İlham və Fərizənin son günü

 

«Son gün» rubrikası bu dəfə Azərbaycanın iki qəhrəmanına həsr olunub – İlham və Fərizəyə

 

Əsl məhəbbət haqqında

1990-cı ilin “20 Yanvar”ından 21 il ötür. “20 Yanvar” Azərbaycan xalqının qəhrəmanlıq tarixi olsa da, bir çoxları üçünsə bu, sadəcə, faciədir. Ən azı, həmin gün həlak olanların yaxınları üçün… 21 ildir ki, hər dəfə bu günü xatırlayanda gözümüzün önündə mütləq iki qəhrəman canlanır – Ilham və Fərizə! Bu cütlüyün məzarları üzərindəki foto da hər birimizin yaddaşına həkk olunub. Onlar Milli Azadlıq Hərəkatının simvollarından birinə çevriliblər.

“20 Yanvar”la bağlı o qədər pafoslu çıxışlar eşitmişik ki, bu məqamda o hadisələri xatırlamaq, Ilham və Fərizənin sevgisi haqqında danışmaq, bəlkə də bir qədər darıxdırıcı görünə bilər. Türkiyəli müğənni Nilin mahnılarının birində belə bir sətir var:

“Modern zamanlarda, aşk buxarlanıb uçmuşmudur?”

Internetin həyatımıza bu qədər daxil olduğu zamanda, insanların real münasibətlərdən qaçıb virtual həyata sığındığı bir dövrdə doğrudanmı “sevgi”, “sevgili” anlayışları yox olub, adiləşib, buxarlanıb?..

Əlbəttə ki, indi gənclərə “Leyli və Məcnun” nağıl görünə bilər. Amma bizim lap yaxın tariximizdə baş vermiş “Ilham və Fərizə” hadisəsi nağıl deyil, reallıqdır.

Bu, Azərbaycan insanının dəyərlər uğrunda, ideyalar uğrunda ölümə belə, hazır olduğunu sübut edən bir olaydır.

Demək ki, biz sevə və sevdiyimiz uğrunda ölə bilirik.

Illərdir avtoritar rejim bu xalqı çox əzib, onun qəhrəmanlıq ruhunu sındırmağa çalışıb. Ancaq bir xalqın öz dəyərləri uğrunda savaşının qarşısını kəsmək olarmı?

***

Bu qəhrəman cütlük haqqında yazı hazırlamaq üçün Ilhamın qardaşı Elxan Allahverdiyevlə görüşdük. Əlbəttə, danışılacaq çox şey vardı. Üstündən 21 il ötməsinə baxmayaraq, Elxan müəllim üçün o günləri xatırlamaq ağır idi.

Elxan müəllimdən həmin gecə baş verən hadisələri ardıcıllıqla danışmasını xahiş etdik. O danışdıqca, insanın tükləri biz-biz olur…

30 iyun 1989-cu il – onlar evlənirlər

Ilham Allahverdiyev 1962-ci ildə Ağdamda anadan olub. Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb. Uşaqlığının bir hissəsini Ağdamda – nənəsinin yanında keçirib. Sonra hərbi xidmətə gedib. Xidmətini başa vurandan sonra Bakıya qayıdan Ilham Gəmi Təmiri Zavodunda işləməyə başlayıb. Yeri gəlmişkən, hazırda həmin zavod Ilham Allahverdiyevin adını daşıyır.

1989-cu il – Sovet Imperiyası son günlərini yaşayır, Bakı küçələri qaynayır, meydanlar insanlarla dolur. Ilham işlədiyi zavoddan gəncləri meydanlardakı mitinqlərə aparır. Onları aktiv olmağa çağırır. Özü də bu işin təşkilatçılarından biri olur.

Belə bir qaynar dövrdə hələ də subay olan Ilhamın evlənməsi məsələsi Allahverdiyevlər ailəsinin gündəminə gəlir. Yığışıb deyirlər ki, “oğul, bir qız bəyən, gedib alaq sənin üçün”.

