«Avropa Birliyinə qarşı belə kampaniyanın aparılması müəyyən mənada Narışkinin səfəri ilə bağlıdır»
Rahim Hacıyev: «Barrozuya hücumların Dağlıq Qarabağ məsələsi ilə bilavasitə bağlı olması az inandırıcıdır»
Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu Azərbaycan hakimiyyətinin hədəfinə çevrilib. Telekanallarda Barrozuya qarşı tənqid və təhqir dolu kampaniyaya start verilib. Buna səbəb isə onun Bakıda olarkən səsləndirdiyi bəyanatın qurumun rəsmi saytında fərqli yerləşdirilməsidir. Barrozunu minüzlü siyasətçi adlandıran hakimiyyət telekanalları onun neft və qaz üçün gəldiyini, lakin heç çürük zeytun da görməyəcəyini deyir. Xatırladaq ki, J.M.Barrozu Bakıda olarkən səsləndirdiyi bəyanatında Avropa Birliyinin Azərbaycanın ərazi bütövlüyü prinsipini dəstəklədiyini deyib. Qurumun saytında yerləşdirilən bəyanatda bu cümlə olmayıb və çıxışın Azərbaycanın ərazi bütövlüyünə aid hissəsi çıxarılaraq digər fikirlərlə əvəzlənib.
Azərbaycan tərəfinin bununla bağlı sorğusuna cavab verən AB nümayəndələri Barrozunun dediklərini danmayıb. Onların cavabından belə başa düşmək olur ki, bəyanatın tezisləri bəlli olduğundan qurumun saytına xeyli əvvəl yerləşdirilib. Xarici Işlər Nazirliyinin bununla bağlı verdiyi bəyanatda isə bildirilir ki, belə bir hal təəssüf və təəccüb doğuraraq Avropa Ittifaqı ilə münasibətləri, qarşılıqlı etimad və əməkdaşlığı ciddi sual atına qoya bilər.
Avropa Komissiyasının prezidentinə qarşı başlanılan kampaniyanı ekspertlər fərqli izah edir. Əgər bir qism bunu hakimiyyətin ATƏT-in yekun hesabatının sərt olacağından keçirdiyi narahatçılıqla izah edirsə, digərləri bunu Rusiya ilə əlaqələndirir. Belə ki, Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey Narışkin Bakıya səfər edəcək. Rusiyanın Barrozunun səfərindən narahatlıq keçirdiyini anlayan iqtidar bu tip kampaniya ilə Moskva qarşısında “günahını” yumağa çalışır. Bakıdakı anlaşmadan sonra bu məsələnin belə formada ortaya atılması nə ilə bağlıdır?
Siyasi ekspert Rahim Hacıyev Barrozuya hücumların Dağlıq Qarabağ məsələsi ilə bilavasitə bağlı olmasını az inandırıcı sayır. Buna səbəb isə Avropa Parlamentinin 2010-cu ilin mayında qəbul etdiyi qətnamədə Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi tələbidir. Bu, kifayət qədər böyük hadisədir və Avropa Birliyi belə bir qətnamə ilə Azərbaycanı müdafiə etdiyini nümayiş etdirib: “Qətnamədə göstərilir ki, erməni qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmalıdır. Bu, açıq şəkildə işğal faktının etirafıdır. Avropa Birliyi Azərbaycana Assosiativ müqavilə təklif edirdi. Bu müqavilənin imzalanması üçün belə addım atıblar və Dağlıq Qarabağ məsələsində Azərbaycana hər cür dəstək verməyə hazır olduqlarını göstərmək istəyiblər”.
Ekspert Azərbaycan hökumətinin bu müqaviləyə maraq göstərmədiyini xatırlatdı. Çünki onun prinsipləri rejimin xarakteri ilə qətiyyən uyğun gəlmir: “Bu müqavilədə demokratiya, insan hüquqları məsələsi ön plandadır. Məqsəd Azərbaycanın Avropa Birliyinə üzv olması məqsədi daşıyan müraciəti üçün lazımı şəraitin formalaşdırılmasını təmin etməkdir. Ancaq Azərbaycan hökuməti bu variantla razılaşmadı. Bu səbəbdən də Barrozunun Azərbaycana səfəri 2010-cu ildə baş tutmadı”.
Ekspertin sözlərinə görə, Azərbaycan iqtidarı Dağlıq Qarabağ məsələsinə xüsusi önəm verdiyini nümayiş etdirmək istəyir. Əslində isə bu fikrin heç bir əsası yoxdur. Çünki Dağlıq Qarabağ problemini həll etmək istəyən hökumət həm NATO, həm də Avropa Birliyi ilə əməkdaşlığı özünə borc bilməlidir. Amma bütün bunların tamamilə əksini görürük.
R.Hacıyev Avropa Birliyinə qarşı belə kampaniyanın aparılmasını müəyyən mənada Narışkinin səfəri ilə bağlayır. Digər tərəfdən, Avropa Birliyinə üzv olan Latviyanın mətbuatında Ilham Əliyevin tənqid edilməsi hakimiyyəti olduqca narahat edib: “Görünür, onlar gözləyirdi ki, Barrozu ilə imzalanan bəyannamədən sonra Avropa Birliyinin Azərbaycana münasibətində hansısa müsbət meyllər olacaq. Digər tərəfdən, beynəlxalq aləmin Azərbaycanla təkcə enerji məsələləri üzrə əməkdaşlıq etməsi, yalnız bunu prioritet seçməsi dövranı arxada qalıb. ABŞ və Avropa Birliyi Azərbaycanda demokratik rejimin qurulmasını istəyir. Hakimiyyətə olan təzyiqlər də bununla bağlıdır”.
R.Hacıyevin fikrincə, Azərbaycan iqtidarı beynəlxalq aləmlə qarşıdurmaya gedir. Avropa Birliyi ilə ciddi məsafə saxlayan hökumət onların Azərbaycanda demokratiya qurulması ilə bağlı səylərini neytrallaşdırmağa çalışır.
Fizzə