Moskvada 20 Yanvar materiallarını kimlər yayıb?

 

Uzun illər heç kimin bilmədiyi bir hadisənin tarxiçəsi «Azadlıq»da

 

80-ci illərin sonlarından başlayaraq Rusiyada gizli şəkildə nəşr edilən “Anti Sovetskaya Pravda” qəzetində Bakıda törədilən 20 yanvar faciəsi ilə bağlı materialların kimlər tərəfindən və necə yerləşdirildiyi barədə çoxları məlumatsızdır. Hətta bir neçə il əvvəl rəsmi dövlət qəzeti olan “Azərbaycan” “Anti Sovetskaya Pravda”nın 1990-ci ilin yanvar ayında işıq üzü görən 7 və 8-ci saylarında 20 yanvar faciəsi barədə dərc edilən materialları təkrar çap etsə də, o zaman bu böyük fədakarlığın kimlər tərəfindən edildiyini yazmadı. Qəzet bu işi naməlum şəxslərin fəaliyyəti kimi təqdim etdi. Çünki doğrudan da həmin fədakar insanların kim olduğu bəlli deyildi. Lakin 20 yanvar faciəsinin 21-ci ildönümündə biz o zaman bu böyük fədakarlığı edən şəxslərin kimlər olduğunu oxucularımızın diqqətinə çatdıracağıq.

“Anti Sovetskaya Pravda” qəzetinin baş redaktoru Sergey Boqdanov adlı şəxs olub. Həmin qəzet o zaman Kommunist Partiyasına alternativ yaradılan Respublika Partiyasının rəsmi orqanı kimi fəaliyyət göstərib. Sergey Boqdanov məhz 20 yanvar faciəsilə ilə bağlı materialları qəzetində dərc etdirdiyinə görə sonradan qətlə yetirilib.

Bu məlumatları bizə AXCP-nin Saatlı şöbəsinin sədri Şamil Hacıbəyli verib. Onun özünün də 20 yanvar faciəsilə bağlı həqiqətlərin “Anti Sovetskaya Pravda” qəzeti vasitəsilə yayılmasında müstəsna xidmətləri olub. Şamil Hacıbəyli həmin dövrü belə xatırlayır: “20 yanvar faciəsi baş verəndən bir neçə gün sonra rəhmətlik Əbülfəz Elçibəy belə bir müraciət etmişdi ki, Rusiyada təhsil alan gənclər Sovet ordusunun törətdiyi bu vəhşiliklər barədə materialları Moskva, Leninqrad və digər bu kimi iri şəhərlərdə yaysınlar. Mən də o zaman Rusiyada təhsil alırdım. Amma 20 yanvar hadisələri zamanı Bakıda idim. Əbülfəz bəyin müraciətindən sonra bu işi öz üzərinə götürənlərdən biri də mən oldum. Digər iki nəfər  Ramazan Səmədov və Kamal adlı bir cəbhəçi idi. Qurban Məmmədov 20 yanvar hadisələri zamanı çəkilən videokasetləri bizə verdi. Tapşırığa görə biz bu kasetləri Moskvada yaymalıydıq. Lakin Moskvaya bilet tapa bilmədik. Qurban Məmmədov bizi Leninqrada yola saldı. Leninqradda bizi tələbə yoldaşlarım Sergey Poxomov və Marina Paley qarşıladı. Mən gəlişimizin səbəbini onlara izah etdim. Sergeylə Marina bizə kömək edəcəklərini dedilər. Və doğrudan da bu materialların yayılmasında böyük fədakarlıq göstərdilər”.

Şamil bəyin sözlərinə görə, tələbə yoldaşı Marina Paley onları “Anti Sovetskaya Pravda” qəzetinin redaktoru Sergey Boqdanovla tanış edib. Sergey Boqdanov 20 yanvar hadisələri zamanı çəkilən videogörüntülərə baxıb və qəzetinin 2 sayını bu dəhşətli olaya həsr edəcəyini bildirib: “Sergey Boqdanov vədinə əməl etdi. Başqa bir tələbə yoldaşım Pyotr Kojevnikov 20 yanvar hadisələri çəkilən videokasetlərdən bəzi görüntüləri yerli televiziyada yayımladı. Təbii ki, bu, ona işdən qovulmaq bahasına gəldi. Bundan sonra Marina Paley Leninqraddakı Ziyalılar Evində yerli ziyalılarla bizim görüşümüzü təşkil etdi. Videokasetlər orada da nümayiş etdirildi. Bu arada artıq ”Anti Sovetskaya Pravda”nın 20 yanvar hadisələrinə həsr olunmuş sayları hazır oldu. Biz həmin qəzeti Moskvaya aparmalı idik. O zaman tələbə yoldaşım Murad Köhnəqala Moskvada idi. Ona zəng vurdum. Murad gəldi və biz qəzetləri kisələrə yığaraq Moskvaya apardıq və orada yaymağa başladıq”.

Şamil Hacıbəyli deyir ki, qəzetlərinin bir hissəsini yaydıqdan sonra qalan hissəni Bakıya aparmaq lazım oldu: “Artıq Moskvada bizi axtarırdılar. Çünki o zamankı hökumət paytaxtda belə materialların yayılmasından bərk narahat olmuşdu. Biz Bakıya bir bilet tapdıq. Ramazan Səmədov Bakıya getməli olduğu üçün qəzetləri də ona verdik. Lakin aerovağzalda polis bizi saxladı və kisənin ağzını açılmasını tələb etdi. Biz hamımız təşviş içində idik. Çünki bəlli həbs olunmaq təhlükəsi ilə üzləşmişdik. Lakin bu an möcüzə baş verdi. Hava limanının işçilərindən biri bizi saxlayan polisə dedi ki, kənarda dava düşüb. Polis bizə kisəni açmağı əmr edərək hadisə yerinə getdi. Biz tez Ramazan Səmədovu təyyarəyə yola saldıq və həbs olunmaqdan qurtulduq”.

Şamil Hacıbəyli indiyə qədər bu barədə susmağına da aydınlıq gətirdi: “Bu faktı ictimailəşdirməyə ehtiyac duymurdum. Amma hər dəfə bu məsələ gündəmə gəlir və heç kim bilmir ki, bu işi kimlər görüb. Ona görə də istədim ki, ictimaiyyət xüsusilə Sergey Boqdanov, Marina Paley, Sergey Poxomov, Pyotr Kojevnikov, Ramazan Səmədov və Murad Köhnəqalanın o zaman belə bir fədakarlıq etdiyindən xəbərdar olsun”.

Vidadi