Ilham heç kimi bəyənmir. Onlarla ad çəkirlər, amma Ilham heç birinə razı olmur. Sonra deyirlər ki, “özün söylə görək, könlün kimdədir?”

Ilham bacısı ilə bir sinifdə oxumuş Fərizənin adını çəkir.

Elçi düşürlər, nişan olur. 1989-cu ilin 30 iyununda da vağzalı sədaları altında Fərizə Ilhamgilə köçür. Toy mərasimi də o zaman Bakıda təzə açılmış “Leyla” şadlıq evində baş tutur.

Yanvarın 19-dan 20-ə keçən gecə baş verənlər

1990-cı ilin yanvarında Ilhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəlirlər. Amma yanvarın 19-da Ilham Fərizəni yaşadıqları evdən götürüb, anasıgilin yanına aparır. Fərizənin təhlükəsizliyinə əmin olandan sonra Ilham əyninə qara paltar geyinib, qardaşı oğlu Əjdəri də öpüb, evdən çıxır. Axşamtərəfi Ilham qardaşı Elxanla “Şamaxinka” deyilən ərazidə görüşürlər. Amma bir qədər sonra Ilham yoxa çıxır…

Qardaşı Elxan sonradan öyrənib ki, həmin vaxt Ilhamgil bir qrup olublar. Əvvəldən döyüşmək üçün hazırlaşıblarmış. Hamısı da qara paltar geyinməliymişlər…

Ilhamı həmin gecə, hazırkı “20 Yanvar” dairəsində vurublar.

Doğma qan…

Gecə Ilhamı çox axtaran Elxan kor-peşman evə qayıdır. Səhər tezdən anası ilə birlikdə yenə Ilhamı axtarmağa çıxırlar.

“Bakı müharibədən çıxmış şəhəri xatırladırdı. Anamla indiki ”20 Yanvar” dairəsindən keçərkən yerdə bir qan gölməçəsi gördük. Anam dayanıb qana baxdı. Təəccüblə dedi ki, bu nə doğma qandır… Sonradan, lap sonradan öyrəndik ki, bu qan, doğrudan da çox doğma qan imiş…” deyir qardaşı Elxan.

Ilhamı həmin günü xəstəxanalardan birində tapıblar. Əvvəlcə Xırdalandakı qəbiristanlıqda dəfn ediblər. Amma sonradan oradan çıxarıb Şəhidlər Xiyabanına aparıblar.

Fərizə bütün bu yaşananlara tab gətirə bilməyib. Birinci dəfə özünü yandırmaq istəyib, amma qarşısını alıblar. Depressiyada olan Fərizəni evdəkilər gözdən qoymurdular. Çünki o, hər an intihara hazır idi.

Bir-iki cümlə, göz yaşı və ölüm…

Amma qərarında qəti olan Fərizə gecə hər kəsi yuxuya verəndən sonra Ilham sonuncu dəfə evdən çıxarkən etdiyi hərəkəti təkrarlayır – balaca Əjdəri öpür. Ardınca da bir qab sirkəni içir. Və məktub yazmaq istəyir. Amma göz yaşı içində bir-iki cümlə yazandan sonra ardını gətirməyə taqəti olmur.

Bətnindəki körpəni də özü ilə məzara aparır…

Üstündən 21 il keçməsinə baxmayaraq, Elxan Allahverdiyev bu gün də baş verənləri danışarkən göz yaşlarını saxlaya bilmir.

Elxan Allahverdiyev Azərbaycan xalqının bu iki qəhrəmana münasibətindən razıdır. O, 30 iyunun “Sevgililər Günü” kimi qeyd olunmasını da gözəl bir təşəbbüs kimi qiymətləndirir.

Düz 21 ildir ki, hər dəfə 30 iyunda, 20 yanvarda onların evinə yüzlərlə insan gəlir…

Bu sevgi dastanıyla bağlı əlavə şərhə ehtiyac duyulmur…

Elmin