Şəhidlər xiyabanında neçə şəhid var?

«20 Yanvar» şəhidlərini dəfn edən şəxs «Azadlıq»a danışır

 

Professor Qüdrət Əbdülsəlimzadə 1990-cı ilin qanlı “20 Yanvar” faciəsinin şəhidlərinin dəfnini təşkil edən ictimai komissiyasının sədri olub. O, yaxın tariximizdə ciddi iz buraxan faciə ilə bağlı “20 yaşlı 20 Yanvar” kitabının da müəllifidir. Qüdrət müəllimlə söhbətimizə 21 il əvvəldən başladıq. Şəhidlərin dəfni zamanı üzləşdikləri hadisələr barədə danışdıq.

– Qüdrət müəllim, sədrlik etdiyiniz Ictimai Dəfn Komissiyası necə yarandı? Kimlər var idi o komissiyada və o tərkibi kim formalaşdırmışdı?

– 20 yanvar günü səhər mən keçmiş Mərkəzi Komitənin qarşısındakı mitinqə gəldim. Həmin vaxt mitinqdə bir neçə yüz nəfər iştirak edirdi. Mitinqin aparıcısı Ismayıl Incəli adlı həmkarınız idi. Mitinqdə ölkənin tanınmış ziyalıları, ictimai xadimləri də vardı. Bir nömrəli müzakirə mövzusu şəhidlərin dəfni ilə bağlı idi. Müzakirələrin gedişi zamanı əvvəlcə 7, sonra isə işin həcmi, əhatəliliyi nəzərə alınaraq, 11 nəfərlik komissiyanın yaradılması qərara alındı. Bütün bu təşəbbüsləri, təklifləri də xalqın özü verirdi. Burada rəsmi heç bir göstəriş olmamışdı.

Ümimiyyətlə, deyə bilərəm ki, “20 Yanvar” şəhidlərinin dəfn və ziyarətlərinin təşkilatçısı, nəzarətçisi də xalqın özü olmuşdur. Xalq sözün əsl mənasında, öz taleyinə sahib çıxdı həmin günlərdə.

– Bəs dövlət strukturlarının həmin anlarda mərasimlərin təşkili üçün heç köməyi yox idimi?

– Qətiyyən. Əksinə, biz hər addımda dövlətdən maneə görürdük. Çünki bildiyiniz kimi, rəsmi hakimiyyət bu hadisələri ört-basdır etməyə çalışırdı. Faciənin miqyasını maksimum azatmağa səy göstərirdilər. Ilk vaxtlarda onlar ümumiyyətlə, şəhidlərin bir yerdə basdırılmasına qarşı çıxırdılar. Bu məqsədlə şəhidlərin yaxınlarına təzyiq göstərirdilər, onları hədələyirdilər ki, kim hardandı, orada da dəfn olunsun. Hətta şayiələr buraxırdılar ki, Şəhidlər Xiyabanı onsuz da gec-tez dağıdılacaq, ona görə də orada dəfnə razılaşmağa dəyməz.

Respublika rəhbərliyi anlayırdı ki, şəhidlərin bir yerdə dəfn olunması artıq xalqın nəzərində yeni və çox qüvvətli bir simvolun, and yerinin yaradılması deməkdir. Bu eyni zamanda, sovet rejiminin xalqa qarşı vəhşiliyini sübut edən bir fakt – abidənin yaradılışı idi.

– Bildiyimizə görə, Şəhidlər Xiyabanı üçün haranı seçmək barədə də geniş müzakirələr gedib. Axırda nəyə görə Dağüstü Parka üsütünlük verildi?

– Doğrudur, məzarlıq üçün bir neçə yer müzakirə olunub. Əsasən, üç variant üstündə düşünülürdü. Birinci variant indiki Sahil bağı (26-lar bağı), ikinci variant isə Bakı mehmanxanasının qarşısındakı Iliç bağı idi. Ümumi rəy belə idi ki, şəhidlər şəhərin görkəmli yerində dəfn olunmalıdır. Nəhayət, üçüncü variant daha münasib sayıldı. Qərara gəldik ki, Şəhidlər Xiyabanı kimi 1918-ci il şəhidlərinin dəfn olunduğu yer – Dağüstü Park seçilsin. Bu, həm də tarixi yaddaşın təzələnməsi olsun.

