Hansı ölkə və nəyə görə qürur mənbəyi ola bilər?

 

Azərbaycanı sevmək və ya onu bir başqa ölkənin ayaqları altına atmaq hansı ideyalardan doğa bilər?

İranın hakimiyyətdə olan partiyası Azərbaycan Islam Partiyasının həbsini pisləyən sərt bir bəyanat yayıb. Bu, bir neçə baxımdan anlaşılmazdır. Birinci anlaşılmazlıq bundan ibarətdir ki, Iran Koalisiya Partiyası ilə Azərbaycandakı Islam Partiyası arasında hər hansı gerçək və aşkar əməkdaşlığın olduğu barədə kimsədə bilgi yox idi. Buna görə də Iran hakimiyyət Partiyasının belə operativ reaksiyası çox gözlənilməz oldu.

Ikinci anlaşılmazlıq bundan ibarət oldu ki, Irandakı ictimai-siyasi təsisatlar bu vaxta qədər Azərbaycanda insan haqları ilə bağlı problemlərə yönəlmiş heç bir bəyanat-filan səsləndirməyiblər. Hətta 1995-ci ildə Islam Partiyasının o zamankı rəhbərliyi həbs ediləndə də hakim Iran partiyasının cınqırı çıxmamışdı.

Növbəti anlaşılmazlıq bundan ibarət oldu ki, hakim partiyanın arxasınca Iran kəşfiyyatının hədələyici bəyanatı səsləndirildi və bu, Azərbaycanda həbs edilən dindarların vəziyyətini pisləşdirmək üçün məqsədli şəkildə səsləndirilən etiraz kimi dəyərləndirilə bilər.

Daha sonrakı anlaşılmazlıq bundan ibarətdir ki, Azərbaycanda Islam Partiyası fəallarının həbs edilməsi ilə bağlı bəyanatı Irandakı hansısa ictimai təşkilatlar, yaxud hansısa hüquq-müdafiə təşkilatları yox, məhz hakimiyyətdə olan partiya səsləndirir. Amma bu, həm də tamam-kamal anlaşılan məsələdir. Məsələ burasındadır ki, Iranda ölkənin içində fəaliyyət göstərən hüquq-müdafiə təşkilatı yoxdur. Bu anlaşılan məsələ vəziyyəti qəlizləşdirir.

Bəli, Azərbaycanla bağlı məsələ aydındır. Bizim ölkəmizdə hakimiyyət davamlı olaraq demokratiya meyllərindən imtina edir və Azərbaycanda Iran tipli avtoritar rejim yaratmaq niyyətindədir. Azərbaycanda rəsmi siyasətin bu tendensiyasına qarşı davamlı olaraq müqavimət göstərən ictimai-siyasi təşkilatlar da var. Amma Iran demokratiya ilə tamam və birdəfəlik qurtarmış bir dövlət hakimiyyəti olaraq Azərbaycanda insan haqları ilə bağlı bəyanat verirsə, bu, hətta bir qədər məzəli görünür.

Öz vətəndaşlarımızı öldürmək bizim daxili işimizdir!

Iranda insan haqları dəhşətli vəziyyətdədir. BMT və dünyanın bütün hüquq-müdafiə mexanizmləri davamlı olaraq Iranı bu məsələyə görə tənqid edirlər: jurnalistlərin həbs edilməsi, siyasi azadlıqların boğulması üzündən yaranan dissidentlik, dini və gender bərabərsizliyi kimi məsələlər Iranı insan haqları ilə bağlı çox aşağı müstəviyə otuzdurub.

Iran repressiya maşınının ötən əsrin 80-ci illərindən başlayaraq törətdiyi dəhşətləri bir yana buraxaraq, təkcə onu qeyd etmək kifayətdir ki, “Human Rights Watch” kimi nüfuzlu beynəlxalq təşkilatlar Əhmədinejadın prezidentliyi dövründə insan haqları ilə bağlı vəziyyətin daha da pisləşdiyini bəyan edir. 2009-cu ildə keçirilən prezident seçkilərindən dərhal sonra repressiya maşını yeni güclə işə salınmışdı. Təbii, Iran rəsmiləri bu həyəcanlı hesabatları həmişə qulaqardına vurur və “biz Qərb standartlarını rədd edirik”, deyə bu cür hesabat yayan təşkilatları hətta təhqir edirlər. Iran rəsmiləri belə hesab edirlər ki, insan haqları, insanların günahsız olaraq tutulması, işgəncəyə məruz qoyulması, öldürülməsi, daş-qalaq edilməsi kimi vəhşətlər Qərb standartlarına əsasən ittiham edilsə də, “Şərq standartları”na görə təbiidir. Azərbaycan Islam Partiyasının sədri də həmin standartlarla həbsə alınıb və buna görə də Iran tərəfdən hər hansı etiraz-filan yersizdir.

Ümmət üçün Vətəni sevmək hökmü

Həbs edilən Mövsüm Səmədov “adımın Iranla yanaşı çəkilməsi ilə fəxr edirəm”, söyləmişdi. Əlbəttə, mən bu baxışı təqdir etmirəm ki, hansısa ideoloji xəttə bağlılıq insanı öz vətəninə deyil, başqa bir ölkəylə bağlılıqla ehtizaza gətirə bilər. Bu, xəstə ideologiyadır. Islam dininin əsaslarını insanlara çatdıran Həzrət Məhəmməd (s.) “Vətəni sevmək imandandır”, deyə ümmətə xitab etmişsə, bu dinə iman gətirənlər üçün Vətən sevgisi iman göstəricilərindən biri sayılır. Vətəni kimin hansı kökə salmasından asılı olmayaraq. Məsələn, bir demokrat demokratiya ideyalarına nə qədər sıx bağlı olsa da, öz Vətən təəssübkeşliyini heç zaman güzəştə getməz; demokratiya dəyərləri Vətənə müqəddəs anlam verən insdanlar üçündür.

