Qərb mediası isə Tunis inqilabının bütün Ərəb dünyasına yayılacağını yazır
“New York Times”: “Repressiv, korrupsiyalaşmış sistemlər facebook, bloqlar, bloqqerlərlə üz-üzə qalıblar”
Tunisdə 23 illik diktator Ben Əlinin devrilməsindən sonra siyasi gərginlik davam edir.
Yanvarın 18-də ölkədəki ən böyük həmkarlar təşkilatı elan edib ki, onun üç naziri yeni hökumətdən geri çəkilir.
Təşkilatın rəsmisi dövlət televiziyasına müsahibəsində devrilmiş prezident Ben Əlinin adamlarının yeni hökumətdə də öz vəzifələrində qalmalarına etiraz olaraq bu addımı atdıqlarını deyib.
Yanvarın 14-də prezident Ben Əli Səudiyyə Ərəbistanına qaçandan sonra dövlət başçısının vəzifələri parlamentin sədri Fuad Mebzaya keçib. O da keçmiş baş nazir Məhəmməd Qannoşiyə müxalifət liderlərinin də daxil olduğu yeni milli birlik hökuməti yaratmağı tapşırıb.
Köhnə nazirlər yeni hökumətdə niyə qalıb?
Qannoşi yanvarın 17-də yeni hökumətini elan edib. Milli Birlik hökuməti adlanan kabinetdə Məhmməd Qannoşinin özü ilə yanaşı, Daxili İşlər, Xarici İşlər, Müdafiə və Maliyyə nazirləri devrilmiş prezidentin partiyasının nümayəndələridir.
Ölkənin ən böyük və etibarlı müxalifət partiyası hesab edilən İslahatçı Demokrat Partiyasının liderinə isə milli birlik hökumətində regionların inkişafı üzrə katib vəzifəsi verilib.
Qannoşi yeni hökumətinin tərkibini elan edərkən bildirib ki, onlar ölkədə işləyən demokratiya yaratmağa çalışacaqlar: “Hökumətin vəzifəsi qanunlarda islahatlar yolu ilə demokratiyaya keçidi təmin etməkdir. Hökumət həmçinin müstəqil hakimiyyət qurumunun təşkil etdiyi və beynəlxalq müşahidəçilərin izlədiyi azad seçkilərin keçirilməsini təmin edəcək”.
Qannoşi əvvəlki nazirlərin yeni kabinetdə da öz postlarında saxlanmasını onların “təmiz olması” və hər zaman “milli mənafelərdən çıxış etmələri” ilə iazah edib.
İki gündür Tunis küçələrində etiraz aksiyası keçirən vətəndaşlar isə bildirirlər ki, baş nazir Qannoşi də devrilmiş prezident Ben Əli ilə birlikdə dinc vətəndaşları qətlə yetirib. Onun yeni hökumətə rəhbərlik etməyə haqqı çatmır.
Demokratik qüvvələri müdafiə etmək ABŞ və Avropa Birliyinin vəzifəsidir
Qərb mediası isə Tunis hadisələrinin başqa ərəb ölkələrinə mümkün təsirini araşdırmaqda davam edir. “New York Times” qəzetində müəllif Roger Koen yazır ki, Tunis bütün ərəb dünyasını oyandıran “şeypura” çevrilə bilər: “Çoxu ABŞ-ın müttəfiqləri olan ərəb ölkələrində rejimlər gənclərlə əlaqələrini itiriblər. Onların repressiv, korrupsiyalaşmış sistemləri peyk televiziyaları, facebook, bloqlar, bloqqerlərlə üz-üzə qalıblar.
Kütləvi etiraz aksiyaları ilə kiminsə hakimiyyətdən getməsi ərəb ölkələrində nəsə yeni bir şeydir. Artıq bunun Əmmandan Qahirəyə, Körfəzdən Tripoliyə qədər dalğası yayılmaqdadır.”
Müəllif hesab edir ki, indi Tunisdə demokratik qüvvələri müdafiə etmək ABŞ və Avropa Birliyinin birbaşa vəzifəsidir. Qərb Milli Birlik hökumətinin azad və ədalətli seçki keçirməkdən başqa hər hansı addımı rədd etməlidir.