«Milis idarəsinin qarşısında 12-13 yaşlı bir oğlanı güllələdilər»
Zakir Məmmədzadə: «Bu, Vəli Axundova qarşı hesablanmış ssenari ola bilərdi»
7 noyabr nümayişinin və iğtişaşının iştirakçısı «Azadlıq»a danışdı
1963-cü il noyabrın 7-də Sumqayıtda baş verən iğtişaşlarla bağlı o zaman çap olunan qəzetlərdə ətraflı məlumat əldə etmək mümkün deyil. Biz həmin hadisələrin iştirakçılarını və şahidlərini aramaqda davam edirik. Zakir Məmmədzadə Sumqayıt hadisələrinin iştirakçısı olub. 1963-cü ildə bu şəhərdə yaşayan Məmmədzadənin o vaxt 18 yaşı olub, hərbi komissarlıqdan çağırış vərəqəsi alan Məmmədzadə hadisədən iki həftə sonra əsgərliyə yollanıb. O, hazırda Müsavat Partiyası Nizami rayon təşkilatının sədridir.
– Noyabrın 7-də keçirilən nümayişin böyük bir iğtişaşa çevrilməsi nədən başlamışdı?
– Həmin gün, əvvəlki illərdə olduğu kimi, ənənəvi 7 noyabr nümayişi keçirilirdi. Biz, nümayiş iştirakçıları, o vaxtkı Lenin prospekti ilə Sumqayıt Şəhər Partiya Komitəsinin binasına tərəf irəliləyirdik. Camaat yolun sağ və sol tərəfi ilə hərəkət edir, ortada isə irili-xırdalı avtomobillərin üstü müxtəlif şüar və transporatlarla bəzədilmişdi. Nizami küçəsi ilə Lenin prospektinin kəsişməsinə yaxınlaşanda nümayiş iştirakçılarının arasında yeriyən bir “Qreyder”in kabinəsindən bir nəfər Stalinin taxta parçasının üzərinə vurulmuş, təxminən indiki kompyüter ekranı boyda şəklini yuxarı qaldırdı. Bunu görən nümayişçilər birdən sanki cuşa gəldi, böyük hay-küy yarandı, bilmirəm bu sevincdən, nostalgiya hissindən irəli gəlirdi, yoxsa hörmət əlaməti idi.
O vaxt milislər də yol kənarı ilə gedərək nümayişçiləri müşayiət edirdilər. Gözümün qabağında bir milis zabiti serjantlardan birinə Stalinin şəklini oradan götürmək barədə əmr verdi. Milis serjantı camaatı yara-yara “Qreyder”ə yaxınlaşdı və onun üstünə çıxmağa başladı. Bu zaman nümayişçilər ona hücum etdilər, onu dartıb aşağı saldılar və vurmağa başladılar. Bu arada çoxlu milis əməkdaşı gəldi, onda aləm bir-birinə qarışdı. Camaat isə vuruşa-vuruşa Şəhər Partiya Komitəsinin binasına tərəf irəliləyirdi. Adətən, belə tədbirlərə əvvəlcədən hazırlıq getdiyindən şəhər əhalisinin böyük hissəsi nümayişə çıxırdı. Nümayişçilər partiya komitəsinin binasının qarşısına yaxınlaşdı, bütün şəhər rəhbərliyi – birinci katib Balakişiyev, icraiyyə komitəsinin sədri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundovun qardaşı Kamal Axundov da orada idilər. O vaxt əslində K.Axundov şəhərdə birinci fiqur sayılırdı. Izdiham meydana çatanda onlar tribunadan düşüb camaatı sakitləşdirməyə cəhd göstərdilər. Amma nümayişçilər elə qızışmışdı ki, heç nəyə məhəl qoymurdular, milisin müdaxiləsi də onları tamamilə hövsələdən çıxarmışdı. Məhz bu səbəbdən meydanda milislərlə daha qızğın əlbəyaxa döyüş başladı.
Mən milislərin vəhşicəsinə döyüldüyünü gözlərimlə görmüşəm. O zaman Sumqayıt şəhərinin hərbi komissarı Krol soyadlı bir podpolkovnik idi. O, hərbçi formasında camaatın qarşısını kəsib onların geri çəkilməsini, hay-küy salmamalarını tələb etməyə başladı. Nümayişçilər onun üstünə tökülüşdülər, möhkəm əzişdirdilər. Balakişiyevlə Axundovun müdaxiləsi də heç bir nəticə vermədi. Artıq aləm bir-birinə qarışmışdı. “Qreyder”in kabinəsindən qaldırılan Stalinin şəklini almağa cəhd edən milis işçisini meydana qədər sürükləyib gətirmişdilər, onu burada ölümcül vəziyyətə salmışdırlar, camaat ayaqları altına salıb tapdalayırdı. Vəziyyət artıq daha kritik həddə çatdığından həmin serjantı milislərə məxsus motosikletin yedəyinə qoyub şəhər milis idarəsinə apardılar. Meydanla milis idarəsinin arası təxminən iki kilometr olardı. Camaatın bir hissəsi meydandan həmin motosikletin arxasınca milis idarəsinin qarşısına getdi. Idarənin binası qarşısında iki-üç motosiklet, bir ədəd də “Alabaş” adlanan avtobus vardı. Milislər yaralı yoldaşlarını içəri keçirib qapıları bağlamışdılar. Bura yığışan nümayişçilər həmin avtobusu dala-qabağa itələyib milis idarəsinin binasına vurur, qapını qırıb içəri keçməyə cəhd göstərirdi. Bir dəstə nümayişçi isə binanın pəncərələrinə daş atırdı. Vəziyyətin çıxılmaz olduğunu görən milislər içəridən camaata tərəf atəş açmağa başladılar. Orada 12-13 yaşlı bir oğlan uşağına da güllə dəymişdi. Onu ağır vəziyyətdə götürüb yaxınlıqdakı xəstəxanaya apardılar, sağ qalıb-qalmadığını bilmirəm. Güllə atılandan sonra etirazçılar motosikletləri yandırdılar, binada bütün pəncərələrin şüşələri artıq çilik-çilik edilmişdi. Amma atəş açılandan sonra iğtişaşçılar binanın içərisinə girmək niyyətindən çəkindilər. Biz oradan yenidən meydana qayıtdıq. Burada aksiya davam edirdi, hakimiyyət nümayəndələrindən, milis əməkdaşlarından heç kəs orada yox idi.
