Nuşirəvan Məhərrəmli: «Tamaşaçılar üçün örnək ola biləcək insanlar yox, örnək ola bilməyən insanlar efirdə görünür»
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin “Olaylar” agentliyinə müsahibəsini ixtisarla dərc edirik.
– Nuşirəvan müəllim, televiziya kanallarının 2010-cu ildəki fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz? Bir müddət əvvəl müzakirə olunan problemlər həllini tapdı?
-2009-cu ildə teleradio verilişlərində, xüsusilə şou-bizneslə bağlı, əyləndirici xarakterə malik verilişlərdə olan tendensiya bizi çox narahat etdi. Şou xarakterli verilişlərdə kanalların bir-biri ilə “yarışması” verilişlərdəki sünilik, bayağılıq və bəsitlik yenə də əvvəlki kimi qalmaqda davam edir. Yenə də tamaşaçılar üçün örnək ola biləcək insanlar yox, örnək ola bilməyən insanlar efirdə görünür. Xüsusilə gənc nəslin tərbiyəsi, milli-mənəvi dəyərlərin qorunması və inkişafı ilə bağlı yenə də bizi narahat edən ciddi problemlər var.
Avropa üçün xarakterik olan verilişləri Azərbaycana gətirib bir az da aşağı səviyyədə göstərməklə sanki işlərini bitmiş hesab edirlər. Bu çox pis haldır. Müasirlik adı altında Azərbaycana yad olan mövzuları müzakirə edirlər.
Kanallarda aparıcıların yenə də cəmiyyət qarşısında öz funksiyalarını daşıya bilməmələrinin şahidi oluruq. Yenə də Azərbaycan dilində səlis, aydın danışa bilməmələri, efir mədəniyyətinin olmaması, dünyagörüşünün zəifliyi hiss olunur. Ümumiyyətlə, ekranda xüsusilə də özəl kanallarda dəyərlərin ucuzlaşması açıq gözlə görünür.
– Telekanallarda uşaqların tərbiyəsinə yönəldilmiş proqramların sayı azdır. Bu barədə nə deyə bilərsiniz?
– Telekanallar hər biri ildə heç olmasa bir cizgi filmi çəkərdisə, cəmiyyət qarşısında az-çox iş görmüş olardılar. Bizdə uşaqlar demək olar ki, Azərbaycan ədəbiyyatı, tarixi, coğrafiyası ilə bağlı olan cizgi filmləri əsasında tərbiyə olunmurlar. Daha çox xaricdən götürülən cizgi filmləri əsasında tərbiyə olunurlar. Elə buna görə də istəyərdik ki, telekanallar da bu məsələdə öz paylarını ortaya qoysunlar.
– Kriminal xəbərlərin efirdən verilmə qaydası sizi qane edir?
– Kriminal xəbərlərin sayının həddən artıq artması bizi çox narahat edir. Təbii ki, həyatda baş verənlər telekanallarda əks olunmalıdır. Amma hesab edirəm ki, kriminal xəbərlərin sensasiya doğuracaq formada verilməsi doğru deyil. Bəzən təkrar-təkrar xüsusi anonslar verərək, sanki müsbət bir hal kimi göstərirlər. Bu da doğru olmayan bir cəhətdir.
– MTRŞ-nın səlahiyyətləri, təsiretmə imkanları artırıldıqdan sonra problemlərin həlli üçün hansı addımları atacaqsınız?
