Yalan ayaq tuturmu?

Sürrealist bir ölkə. Amma sürrealizmdə bütün digər təmayüllər kimi estetika var. Burada estetika yoxdur, aldatmaq və yenə də aldatmaq cəhdi var. Hətta başqa bir analogiya da yararsız görünür. Sovetlərin vaxtında Fomenko adlı (tam adını unutmuşam) riyaziyyatçı vardı. Məşğul olduğu həndəsə sahəsini – topologiyanı rəsmlərə tətbiq edərək ecazkar təsvirlər yaradırdı. Bunların qeyri-adiliyi onda idi ki, adət etdiyimiz gündəlik görüntülərin bizə naməlum olan cəhətləri açılırdı. Amma burada da bir estetika vardı, xətlərin, cizgilərin estetikası. Amma burada nə görürük? Yalan! Yalan! Yalan! Y.Gebbels iddia edirdi ki, yalanı təkrar-təkrar, ucadan deyəndə o, həqiqətə bənzəyir. Yəqin haqlı idi. Həyat özü böyük mənada yalandır.

Amma biz insanlar gündəlik və cari həyatımızda həmişə bunu unutmağa cəhd edirik və unutmalıyıq. Kiçik mənada yalan – yəni, bir-birimizə söylədiyimiz yalanlar yaxşılığa xidmət etmir. Burada mən yalan deyəndə də məhz elə kiçik mənada yalanı nəzərdə tuturam. Diktaturaları bu yalansız təsəvvür etmək mümkün deyil. Həqiqət, əxlaq, mənəviyyat, ümumiyyətlə, xırdalanmağı sevmir. Bir qrupun həqiqəti, bir qrupun əxlaqı, bir qrupun mənəviyyatı həmişə totalitarizm deməkdir, əsl diktatura deməkdir. Totalitarizmin adında bir total sözü olsa da, o, dardır, həmişə hansısa bir qrupun maraqlarını və baxışlarını ifadə edir. Amma hər an, həmişə umumiliyə can atır, təsadüfi deyil, totalitar və avtoritar rejimlər hamıdan çox “ümumi” sözündən istifadə edir… Bir qədər kənara çıxdım axı deyəsən… Sürrealizmdən başlamışdım. Amma problem yoxdur. Söhbət elə yalan üstündə idi. Bilirsiniz, burada bəlkə də konkret sitatlar gətirərək bunu əyani nümayiş etdirmək daha düzgün olardı. Amma lüzum varmı? Özləri 60 faiz deyirlər! Ölkə iqtisadiyyatı 60 faiz neftdən asılıdır. Deməli, bizim tutaq ki, Gürcüstandan fərqimiz ondadır ki, onların nefti-qazı yoxdur, bizim isə var. Belə olan təqdirdə, yəni hər şey bu qədər sadədirsə, uzun-uzadı sözə-söhbətə, “iqtisadi” mülahizələrə nə ehtiyac var? Onsuz da hər şey aydın və anlaşıqlıdır. Mən bir dəfə Norveç kralı ilə müsahibəni dinləmişdim. O, bir detalı xüsusi nəzərə çarpdırmağa çalışırdı ki, norveçlilər bəxti gətirən millət deyillər. Bizim sadəcə, bəxtimiz gətirib. Ən pisi isə odur ki, biz bunu xüsusi bir formada gözə soxmağa çalışırıq – baxın, bizim bəxtimiz gətirib. Məlum deyil ki, neft və qaz olmasaydı biz nə gündə olardıq! Prinsipcə, məlumdur, amma bunu etiraf etməyi sevmirik. Dünyada iqtisadi möcüzələr olub və var. Amma bunların arxasında böyük iqtisadi siyasət və titanik bir əmək dayanır. Amma biz nə deyirik? “Neft və qaz strategiyası sayəsində…”. Vəssalam. Elə bu cür siyasəti sovetlər vaxtında A.Kosıgin də etmişdi, neft-qaz hasilatını və satışını artırmışdı. Nə oldu? Bir-iki il kef, sonra isə… Sonra məlumdur nə oldu – sovetlər yoxdur… Ruslar indi keçmişin səhvlərini təkrar etməmək üçün əllərindən gələni edirlər. Amma istədiklərinə nail olacaqlarmı? Dəxli yoxdur, öz problemlərimiz onsuz da çoxdur, bizə öz yalanlarımız kifayətdir.

Iclas keçirmək məharəti

Bunlar hələ bunu da öyrənməyiblər. Uzun bir stol… Hamı dəftərçəsinə nəsə qeyd edir. Nə qeyd edirlər? Əslində onlar danışmalı, prezident isə qeydlər etməli, suallar verməli və sonda bütün məsələlərlə, ya da ki, konkret hallarla bağlı fikirlərini bildirməli və tapşırıqlarını verməlidir. Bir məsələni – miqyası unutmaq olmaz, bu şəhər, bu ölkə çox kiçikdir, prinsipcə, gedib hər şeyi öz yerində yoxlamaq mümkündür. Bu saat işsizlik elə vəziyyətdədir ki, insanlar harada nə işlərin getdiyini hamıdan gözəl bilirlər…

Kiçik sözardı

Əvvəl sualla başladıq: yalan ayaq tuta bilirmi? Bunlar heç bunun fərqində deyillər. Bizim inanmağımızın və yaxud inanmamağımızın bunlar üçün heç bir fərqi yoxdur, çünki bunu büruzə vermək, təzahür etdirmək üçün bizlərə heç bir imkan verilmir. Özləri danışır, özləri də alqışlayırlar… Bizlər isə sadə bir tamaşaçılarıq, fəqət, hətta tamaşaçıların da təsiri bizdən artıqdır.