– Həmin vaxt orada sovet ideoloji simalarından biri – Sergey Kirovun heykəli var idi. Bu fakt həmin yerin ayrılması üçün problem olmadı?

– Əlbəttə, həmin yerin əldə olunması böyük bir cəsarətin nəticəsi idi. Dəfn yeri üçün rəsmi orqanlardan icazə məsələsini həll etmək komissiyanın üzvü, BDU-nun müəllimi Azər Nəbiyevə həvalə olunmuşdu. O zaman Dağüstü Park “26-lar” rayonunun (Səbayel rayonu nəzərdə tutulur) ərazisinə aid idi. Rayonun birinci katibi isə rəhmətlik Vəli Məmmədov idi. Məmmədov müraciətə müsbət yanaşsa da, bildirdi ki, hərbi vəziyyət olduğundan gecədən bütün seyflər möhürlənib, lazım olan blankların heç biri əl altında deyil. Uzun axtarışdan sonra təsadüfən bir blank tapıldı. O blanka həmin ərazidə dəfn aparılması üçün Vəli müəllim qərar yazıb imza atdı. Amma bu imzanı atan Vəli müəllim bunu nə Mərkəzi Komitə ilə, nə də hərbi komendantla razılaşdırdı…

Yeri gəlmişkən, məzarların qazılması ilə bağlı bir faktı deyim. Bildiyiniz kimi, ora dağlıq yerdir, yeri qazmaq olduqca çətin məsələdir. Bunu nəzərə alan bəzi yoldaşlar qəbir yerləri düzəltmək üçün xüsusi texnika gətirilməsini tələb etdilər. Bəzi texnika gəlmişdi də. Lakin camaat birmənalı olaraq bu təklifə qarşı çıxdı və bildirdilər ki, şəhidlər üçün hər cür əziyyətə qatlaşmaq onlara şərəf verir.

– Həmin vaxtlarda hərbçilərlə münasibətlərinizi necə tənzimləyirdiniz? Onlar sizə necə yanaşırdılar?

– Biz lap sonra bildik ki, Xiyabanın yaxınlığındakı “Moskva” mehmanxanasının çardağında böyük bir snayperçi dəstənin nişangahı altında işləmişik. Hərbçilər əlbəttə, bizə qarşı qəzəbli idilər. Hər imkanda insanları təxribata çəkmək istəyirdilər. Hava qaralan kimi gəlib, bizdən işi dayandırmağı tələb edirdilər. Biz də konflikt yaranmasın deyə, bununla razılaşırdıq. Ən böyük təxribatlardan biri şəhidlərin dəfni günü – yanvarın 22-də önləndi.

– Dəfn mərasimi yanvarın 22-i olub?

– Bəli, biz iki gün qəbir yeri hazırlamaqla məşğul olduq.

– Həmin gün hansı təxribatdan söhbət gedirdi?

– Mənə tapırmışdılar ki, xiyabanda olum. Dəfnlə yanaşı, Azadlıq meydanında da mitinq gedirdi. Birdən mənə dedilər ki, sizi aşağı – meydana çağırırlar. Elə aşağı düşdüyüm an mənə təzə xəbər çatdı ki, bir qrup şəxs Kirovun heykəlini dağıtmaq istəyir. Dərhal ora qalxdım. Gördüm ki, doğrudan da bir qrup öyrədilmiş şəxs kəndirlər, zəncirlə Kirovun heykəlini uçurmaq istəyir. Mən məsələni anladım. Kəndirlə Kirovun nəhəng heykəlini uçurmaq gülünc idi, məqsəd hərbçilərin diqqətini bura çəkmək və dəfn mərasimini pozmaq idi. Bu planı poza bildik…

– Şəhidlərin sayı ilə bağlı hələ də cəmiyyətdə müxtəlif fikirlər səslənir. Siz bu barədə nə deyə bilərsiniz?

