Müsavatda AXCP ilə birləşmə “davası”

 

Səlahəddin Əkbər: «Müsavat Partiyasında birliyin tərəfdarı olan kifayət qədər insan var»

Arif Hacılı: «Müsavat Partiyasının on minlərlə üzvü bu tipli təbliğatı ikrah hissi ilə qarşılayır»

 

“Müsavat Partiyasının Nərimanov rayon təşkilatında AXCP ilə birləşmək mövzusunda müzakirələr gedir. Şura üzvlərinin əksəriyyəti bu birliyin tərəfdarı kimi çıxış edib. Sona qədər birlik məsələsi ilə bağlı fəaliyyətimizi davam etdirəcəyik. Maksimum çalışacağıq ki, AXCP ilə Müsavat Partiyasının birləşməsi istiqamətində müsbət nəticə əldə olunsun. Bunun üçün sona qədər mübarizə aparacağıq”. Bunu APA-ya Müsavat Partiyasının Məclis üzvü Səlahəddin Əkbər deyib. O, Müsavat Partiyasının bu il keçiriləcək qurultayına ciddi hazırlaşdıqlarını da vurğulayıb: “Yəqin qurultayda da çıxış edib sözümüzü deyəcəyik”.

S.Əkbər Sumqayıt rayon təşkilatından 15 nəfərin istefa verməsini isə tələsik addım adlandırıb: “Məncə onlar bir qədər tələsdilər. Ən azından qurultaya qədər qalıb, qurultayda birləşməklə bağlı müsbət nəticə əldə etmək mümkündür. Çünki mən AXCP ilə birləşməklə bağlı imkanların tam tükəndiyini görmürəm. Çünki təkcə Müsavatın Nərimanov rayon təşkilatında deyil, ümumilikdə Müsavat Partiyasında birliyin tərəfdarı olan kifayət qədər insan var.

Mən gördüyüm, söhbət etdiyim insanların demək olar ki, hamısı bu birliyin tərəfdarıdırlar, ən azından bunu söhbət zamanı deyirlər”. O, Müsavat Partiyasının bu ilin ilk yarısında keçiriləcək  qurultayında AXCP ilə birləşməyə nail olmayacaqları təqdirdə isə dostları ilə məsləhətləşərək müvafiq addım atacaqlarını bildirib: “Hələ ki, qurultaya qədər partiyadan getməyi düşünmürük”.

Müsavat Partiyasının Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı isə deyib ki, partiya Məclisi Müsavat-AXCP münasibətləri ilə bağlı məsələləri müzakirə edib və bu mərhələdə qərarlar qəbul olunub: “Düzdür, Müsavat Partiyasının Nizamnaməsinə görə, hətta qərarlar qəbul olunduqdan sonra da partiya üzvlərinin bu qərarların əleyhinə təbliğat aparmaq ixtiyarları var. Ancaq mən hesab etmirəm ki, bu məsələ Müsavat Partiyasının daxilində gərginliyi bundan sonra da davam etdirəcək. Açığı, bu tipli məsələlər süni surətdə qabardıldıqca, müxtəlif adamlar guya Müsavatın inteqrasiya tərəfdarı olmaması bəhanəsi ilə kampaniyalar təşkil etdikcə, bu, AXCP və Müsavat partiyalarının nəinki birləşməsinə, hətta bu partiyaların müttəfiqlik münasibətlərinə belə, xələl gətirəcək səviyyəyə gəlib çıxır. Müsavat Partiyasının on minlərlə üzvü bu tipli təbliğatı ikrah hissi ilə qarşılayır.

Qeyd edək ki, Səlahəddin Əkbər Müsavat Məclisinin sabiq sədri Sülhəddin Əkbərin qardaşıdır.