Sərhədsiz Reportyorlar Pamuku niyə tənqid etdi?

Fransada yerləşən  Təşkilatı Nobel mükafatlı türk yazıçısı Orxan Pamuk və bir sıra başqa tanınmış yazarları Şri-Lankada təşkil edilən ədəbiyyat festivalında iştirak etmək niyyətinə görə kəskin tənqid edib.

 

Təşkilat bildirib ki, Şri-Lanka hakimiyyəti söz azadlığını boğduğu, müstəqil jurnalist və yazıçıları sıxışdırdığı halda Pamuk və digərlərinin hərəkəti rejimin zorakılıqlarını “legitimləşdirir”. (Frans-press)

Özü də vaxtilə Türkiyədə “türklüyü təhqir etmək” ittihamı ilə üzləşmiş Pamuk festivaldan qabaq Hindistana gəlib, qonşu Şri-Lankada festival yanvarın 26-də başlanacaq.

Son 10 ildə Şri-Lankada 17 jurnalist və digər media mənsubu öldürülüb.

Bir çox jurnalistlər təqiblərə məruz qalmamaq üçün özünüsenzuraya üstünlük verirlər.

Ultra-millətçi Mahinda Rajapakse-nin idarə etdiyi Şri-Lanka 2005-ci ildən fövqəladə vəziyyət şəraitində yaşayır (separatçı Tamil pələngləri ilə savaşa görə).

Bu şərait polisə geniş səlahiyyətlər verir və hakimiyyətə belə şəraitdə dissident kimi qəbul edilən şəxsləri təqib etmək imkanı yaradır.

Festivalı təşkil edənlərdən biri, Şri-Lanka yazıçısı Shyam Selvadurai deyib ki, “Sərhədsiz Reportyorlar”ın etiraz kampaniyası əsassızdır.

“Çığır-bağır salan adamlar bizim festivalın proqramını diqqətlə oxumayıblar. Oxusaydılar, belə bəyanata imza atmazdılar. Bu festival tolerantlıq, barışıq və sülhü təbliğ edir. İnsanların bunu düzgün başa düşməməsi məni dəhşətə gətirir”.

“Frans-press” məsələyə münasibət öyrənmək üçün Pamukla əlaqə yarada bilməyib.

Yanvarın 24-də Şri-Lankada siyasi karikaturaçı Prageeth Eknaligoda-nın yoxa çıxmasının bir ili tamam olur.

Keçən il prezident seçkiləri ərəfəsində yoxa çıxan rəssamın öldüsü-qaldısı bilinmir.

“Azadlıq” Radiosu