Iranınsa, hətta ümmət anlayışı ilə bağlı doktrinası da bütöv deyil, yarımçıqdır. Axı Iranda rəsmi dövlət dini ümumiyyətlə, Islam deyil, “şiəliyin cəfəri məzhəbidir”. Bu o deməkdir ki, Iranda sünni cərəyanına məxsus müsəlmanlar da, rəsmən, az qala, dini azlıq kimi nəzərdən keçirilir. Əlbəttə, söhbət ondan getmir ki, Iranın dini mülahizələrlə bağlı bu seçimi korrektə olunmalıdır, ya yox. Söhbət ondan gedir ki, bütün dünyada ictimai birgəyaşayışın ən uğurlu modeli demoktratiyadır və əgər Azərbaycanda bu demokratiyanın təminatları olsa, o halda Mövsüm Səmədov  kimi fərqli düşünən insanların şərlənərək həbs edilməsi dövlət siyasəti olmaz.

Azərbaycanda dindarlar nəyə görə təqib edilir?

Əlbəttə, Islam partiyasının dalğasında həbs edilənlərin hamısının siyasi məhbuslar olduğu barədə şübhələr çox azdır. Hətta, “mən adımın Iranla yanaşı çəkilməsi ilə fəxr edirəm” bəyanatı da siyasi bəyanatdır. Amma Azərbaycanda siyasi motivlərlə həbslər ona görə həyata keçirilir ki, dünyada bu motivlə həbsetmə praktikası var. Insanları siyasi motivlə həbsə alan, təqib edən ölkələrin siyahısında isə Iran ilk yerlərdən birində dayanır.

Bu ölkədə söz və mətbuat azadlığı Konstitusiya ilə məhdudlaşdırılır. Iran Konstitusiyası buyurur ki, “mətbuatda ictimai maraqlarla ziddiyyət təşkil edən kurs qadağandır”. Bu, “ictimai maraqları” isə dövlət məmurları müəyyən edir, qanun yox.

Orada siyasi azadlıqlar da yoxdur. “Iranın təhlükəsizliyi Qanunu” adlı mücərrəd bir qanun vətəndaşların birləşmə, assosiasiya yaratma, sərbəst toplaşma,.. azadlıqları qarşısında möhkəm bir sədd çəkib.

Vətəndaşlara qarşı siyasi repressiyaları həyata keçirmək üçün dövlət orqanlarıyla yanaşı, Iran hakimiyyətinin xüsusi səlahiyyət verdiyi ictimai təşkilatlar da fəaliyyət göstərir. Bu ictimai təşkilatlardan tələbə hərəkatlarını və s. ictimai etiraz görsənişlərini boğmaq, tanınmış ictimai liderlərə, hətta həbsxana divarları arxasında da divan tutmaq üçün istifadə edilir. Iranda Baş Həbsxanalar Idarəsinə tabe olmayan xüsusi yarımməxfi həbsxanalar da bu “yarımdövlət” təsisatların fəaliyyət meydanlarındandır.

Bu həbsxanalarda insanlıqla bir araya sığmayan işgəncələr tətbiq edilir.

Iran qürur duyulası və örnək alınası bir ölkə deyil.

Azərbaycandakı dindarların hüquqları ona görə pozulmur ki, burası Iranla müqayisədə daha qəddar bir rejimin hakimiyyətdə olduğu bir ölkədir. Əksinə, dindarların da, dindar olmayanların da, bütün vətəndaşların da hüquqları o səbəbə görə pozulur ki, Azərbaycanda demokratik idarəetmə yoxdur. Eyni qayda üzrə, Iranda da demokratik idarəetmə yoxdursa, o halda, hansısa Azərbaycan vətəndaşı Iranın mövcudluğundan niyə xüsusilə qürur duymalıdır ki?..

Hürriyyət qanunlara yox, kiminsə kefinə bağlı olanda…

Indi həbsdə olan Mövsüm Səmədov və onunla birlikdə həbs edilənlərin hamısı Azərbaycanda salamat qalmış demokratiya təsisatları tərəfindən ictimai dəstəklə təmin olunurlar. Bu demokratiya elementləri Azərbaycanla qürur duyan, adının “Azərbaycan” sözü ilə yanaşı çəkilməsindən şərəf hissi yaşayan insanların fədakarlığı sayəsində salamat qala biliblər. Birincisi, həmin dəyərlərin qədrini bilmək lazımdır. Ikincisi isə, Azərbaycanın hələ tam olaraq iranlaşmadığına şükür etmək lazımdır. Axı nə dəxli var, kimi şərləyib tuturlar: Mövsüm Səmədovu və ya başqasını? Başlıca məsələ budur ki, bu praktika idarəetmə üsulu kimi sıradan çıxarılsın. Qürur duyulası ölkələr o ölkələrdir ki, oralarda insanları siyasi baxışlarına görə təqib edən dövlət hakimiyyətləri qurmaq mümkün deyil; o ölkələrdə Allahın insanlara əta etdiyi hürr yaşamaq neməti hansısa dövlət məmurunun kefinə və ovqatına bağlı deyil.

***

Azərbaycan müsəlmanlarının həbsini sərt ittiham edən Iranın dövlət məmurları bu bəyanatdan ikicə gün sonra Bakıya gəlib burada qaz müqaviləsi imzaladılar və getdilər…

Ay səni, “ideyalarla yemlənən məmləkət!..