarla görüşəcəyik. Çalışacağıq ki, şərhsiz, hadisələrə müdaxilə etmədən məhkəmənin gedişini sizə təqdim edək. Bəri başdan onu bildirməyi özümüzə borc bilirik ki, hadisə ilə bağlı əlində sənədi, foto şəkli olanların hamısını bu prosesdə iştirak etməyə çağırırıq. Siz həmin materialları ya “Azadlıq” qəzetinin, ya da bizim elektron ünvanımıza göndərə bilərsininiz. (azadliq.az@mail.ru, surxay2001@mail.ru)

Məhkəməyə gətirilən naməlum mənşəli adamlar kim idi?

Məhkəmənin başladığı gün:

18 oktyabr 1988-ci il, həftənin ikinci günü.

Saat 13:30-dur. Məhkəmənin saat 14:00-da başlanılacağı gözlənilir.

Bu gün məhkəmə zalında fevralın 27-29-da Sumqayıt şəhərində baş verən hadisə zamanı erməniləri qətlə yetirməkdə ittiham edilən Ə.Əhmədovun, I.Ismayılovun, A.Cəfərovun məhkəməsi başlayacaq. Amma məhkəmə prosesi təyin olunan vaxt başlamır. Proses qeyri-müəyyən müddətə təxirə salınır.

Bu vaxt Ali Məhkəmənin binası qarşısına çoxlu adam toplaşıb. Saat 14:35-də milləti və digər mənsubiyyəti bilinməyən 60-a qədər gənc zala daxil olur. Səliqə ilə yerlərini tuturlar. Bu adamlar kimdir? Onlara kim bu səlahiyyəti verib? Niyə, onlara heç kim müqavimət göstərmir? Çöldə gözləyənləri zala buraxmaq istəmirlər. Çöldəkilər mitinq keçirməyə cəhd edirlər, bundan sonra onları zala buraxırlar. Biz həmin məhkəmə günlərində Ə.Əhmədovun, I.Ismayılovun, Y.Cəfərovun qohumlarından, vəkillərindən və tərcüməçidən başqa kiminsə zalda və yaxud bayırda olduğu barədə məlumat ala bilmədik. Sonradan öyrəndik ki, proses zamanı məhkəmə zalında 500 nəfərə qədər erməni, bizim tərəfdən isə yalnız vəkillər və tərcüməçi iştirak edirdi.

Yerinizdən tərpənməyin! Məhkəmə gəlir!

Saat 15:00-da hakim zala daxil olur. Məhkəmə iclasını sədrlik edən açır.

O deyir: “SSRI Ali Məhkəməsinin cinayət məsələləri üzrə kollegiyasının iclasını açıq elan edirəm. Bu gün Ə.Əhmədovun, I.Ismayılovun, Y.Cəfərovun cinayət işinə baxılacaq. Məhkəmənin sədri, SSRI Ali Məhkəməsinin üzvü Brize, SSRI Ali Məhkəməsinin xalq iclasçıları Smirnov və Kuznetsovdur. Məhkəmə iclasının katibləri Qodoyev və Tobilevadır. Dövlət ittihamçısı SSRI baş prokurorunun  köməkçisi, 3-cü dərəcəli ədliyyə müşaviri Kozlovskidir. Mühakimə olunanların hüquqlarını Sumqayıt şəhər hüquq məsləhətxanasının vəkilləri Abdullayev, Sadıxova və Yaşin qoruyur. (Xatırladaq ki, biz bu vəkillə görüşmək üçün çalışdıq, amma məlum oldu ki, onların hər üçü artıq rəhmətə gediblər).

Zərərçəkənlərin nümayəndəsi kimi Yerevan şəhər Orcenikidze rayon hüquq məsləhətxanasının vəkilləri Reştuni, Şapoşnikovadır. Tərcüməçi kimi məhkəməyə Nəcəfov və Qriqoryan çıxıb.

***

Sədrin giriş sözündən sonra mühakimə olunanların şəxsiyyəti müəyyənləşdirilir.

Əhmədov Əhməd Iman oğlu, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsi, 15,94,2,6,17, 94,2,4,17,942,4,6,8 və başqa maddələrlə mühakimə edilir.

Ismayılov Ilham Azad oğlu, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsi və 94,2,6 maddələri ilə mühakimə edilir.

Cəfərov Yavər Qiyas oğlu, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci, 94, 2, 6, 17 və digər maddələrilə mühakimə edilir.

