Çiçəklər mövsümü hələ qabaqdadır…

 

Son vaxtlar inqilablara niyə çiçək adları qoyurlar? Düşünmüsünüzmü? Mən də bunun əsl səbəbini bilmirəm, amma güman ki, bu, sevginin təzahürüdür. Dünyada inqilablar haqda təsəvvürlər dəyişir, hətta onlar ötəri zorakılıqla və qarətlə müşayiət olunsa belə.

Fikir vermisinizmi, son illərdə baş vermiş bütün inqilablar zamanı münasibət əvvəlki mühafizəkar çərçivədən kənarda olub, heç kim “qanuni” hakimiyyəti devirməyi pisləməyib, heç kim “legitim hakimiyyət”ə itaət etməyə çağırmayıb. Amma əvvəllər belə deyildi. Bu isə o deməkdir ki, dünya tədricən geosiyasi meyarlardan uzaqlaşır, daha “sənin” və “mənim diktatorum” kimi siyasi qəliblər yoxdur. Əvvəllər isə Qərbin və Şərqin öz diktatorları olurdu. Inqilablar zamanı gah Qərb, gah da Şərq bunu pisləməklə məşğul olurdu. Indi artıq bu, yoxdur, ən azı müşahidə olunmur. Hamı çalışır ki, özü haqqında dünyadakı rəyi korlamasın.

Bəli, indi hamının diqqəti 23 illik hakimiyyətdən sonra devrilən 74 yaşlı Tunis diktatoru Ben Əliyə və onun ölkəsinə yönəlib. Dünyada diktatorların biri azaldı, fəqət hələ bunu diktaturalar haqqında demək olmur. Dünya ümidlə baxır. Bəzən ümidlər puç olur, amma buna ancaq təəssüf edirlər. Səbəb? Inqilab demokratik ənənəsi olmayan bir ölkədə baş verib. Amma bu da hələ hamısı deyil. Hə, müvəqqəti olaraq ölkəyə keçmiş siyasi administrasiyanın adamları başçılıq edir. Məgər bu, sizə nəyisə xatırlatmırmı? Bəli, elə Qırğızıstanda devrilmiş prezidentin tərəfdarları parlament seçkisini uddular və özləri hökumət qurdular.

Daha bir inqilab ölkəsində – Ukraynada prezident ikinci seçkini gülünc bir nəticə ilə uduzaraq öz yerini Rusiya yönümlü siyasətçiyə vermədimi? Bəli, bunlar da olub. Ona görə bir qədər ehtiyatlı proqnozlar eşidilir.

Bilirsiniz, diktator həm də müəyyən bir siyasi sistemi təcəssüm etdirir, sistemi demontaj etmədən avtoritarizmin və yaxud totalitarizmin getdiyini iddia etmək olmaz, onlar öz növbəsini gözləyir… Ona görə də inqilab bunları etməzsə, o, yaddaşda sadə bir siyasi çevriliş kimi qalacaq.

Mən bir detalı da qeyd etmək istəyirəm. Hə, cəmi 8 min nəfər etirazçı Ben Əlini yola saldı. Qoy, özünün kütləvi təşkilat olduğunu iddia edən bəzi aciz siyasi partiyalar da bundan nəticə çıxarsın. Amma bu 8 minin başqa bir tərəfi də var. Bəli, Tunis əsl siyasi islahatlar yoluna qədəm qoymasa, məlum olacaq ki, bu 8 min nəfər də hərbi-siyasi qrupların əlində sadəcə, oyuncaq olub. Bir sözlə, qışda adam çiçəklər üçün qəribsəyir və bəlkə elə buna görə də “yasəmən inqilabı” da oldu. Bunu elə-belə, “bədiilik” xatirinə yazıram, amma siyasət əksər hallarda bədiilikdən uzaq olur, çünki bədiilik romantizmdən bir qədər geniş və fərqli anlayışdır.

Bəli, inqilab romantikadır, bunu da inkar etmirəm, amma bu romantikanın ardınca qolunu çırmalayıb gecə-gündüz çalışmalısan ki, gözəl ümidlər puç olmasın. Tunislilər özlərində bu gücü tapa biləcəklərmi? Bu, tez bir vaxtda aydın olacaq, tələsməyin, çiçəklər mövsümü hələ qabaqdadır…

20 Yanvar ərəfəsində

Doğrusu, bilmirəm, bizimkilər hara gedib? Latviyaya, yoxsa Litvaya? Mənim üçün bunun elə bir mənası və əhəmiyyəti yoxdur. Amma ürəyimdə hələ də Baltik respublikalarına qarşı bir isti münasibət var. Bir vaxt oralar elə siyasi məktəb idi. Amma mənim onlara simpatiyam bir az da əvvəldən başlayıb. O vaxtlar orada mənim üçün iki ad maraq doğururdu. Təbii ki, bu, siyasətdən uzaqdır – biri Eynasto və o bir də Lotman… Hər ikisi Estoniyada çalışırdı, biri ədəbiyyatşünas – semiotik idi, o birisi isə astrofizik idi. Lotman artıq çoxdan vəfat edib. Maraqlıdır, görəsən Eynasto yaşayıb-yaradırmı? Müstəqillikdən sonra bəlkə Estoniya da kiçilib və inkişaf etməkdə olan bir ölkəyə çevrilib? Hər halda, oralar Avropadır. 20 Yanvarda biz də beləcə arzulara qapılmışdıq. Amma cəmi elə beş-on nəfərin arzusu çin çıxdı, onlar mal-mülk və vəzifə sahibi oldular. Bizə isə problemlər, bir də məzarlar – şəhid məzarları qaldı… Və bir də ürək ağrısı… Yəqin, bu da simvolikdir, Bakının küçələrini elə qışda çiçəklər bəzəyir…