Mən onu da qeyd edim ki, iğtişaş zamanı meydanda ən azı 30-40 min adam olardı. Meydanda çıxış edənlər vardı, hakimiyyətin, Xruşşovun əleyhinə danışırdılar. Amma nə Vəli Axundovun, nə də qardaşının əleyhinə bir kəlmə söylənilmirdi. Çünki o vaxt Sumqayıtın əhalisinin tərkibi indiki kimi deyildi. Bakıətrafı kəndlərdən olanlar çoxluq təşkil edirdi. Onlar özlərinə hörmət qazanmışdılar, camaata pislik etmirdilər.
– Bayram nümayişi bu cür sonluqla bitdi. Bundan sonra şəhərdə iğtişaş iştirakçılarının, eləcə də Stalinin şəklini “Qreyder”in üstündə qaldıran adamın axtarışları oldumu?
– Çox maraqlı məsələdir, həmin şəkli nümayişə gətirən və onu “Qreyder”in kabinəsindən çıxarıb camaata nümayiş etdirən adamın kim olduğu sirr kimi qaldı. O zaman şəhərdə hamı bir-birindən həmin adamın kim olduğunu soruşur, heç kim də tanımadığını deyirdi. Şübhəsiz ki, həmin adam əvvəlcədən hazırlaşmışdı və ona “Qreyder”in sürücüsünün yanında yer də eləmişdilər. O vaxt Sumqayıt indiki kimi böyük şəhər deyildi, əksəriyyət bir-birini tanıyırdı. Amma həmin adamın kim olduğu bilinmədi. Yeri gəlmişkən, nümayişçilərin möhkəm əzişdirdiyi hərbi komissar Krol bu hadisədən sonra şəhərdən birdəfəlik getdi.
– Hadisənin çörək qıtlığı səbəbindən baş verməsi ehtimalı nə qədər həqiqətəuyğundur?
– Qeyd etdim ki, şəhər partiya komitəsinin qarşısında çıxış edənlər Xruşşovun əleyhinə şüarlar səsləndirirdilər. Onlar deyirdilər ki, Xruşşov ölkədə aclığa, çörək qıtlığına səbəb olub. O zaman SSRI-də, eləcə də Azərbaycanda çörək qıtlığı yaranmışdı. Təxminən 1963-cü il yayın axırlarından Sumqayıtda da çörək qıtlığı başlamışdı. Arada bir-iki gün demək olar ki, ümumiyyətlə, çörək tapılmırdı. Sonra dükanlara qarğıdalı çörəyi gətirdilər. Hətta, deyilənə görə, o vaxt çörək dükanlarından birində elə növbə, basabas yaranıb ki, bundan istifadə edib bir qızı da zorlayıblar. Sumqayıtda çörək qıtlığı çox qabardılmışdı. Bilmirəm, bunu qəsdən edirdilər, ya yox. Ümumiyyətlə, bu iğtişaş çox müəmmalı idi. Nümayiş vaxtı kimlər və nə məqsədlə Stalinin şəklini ortaya çıxarmışdı, bu göstərişi kim vermişdi? Bu suallar indi də cavabsız qalır. Əslində Azərbaycanın hər yerində çörəklə bağlı qıtlıq vardı. Amma niyə iğtişaş Sumqayıtda törədildi? Mənə elə gəlir ki, bu, Vəli Axundova qarşı hesablanmış ssenari də ola bilərdi.
– Siz iğtişaş iştirakçılarından kiminsə sonradan izlənilməsinin şahidi olmusunuzmu?
– Hadisədən sonra şəhərin müxtəlif ərazilərində üzərində heç bir işarə olmayan “Qaz-69″ markalı maşınlar dolaşırdı. Deyirdilər ki, bu maşınlar vasitəsilə adamlar izlənilir. Amma bunu da xüsusi hay-küylə etmirdilər. Bu proses bir neçə gün davam edib. Sonra vəziyyət tamamilə sakitləşdi. Noyabrın 18-də mən hərbi xidmətə getdiyimdən kimlərin həbs olunduğu ilə bağlı məlumatım olmayıb.
Surxay Hüseynli,
Azər Hüseynbala