Sumqayıt hadisələri ilə bağlı başqa versiyalar…

Biz məhkəmənin gündəliyinə bir qədər ara verib 1988-ci ilin  fevral ayının 23-29-unda nələrin baş verdiyinə diqqət yetirək.

Ilk növbədə Sumqayıt hadisələri ilə bağlı bizim versiyaları nəzərdən keçirək.

Birinci versiya: Sumqayıt hadisələrini erməni millətçiləri törətmişlər. Məqsəd Azərbaycanda yaşamağın mümkünsüzlüyünü Moskvaya və dünyaya bəyan etməkdi. Bu versiyanı ilk dəfə mərhum akademik Ziya Bünyadov da ortaya atıb. Akademikin fikrincə, erməni casuslar gələcək talan yerlərinə qabaqcadan kameralar qoymuş, çəkilmiş lentlər qısa zamanda dünyanın informasiya agentliklərinə yayılmışdır. Ancaq bu lentləri hələ heç kim görməyib, hamı onun varlığından danışıb.

O vaxt Ziya Bünyadov eyni zamanda üzə çıxarmışdı ki, Bakı və Sumqayıta erməni emissarlarının gəlməsi, fevral ayında ermənilərin banklardan əmanətlərini çıxarması ilə bağlıdır. Ikinci versiya erməni əsilli Eduard Qriqoryanın talanlarda və vəhşiliklə insan öldürülməsində birbaşa iştirak etməsidir.

Bu deyilənlər faktdır. Amma o vaxtkı Azərbaycan rəhbərliyi informasiya mübarizəsini udmaq gücündə deyildi. Ona görə ki, Moskva və dünya mətbuatında erməni əsillilər bizdən dəfələrlə çox yerləşdirilmişdi. Ikincisi, rəhbərlərin  nəyisə ortaya qoymaq qətiyyəti yoxdu. De Vall “Qara bağ” əsərində yazır: “Azərbaycanda bu erməni ilə bağlı bir mif yaradılmışdı. Bu erməni həqiqətənmi bütün talanların və qırğınların arxasında dayanmışdı? Qriqoryan Sumqayıtda doğulmuşdu, atasının ölümündən sonra onu rus anası böyütmüşdü. Üç dəfə həbsxanada yatmışdı. Qriqoryan Sumqayıt hadisələri zamanı digərlərini bu cinayəti törətməyə təhrik etmiş, başqa bir versiyaya görə 7-yə qədər ermənini özü öldürmüşdü”.

“Qorbaçovun konsepsiyası” nədən ibarət idi?

Əlbəttə, hadisələri “KQB”-nin təşkil etdiyi də diqqət mərkəzindədir. Bu erməniləri qorxutmaq, onları siyasi istəklərindən çəkindirmək məqsədi daşıyırdı. Başqa bir versiyaya görə, Sumqayıt hadisəsi Qorbaçovu və onun həyata keçirmək istədiyi yenidənqurmanı beşiyində boğmağa yönəlmişdi.

Azərbaycan hakimiyyəti daxilindəki qruplardan kimlərsə Sumqayıt hadisələrinin təşkilində maraqlı ola bilərdi. Corc Sorosun “Qorbaçovun konsepsiyası” məqaləsindən bir fikrə diqqət yetirək: “Ölümlər və talanlar regionda gedən demokratik proseslərin dayandırılması üçün son vasitə idi.

Bu versiyanı sübut edən faktlar çoxdur. Əslində Sumqayıt hadisəsini beş, on, yüz adamın küçəyə çıxıb talanlar, ölümlər törətməsi kimi qələmə vermək sədəlövhlük olardı. Hadisə ərəfəsində çoxsaylı şayiələrin arxasında kim, yaxud kimlər dayanırdı? Xüsusi sistemlə yayılan bu şayiələri nə təşkilatçı kimi güllələnən Əhməd Əhmədov, nə də uzun müddətli həbs cəzası alan digərləri təşkil edə bilərdi. Əslində, onların bu hadisələrdə informasiyanın mahiyyətindən nə xəbərləri, nə də yaymaq üçün şəbəkələri vardı? Sumqayıtdakı ermənilərin siyahısını çıxarmaq tapşırığını kim vermişdi, yaxud kim verə bilərdi? Fevralın 27-də idarə və müəssisələrə işçiləri meydana gətirmək göstərişini kim vermişdi? Meydanda adamlara spirtli içkiləri kim paylayırdı”?

ardı gələn sayımızda

Surxay Hüseynli,

Azər Hüseynbala