– Səlahiyyətlər məsələsi bəzən mətbuatda lazım olmayan formada müzakirə mövzusuna çevrilir. Sadəcə bəzi verilişlərin-cəmiyyətdə çox haqlı narazılıq doğuran, mənəvi dəyərlərimizə zidd olan verilişlərin şura tərəfindən bir həftə, 10 gün dayandırılması səlahiyyətinin verilməsi telekanallar üçün çəkindirici vasitə ola bilər. Bu hal tək Azərbaycanda deyil, məsələn, qonşu Türkiyədə də bu praktikadan çox geniş istifadə olunur. MTRŞ-nın hər hansı bir verilişi, deyək ki, Azərbaycan kimi bir ölkəyə yad olan izdivacla bağlı verilişlərin dayandırılması səlahiyyətləri olardısa, təbii ki, digər kanallar da bundan nəticə çıxarardı. Yerli istehsalı artırmaq daha yaxşıdır. Kanallar xarici kanallardan götürülmüş verilişlərin üzünü çıxarıb bir az da aşağı səviyyədə göstərməklə işlərini bitmiş hesab edirlər.
– Bəzi ekspertlərin fikrincə, proqramlarla bağlı hər hansı qadağalar olsa, mütləq ciddi proqramlara şamil olunacaq.
– Ciddi proqramlar o qədər çox deyil ki, qadağa da olsun. Bu, sadəcə bir qorxudur və hesab edirəm ki, bunlar ciddi narazıçılıq doğuran fikir deyil.
– Izdivacla bağlı olan verilişlərin adını çəkdiniz. Belə verilişlərə münasibətiniz necədir?
– Azərbaycan Islam ölkəsidir. Milli ənənələrə sadiq ölkə olmağımızla fəxr etmişik. Bizdə müqəddəs sayılan bir çox məsələlərdən biri də ailə məsələsidir. Təsəvvür edin ki, müqəddəs saydığımız məsələ efir yolu ilə kütləviləşdirilir və primitiv bir formada insanlara göstərilir. Onun müqəddəsliyindən əsər-əlamət qalmır. Hesab etmirəm ki, normal adam orda özünə ailə qursun. Ola bilsin ki, burda başqa məsələlər də var. Efir xatirinə incəsənətin müəyyən fəndlərindən istifadə də edə bilirlər. Amma istər-istəməz ailə məsələsini efirə çıxardıb o formada göstərmək həmin kanallara heç bir şöhrət gətirmir.
– Yeri gəlmişkən, kanallardan biri proqramı dayandırıb. Bunun sizinlə bir əlaqəsi var?
– MTRŞ ilk gündən həmişə bu cür verilişlərin əleyhinə olduğunu birmənalı şəkildə bildirib. Ola bilsin ki, kanal ictimaiyyətin narazılığına, bu məsələ ilə bağlı olan fikirlərə görə verilişi bağlayıb. Bu onların şəxsi işləridir. Amma MTRŞ istəməz ki, Azərbaycan efirində izdivacla, ailə ilə bağlı o cür verilişlər olsun.
– Nuşirəvan müəllim, sizin MTRŞ sədri kimi, yox bir tamaşaçı kimi telekanallarda bəyənərək izlədiyiniz hansı verilişlər var? Yoxsa siz də kanalları dəyişdirməkdən əsəbləşən tamaşaçılardansınız?
– Insanları narahat edən digər kanallarda əsasən şou-bizneslə bağlı verilişlərin aşağı səviyyədə olmasıdır.
Bir sıra kanallarda da bu cür verilişlərin sayı azdır. Şəxsən mən daha çox xəbər və maarifləndirici verilişlərə baxıram. Azərbaycanın həm türkdilli, həm də rusdilli olması faktına görə bizim baxış bucağımız həm Türkiyə, həm də Rusiya auditoriyasına ayrılır. Ona görə də biz boş vaxtımız olanda digər ölkələrin kanallarına da baxırıq.
Amma açığı etiraf edim ki, bəzən əlimizdə pult normal bir veriliş tapa bilmirik. Azərbaycanın efirində baxmağa bir veriliş tapa bilməmək bəzən bizi özümüzdən çıxmağa vadar edir.
– Yeni il tətilində yayımlanan proqramlardan razı qaldınız?
– Demək olar ki, Azərbaycan kanallarına çox az baxa bildim. Bəzən hirslənib idman kanallarına, təbiətlə bağlı verilişlərə baxdım.