Futbol qumarı Ziya Məmmədovun inhisarında

 

Kontorların pulköçürmələrini isə nazir oğlunun bankı həyata keçirəcək

 

Dünən təxminən 70 bukmeyker kontoru “Topaz” brendi altında rəsmi fəaliyyətə başlayıb. Bununla bağlı mətbuat konfransı da keçirilib. Jurnalistlərə məlumat verən “Azəridmanservis” Dövlət Müəssisəsinin baş direkoru Azər Məhərrəmov və “Inteltek” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Ahmet Sezer hələ ki Bakıda və Abşeronda leqal kontorların işləyəcəyini bildirib. Məhərrəmov “qara bazar” haqda da danışıb. O, qanunsuz fəaliyyət göstərənlərlə hüquq-mühafizə orqanlarının haqq-hesab çəkəcəyini deyib. Şərtlərlə bağlı dəyişiklik yoxdur. Hələ bir neçə ay əvvəl yazmışdıq ki, “Topaz” kontorlarında kuponda 3 oyundan az yazmaq olmaz. Məhərrəmov da bunu bildirib. Eyni zamanda, “Azəridmanservis”in rəhbəri deyib ki, gələcəkdə bir oyuna variant götürməyi düşünürlər.

Futbolsevərlər Premyer-Liqanın qarşılaşmalarına proqnoz bildirməyəcəklər. Hər kupona ən azı 1 manat ödənməlidir. Maksimum uduş isə 250 min manatdır.

Mətbuat konfransında çox danışılıb. Məsələn, Azərbaycanda işləmək üçün lisenziya alan “Inteltek”in baş müdiri Ahmet Sezer Türkiyədə artıq 7 ildir işlədiklərini və 17 milyon dollarlıq dövriyyə ilə dünyada ikinci yerdə olduqlarını bildirib.

Bizsə, gəlin gəlişigözəl sözləri bir kənara qoyaq, real mənzərəni sizə çatdıraq.

Hökumət bu yolla totalizator sahəsini inhisara alır. Artıq indidən deyirlər ki, qarşıdakı bir-iki ay ərzində xarici bukmeyker kontorlarının saytlarına giriş qadağan olunacaq. Məqsəd odur ki, pul ölkədən kənara çıxmasın. Həm də xarici bukmeyker kontorları daha sərfəli şərtlər irəli sürür. Bu isə hökumətə sərf etmir.

“Azəridmanservis” elə şərtlər qoyub ki, proqnoz yazan həvəskarın udmaq şansı xeyli azalsın. Təsəvvür edin ki, kuponda bir oyun yer ala bilməz. Yəni, sizin “Barselona”nın qələbəsini proqnozlaşdırmaqla pul qazanmaq şansınız olmayacaq. Hökumət məcbur edir ki, məsələn, “Liverpul”un, “Real”ın qələbəsini də ora qoşasınız. Görürsüz, oyunların sayı artdıqca qələbə şansı da azalır. Məhz keçən bazar günü “Liverpul”la “Real” qalib gəlməmişdi. Deməli, məqsəd proqnoz verənləri uduzdurmaqdır.

Azər Məhərrəmov “qara bazar”ı tənqid edir. Amma məhz “qara bazar” sərfəli şərtlərlə variant götürürdü. Bunun nəticəsidir ki, dünən “Topaz”ın kontorlarında adam gözə dəymirdi.

Kontorlar bütün pul köçürmələrini “Bank of Azerbaijan”da həyata keçirəcək. Niyə məhz bu bankda? Çünki totalizator sahəsini məhz nəqliyyat naziri Ziya Məmmədov inhisara alıb. “Bank of Azerbaijan”ın isə onun oğlu Anar Məmmədova məxsus olduğu bildirilir.

Daha bir xəbər leqallaşmanın yubanmasıyla bağlıdır. Iş hələ keçən il dünya çempionatının startıyla başlamalıydı. Sonradan prosesi oktyabrın 11-nə qədər təxirə saldılar. Deyilənə görə, bir ilə qədər yubanmanın əsas səbəbi pul bölgüsü üstündə mübahisədir. Anar Məmmədovun Ahmet Sezerlə münasibətdə daha çox qazanmaq istəyi qarşıdurmaya səbəb olub. Iş orasındadır ki, məsələ hələ də tam həllini tapmayıb. “Azəridmanservis” ümumi fəaliyyətə ona görə start verdi ki, sahibkarların şikayətindən canını qurtarsın.