Partiya nizamnaməsi rəhbər şəxslərin əhval-ruhiyyəsinə uyğun formalaşır
Kəramət Salayev: «Arif Hacılı insanları mənəvi keyfiyyətinə görə müqayisə edərkən birinci özündən başlasa, yaxşı olar»
“Arif Hacılı nəyə görə müsavatçıların dəstəklədiyi birlik ideyasına qarşı çıxdığını izah etsə, yaxşı olar”. Bu sözləri qəzetimizə açıqlamasında ötən həftə Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatından istefa verən Kəramət Salayev deyib.
Müsavat rəhbərliyinin mətbuatda onların istefa səbəblərini təhrif etməyə çalışdığını deyən K.Salayev vurğuladı ki, onların təşkilatdan istefa vermələrinə səbəb partiya rəhbərliyinin qeyri-müəyyən mövqeyidir: “Biz bilmək istəyirik ki, nədən Müsavat rəhbərliyi birlikdən, müxalifətdaxili inteqrasiyadan danışdığı bir zamanda birləşməyə zərbə vurur? Nəyə görə Müsavat nizamnaməsi rəhbər şəxslərin əhval-ruhiyyəsinə uyğun formalaşır? Partiyanın kursunun niyə bu tərz dəyişdiyini bilmək istəyirik? Biz bu suallarımıza cavab almaq istəyirik. Amma təəssüf ki, bizim bu müraciətlərimiz şöbə səviyyəsinə qədər endirilərək, yalnız Ikram Israfil və təşkilat sədri Fəxrəddin Abbasovun timsalında cavablandırılır”.
Xatırladaq ki, Sumqayıt şəhər təşkilatından istefa verənlər yaydıqları bəyanatda vurğulamışdılar ki, bu addımlarına səbəb partiyanın siyasi kursu ilə razı olmamalarıdır. Istefa verənlər Müsavatın AXCP ilə birləşmə məsələsində tutduğu mövqeyə etirazlarını bildiriblər: “Partiyadan istefa verməyimizin ilk səbəbi partiyanın AXCP ilə birləşmə siyasətindən imtina etməsidir. Birləşmə əleyhinə atılan addımlar Müsavatın 2013-cü ildə keçiriləcək prezident seçkilərindəki siyasi rəqabətdə iştirak etmək istəməməsindən xəbər verir”.
K.Salayev eyni zamanda Müsavat Icra Aparatının rəhbəri Arif Hacılının partiyadan indiki dönəmdə uzaqlaşanları ittiham etməsinə də münasibət bildirdi. Xatırladaq ki, A.Hacılı “Azadlıq”a açıqlamasında bildirmişdi ki, son zamanlar Müsavat Partiyasına daxil olanların sayı onu tərk edənlərin sayından qat-qat çox olub. Və hazırda hakimiyyətin müxalifəti, Müsavat Partiyasını siyasi səhnədən silməyə çalışdığı, demokratik qüvvələri parlamentdən kənarda qoyduğu bir şəraitdə partiyanı tərk edənlərin mənəvi keyfiyyəti ilə ora daxil olanların mənəvi keyfiyyəti arasındakı fərqi hamı anlayır. K.Salayevin sözlərinə görə, A.Hacılı insanları mənəvi keyfiyyətinə görə müqayisə edərkən birinci özündən başlasa, yaxşı olar: “Uzun müddət biz partiyanın sıralarında olmuşuq. Partiyanın ən ağır günlərində onun çətinliklərini bölüşmüşük. Amma təzə gələnlərin özlərini necə aparacaqları bəlli deyil. Düşünürəm ki, Müsavat Partiyasının sıravi üzvləri Arif Hacılının fikirlərindən nəticə çıxarsalar yaxşı olar. Arif Hacılı və partiya rəhbərliyi nəyə görə müsavatçıların dəstəklədiyi birlik ideyasına qarşı çıxdığını izah etsə, daha yaxşı olar”.
Xəyal