“Müsavatdan çıxanların bizimlə əlaqəsi yoxdur”

 

Fuad Qəhrəmanlı: «Görünür, partiya rəhbərliyindən, partiyadan qopmaları kiminsə üstünə yıxmaq zərurəti yaranıb»

 

“Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatının sədri Fəxrəddin Abbas kifayət qədər təcrübəli siyasətçidir, uzun illər siyasətlə məşğul olan şəxsdir”. Bunu APA-ya Müsavat Partiyası Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı deyib. O, Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatının sədri Fəxrəddin Abbasın AXCP funksionerlərini ittiham etməsinə münasibət bildirərkən vurğulayıb ki, F.Abbas öz fikirlərinə kifayət qədər məsuliyyətlə yanaşan şəxsdir:”O, əgər Sumqayıt rayon təşkilatından istefalarla bağlı belə fikir səsləndiribsə, yəqin hansısa arqumentləri, yaxud faktları var”.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə F.Abbasın Müsavatdan son istefalarda H.Kərimovun və özünün rolu olması barədə dediklərinin əsassız iddialar olduğunu söyləyib: “Mən Müsavatın Sumqayıt şəhər təşkilatının rəhbərini, üzvlərini tanımıram, indiyə qədər də onlarla heç bir təmasım olmayıb. Biz AXCP və Müsavatın birliyinin tərəfdarı olmuşuq.

Hesab edirəm ki, partiya rəhbərliyi bu istefaları yaradan səbəblərə diqqət yönəltməlidir. Çünki istefa verənlər əsas səbəb kimi AXCP ilə Müsavat Partiyasının birləşməməsini göstəriblər”. F.Qəhrəmanlının A.Hacılının dediklərinə münasibəti isə belə olub: “Görünür, partiya rəhbərliyindən, partiyadan qopmaları kiminsə üstünə yıxmaq zərurəti yaranıb. Ona görə də bizim adımızdan istifadə olunub. Biz Müsavat Partiyasının bütövlüyünə tərəfdar olmuşuq. Biz Müsavat Partiyasından qopmaları nə bu partiya, nə də ümumilikdə müxalifət düşərgəsi üçün müsbət hal hesab edirik.

Istəyimiz odur ki, istefa prosesi dayansın. Bu prosesin dayanması üçün isə Müsavat Partiyası AXCP ilə birləşmək məsələsində konstruktiv mövqe nümayiş etdirməlidir”.