– Rəsmi məlumatlara görə, faciə zamanı 137 adam vəfat edib. Prezidentin sərəncamı ilə bu qədər adama “20 Yanvar şəhidi” fəxri adı verilib. Mən də şübhə etmirəm ki, “20 Yanvar”da qırılanların real sayı 137 deyil. Bildiyiniz kimi, o vaxt Salyan kazarmasında müxtəlif millətlərdən olan əsgərlər var idi. Qoşunlar Bakıya yeriyəndə qətliama Salyan kazarmasındakı heyəti də cəlb etmək istəyib, amma buna nail olmayanda atışma olub. Bəzi məlumatlara görə bu atışmada təxminən 200-ə qədər hərbçi ölüb. Onları selofan kisələrə qoyub, gecə tankların müşayiəti ilə Bakı limanına gətiriblər. Limanda onları görənlər də olub. Bu proses lentə də çəkilib, şəkilləri var. Xırda gəmilər mane olmağa çalışsalar da, onları yarıb meyitləri apara biliblər.

– Xiyabanda nə qədər şəhid dəfn olunub?

– 80 nəfər. Amma bilməniyiz lazımdır ki, bunların hamısı 20 yanvar günü şəhid olan insanlar deyil. Biz ilk dəfn günü, yəni 22-də 51 şəhidi torpağa basdırmışıq. Sonrakı günlərdə qətllər davam etdi, yaralananlar öldü və onları da Xiyabanda dəfn etdik.

– Demək, 50-dən artıq şəhidimiz kənardadır?

– Bəli, onların çoxu ilk zərbə alan Abşeron kəndlərindəndi.

– Bir ara mətbuatda məqalələr getdi ki, Xiyabanda faciəyə dəxli olmayan mərhumlar da basdırılıb. Məsələn, həmin gün təsadüfü avtoqəzada ölən adam-filan…

– Bunların hamısı ucuz sensasiya naminə məsuliyyətsizcəsinə yazılan şeylərdir. Bizim o zaman komissiyamız bütün vəfat edənlərlə bağlı dəqiqləşdirmələr aparıb. Hər kəsi bir-bir öyrənmişik, ona görə o cür naqis söhbətləri birmənalı olaraq təkzib edirəm. Qəhrəman övladlarımızın arxasınca deyilən bu ləkəli sözləri yığışdırmaq lazımdır.

– Həmin vaxtlarda Şəhidlər Xiyabanına Azərbaycan tarixində görünməmiş izdihamlı ziyarətlər oldu. Təhlükəsizliyi və kütlənin idarəedilməsini hansı qaydada təmin edə bilirdiniz?

– Ictimai Dəfn Komissiyası 42 gün fəaliyyət göstərdi. Komissiyanın köməkçi qrupunun apardığı hesablamalara görə, bu müddətdə Xiyabanı 22 milyondan çox adam ziyarət etmişdi. Məncə, bu rəqəm hər şeyi deyir. Insanların o vaxt olan diqqəti və şəhidlərə etiram xoşagəlməz hadisənin baş verməməsinə əsas səbəb idi.

– Illər keçib, “20 Yanvar”ın anımı sizi qane edirmi?

– Qane edir, həm rəsmi, həm də qeyri-rəsmi qurumların “20 Yanvar”la bağlı həssaslığını itirməməsi məni fərəhləndirir. Insanlar çox şeyə biganələşsələr də, bu tarixə həssasiyyəti saxlayıblar.

– Bəs Şəhidlər Xiyabanının texniki yeniliyi barədə nə deyə bilərsiniz?

– Insafən qeyd edilməlidir ki, çox işlər görülüb. Ancaq görüləsi o qədər işlər qalıb ki… Məsələn, hesab edirəm ki, Şəhidlər Xiyabanı ərazisi aidiyyəti olmayan tikinti və obyektlərdən təmizlənməlidir. Bu günə qədər hər cür imkan olduğu halda, orada Şəhidlər muzeyi tikilmir. Niyə? Nə üçün Şəhidlər Xiyabanında faciəni əks etdirən sərgi salonları, kitabxana, xatirə kitabı yoxdur? Əbədi məşəl abidəsinin yanında fəxri qarovul dayanmalıdır. Ölkəmizə müxtəlif ölkələrdən qonaqlar gəlir. Onlar təbii ki, Xiyabana gəlirlər. Onları və ölkəmizin mənafeyini nəzərə alaraq, Xiyabanda gecikmədən müxtəlif dilləri bilən səriştəli bələdçilər fəaliyyətə başlamalıdır.

Natiq