“Tunis hadisələri diktatorları qorxuya salıb”

“The Independent”: “Bu ölkədə baş verənlər regionun başqa avtoritar rəhbərləri üçün xəbərdarlıqdır”

Böyük Britaniyanın və Avropanın nüfuzlu “The Independent” qəzetinin Beyrut üzrə xüsusi təmsilçisi Robert Fisk Tunisdə baş verən olayların bütün regionun gələcək siyasi orientasiyası baxımından nələrə yol açağını “Euronews”a şərh edib.

Robert Fiskin sözlərinə görə, Tunisdə yaşanan hadisələr regionun avtoritar liderləri, xüsusən də Misir, Iordaniya və Mərakeş rəhbərlərinə xəbərdarlıq kimi də qəbul edilməlidir. Onun fikrincə, Fars körfəzi ölkələri özlərini Tunisin keçmiş rəhbəri kimi Qərbmeylli göstərməklə demokratik dünyanın dəstəyini qazanacaqlarını düşünəcəklər. Lakin onların imitasiyası məqsədlərinə yetmək üçün keçərli olmayacaq.

“Biz bilirik ki, insanlar Əlcəzair və Misirdə özlərini yandırmaqla hökumətə etirazlarını bildirirlər. Bu hadisələr ərzaq məhsullarının artımının müşahidə edildiyi Livan üçün də xəbərdarlıqdır. Ancaq həm etirazçılar, həm də müxalifət qlobal sosial dəyişiklik edəcək proqrama sahib deyil. Fikirləşirəm ki, diktatorların əksəriyyəti Qərb dünyasına üz tutacaq. Onlar düşünür ki, demokratik dünya keçmişdə olduğu kimi bu dəfə də diktatorların yanında yer alacaq. Vaxtilə Fransa, Ingiltərə və digər Avropa ölkələri, eləcə də ABŞ Tunisin keçmiş rəhbəri Ben Əliyə dəstək olurdu. Halbuki, Qərb Ben Əli kimi diktatorlara ”demokrat” olduqları üçün yox, “Əl-Qaidə” kimi ekstremist terror təşkilatlarını nəzarətdə saxladıqları üçün göz yumurdu”, – deyə Robert Fisk bildirib.

“The Independent”in Beyrut təmsilçisi onu da əlavə edib ki, Tunisdə baş verən hadisələr onun üçün gözlənilməz olub. Hətta Tunisin yüksək vəzifəli şəxsləri də ölkədə baş verənlərin nəzarətdən çıxaraq hakimiyyət dəyişikliyilə nəticələnəcəyinə inanmırdılar. Robert Fisk Tunisdə güclü müxalifətin formalaşdığını da qeyd edib: “Tunis cəmiyyəti daxilində hüquqşünasların çoxluq təşkil etdiyi intellektual müxalifət formalaşmışdı. Bu proses bütün müsəlman ölkələrində müşahidə olunur. Belə olan halda xüsusi xidmət və digər hüquq-mühafizə orqanları daha aqressiv addımlara keçəcəklər. Ən əsası isə budur ki, Tunisdə yaşananlardan sonra diktator liderlər qorxmağa başlayıb”.