Hakimiyyət sosial partlayışdan qorxur

 

İlham Əliyevin müşavirədə məmurlara barmaq silkələməsi xalqın qeydinə qalmaqdan irəli gəlmir

 

Bir neçə gün əvvəl dövlət başçısı Ilham Əliyev keçirdiyi müşavirədə bahalaşmadan, əsassız yoxlamalardan danışdı. Dövlət başçısı imperativ şəkildə məmurların diqqətinə çatdırdı ki, süni qiymət artımına yol vermək, obyektlərdə əsassız yoxlamalar təşkil edib bahalaşmanı stimullaşdırmaq olmaz.

Ilham Əliyev bu çıxışı bir neçə il əvvəl etsəydi, bəlkə də effekti olardı. Azərbaycan xalqı dövlət başçısının fikirlərini səmimi qəbul edərdi. Amma indiki dövrdə, hətta göyərti satan da Ilham Əliyevin sözügedən çıxışının növbəti blef olduğunu yaxşı anlayır. Insanlar dəfələrlə belə çıxışların şahidi olub. Sonradan isə bəlli olub ki, Ilham Əliyev daxili auditoriyanın könlünü almaq üçün səhnəyə çıxıbmış. Qəzəbli görünüş, barmaq silkələmələr, vətəndaşların maraqlarını ifadə edən fikirlər və s. görüntü yaratmaq, xalqın ümidini qırmamaq üçün düzənlənən şounun qeyri-professional şəkildə icra edilən elementləridir.

Artıq Ilham Əliyev də bunun fərqindədir. Hər halda dövlət başçısı sonuncu müşavirədə “qəzəbli” olduğu qədər də inamsız görünürdü. Sanki dövlət başçısı bu dəfəki blefin əks-effekt verə biləcəyindən ehtiyatlanırdı. Hər kəsə gün kimi aydın olan həqiqətin burulğanında əl-qol atmaq doğrudan da çətindir. Bu həqiqət odur ki, bahalaşmadan tutmuş, polis özbaşınalığından bezən vətəndaşın özünü yandırmasına qədər ölkədə baş verən bütün olayların bir ucu Ilham Əliyevə gedib çıxır. Nə bahalaşma, nə əsassız yoxlamalar, nə də ölkəni bürüyən başqa qanunsuzluqlar dövlət başçısının xəbəri olmadan, daha doğrusu, onun xeyir-duası alınmadan həyata keçirilmir. Sonra “müşavirə-şou”ların təşkil edilməsi zərurəti yaranır və Ilham Əliyev “qəzəblənir”. “Qəzəb” əks effekt versə belə, şounun bu vacib elementi icra edilməlidir. Çünki indiki vəziyyətdə buna daha çox ehtiyac var.

Hakimiyyətə yaxın ekspertlər Ilham Əliyevin son çıxışını təxminən belə şərh edir: Indi ölkədə vəziyyət olduqca pisdir. Xalqın əsəbi tarıma çəkilib. Digər tərəfdən Avropa ölkələrində hər bahalaşmadan, ümumiyyətlə vətəndaşların mənafelərinə zidd hər qərardan sonra əhali üsyana qalxır. Bu da digər ölkələrin vətəndaşlarına hüquqları uğrunda mübarizəyə qalxmaq üçün stimul verən amildir.

Azərbaycan da Avropada yerləşir və qonşu ölkələrdə baş verən hadisələr barədə xəbərlər ölkəmizə tez çatır. Iqtidar ideoloqları ciddi-cəhdlə bu məlumatların Azərbaycanda yayılmasının qarşısını almaq istəsələr də, internet əsrində bu işin mənasız olduğunu anlamağa başlayıblar. Bunun fonunda  ölkədə hər an oxşar olayların baş verə biləcəyindən ciddi narahatdırlar.

Digər tərəfdən “WikiLeak”s olayı Azərbaycan hakimiyyətini dostlarından məhrum edib. Indi Rusiya, Iran, Türkiyə Ilham Əliyevə əvvəlki kimi məhrəm münasibət bəsləmir. Hətta bir çox sahələr üzrə münasibətlərdə geriləmələr müşahidə olunur. Bu isə o deməkdir ki, Azərbaycan hakimiyyəti ölkədə baş verə biləcək üsyanlara təkbaşına müqavimət göstərməlidir. Bütün bunlar Azərbaycan hakimiyyətini indiki həssas dönəmdə ehtiyatlı davranmağa məcbur edir. Iqtidar ideoloqları hesab edir ki, Ilham Əliyevin bu tip çıxışları ilə müvəqqəti də olsa gözlənilən təhlükələrin qarşısını almaq mümkündür.

Vidadi