Hakimiyyətin Tunisdən gözü qorxub

 

Əli Həsənov məqalə yazdı, ürəyi soyumadı, yazdıqlarını müsahibədə də təkrarladı

 

Tunis inqilabı orada devirilən hakimiyyətin mənəvi qardaşı sayılan Azərbaycan hakimiyyətini bərk təşvişə salıb. Tunsidəki ağır ictimai-siyasi durumun eynən Azərbaycanda olması və bu faktın qəzetlərdə müxalif yazarlar və siyasi liderlər səviyyəsində işıqlandırılması hakimiyyəti özünü müdafiə taktikasına məcbur edib.

Ən azı bu ay üçün hakimiyyətin ideoloji siyasəti bir tezisin təbliğinə xidmət edəcək: “Azərbaycan Tunis deyil, burda hər şey gözəldir, inqilabi şərait yoxdur.

Artıq dünənki mətbuatda və elektron KIV-də dediyimizin nümunələrini görmək olurdu. Lakin iş elə naşıcasına aparılır ki, əks-effektin yaranacağı şübhə yaratmır.

Diqqət yetirin, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun dünən axşam “Media forum” saytındakı müsahibəsinin başlığı belə idi: “Azərbaycan müxalifətini yandırmağa göysatan axtarmaq fikrindən çəkinməyə çağırıram”. Bəlli olduğu kimi, Tunis inqilabında göysatanın özünü yandırması sadəcə vəsilə olmuşdu. Inqilabı şərtləndirən faktorlar isə daha ciddi və dərin idi. Hətta o gənc özünü yandırmasaydı belə xalqı cana yığan rejimin devrilməsi üçün hansısa başqa hadisə qığılcım olacaqdı.

“Müxalifətin göysatan axtarması” ideyası isə sanki böyük bir istedadlı tapıntı kimi hakim elitanın ürəyini çox oxşayıb.

Bu fikir əsas mərkəz olmaq şərti ilə iki qəzetdə məqalə kimi çap olunub. Qəzetlərdən birincisi “Yeni Azərbaycan”dır.

“Reallıq hissini itirmişlər” başlığı ilə yayımlanan məqalə “525-ci qəzet”də “Son ümid yeri” adlı eyni məzmunludur. Hər iki məqalə cümlə-cümlə eynidir. Azərbaycanda dəhşətli inkişafdan bəhs edilən məqalə “Əgər sabah müxalifət mətbuatında ”Özünü yandırmağa göysatan axtarırıq” elanı görsək, o zaman heç də təəccüblənməməliyik. Çünki artıq radikal müxalifətin nümayəndələrini nə imic, nə ictimai rəy, nə də sözün qiyməti maraqlandırır” fikirləri ilə tamamlanır.

“525″də məqalənin altına Rufik Ismayılov, ”Yeni Azərbaycan”da isə Ramil Vəlibəyov imzası qoyulub. Əli Həsənovun açıqlaması göstərir ki, əls müəllif ya onun özü, yaxud PA-dakı hansısa adamıdır.

Ölkəni hansı bacarıqsızlıqla idarə edirlərsə, təbliğat işini də o cür qururlar. Tənbəllik, səhlənkarlıq, işbacarmazlıq o həddədir ki, hazır ideya ətrafında öz qəzetlərində saxladıqları mirzələrə belə müstəqil formada bir məqalə yazdıra bilmirlər. Məhdud təfəkkürləri ilə yazdıqları məqalələri mətbuata ötürürlər, sonra isə müxalifət mediasını qeyri-peşəkarlıqda qınayırlar. Ən böyük qeyri-peşəkarlıq başqasının yazdığı məqaləni (özü də sifarişli və obyektivlikdən uzaq) qəzet səhifəsinə çıxarmaq deyilmi?

Bunu hakimiyyət edir. Tez-tez peşəkarlıqdan dəm vuran hakimiyyət. Bir ölkədə ki, aparılan siyasəti Prezident Administrasiyasında oturanlardan başqa bəyənib dəstəkləyən, onu müdafiə etmək üçün nəsə yaza bilən kimsə yoxdursa, o ölkənin Tunis inqilabının analojisini yaşayacağı qaçılmazdır. Hətta o ölkədə göysatan olmasa belə…

Natiq