Boz çıxışınıza rəng qatın, əlahəzrət

Bir dəfə yazımda başımdan böyük qələt eləyib, şəxsiyyətə pərəstiş məsələsində Ilham Əliyevlə Iosif Stalini müqayisə etmişdim. Diqqətli oxuculardan o zaman bol tənələr yeyəsi oldum.

Bir daha etiraf etmək məcburiyyətindəyəm ki, SSRI-ni xışla qəbul edib, atom silahı ilə təhvil verən (fikir Şoloxova məxsusdur) adamı, 6 ildir hələ bir corab istehsal edə bilməyən dövlətin başçısı ilə müqayisələndirmək qeyri-ciddi işdir.

Ancaq bir köşə yazarı kimi, daim ciddi yazmaq öhdəliyim olmadığını da oxucular bilməlidir. Ona görə də inciməyin, yenə bir müqayisə edəcəyəm.

Dostumuz, qibleyi-aləm Ilham Əliyevin nazirlərlə son iclasını qəzetdən mətn formasında da oxudum. Siz oxumamısınızsa, bir şey itirməmisiniz. Ilham müəllimin ixtiyari bir iclasını dinləmisinizsə, bizim indiki söhbətimiz alınacaq.

Yəqin fikir vermisiniz, bu mübarək insan bir dəfə də dilinə ölkədəki vəziyyətlə bağlı tənqidi fikir gətirmir. Ümumiyyətlə, onun leksikonu tənqidi sözlərdən tərtəmizdi. Yox, yox, haqqını yeməyək, iki predmet var ki, əlahəzrət onlar haqqında olmazın tənqidini, təhqirini deyir: ermənilər və Azərbaycan müxalifəti.

Qalan bütün məsələlər haqqında onun fikirləri “əla”, “gözəl”, “analoqsuz”, “yüksək səviyyədə”dir.

Ilham Əliyevin çıxışlarını dinləyəndə mənim yadıma Azərbaycan Yazıçılar Birliyində adını unutduğum bir yazıçının kitabının müzakirəsi düşür. Həmin müzakirədə əsər tənqid olunmaq əvəzinə, bol-bol tərifə tutulur. Lap axırda Mehdi Hüseyn “insafınız olsun, heç olmasa, deyin ki, kitabın cildi keyfiyyətsizdir” deyib, müzakirəni tamamlayır.

Indi Mehdi Hüseynin sözü olmasın, dostumuz arada heç olmasa, Bakı küləyini də tənqid eləmir ki, bəs toz-torpaq yaradır, binaların qaşınmış üzlərini çirkləndirir, filan…

Yox, mən düşünmürəm ki, Ilham Əliyevin formal tənqidləri ilə dərdlərimizə çarə tapılacaq. Onun mərhum atası belə yalançı tənqidlərlə qarnımızı çox doydurub. Sadəcə, düşünürəm ki, onun çıxışlarında tənqid eşitsəm, həyat bir az maraqlı olar.  Axı razılaşın ki, indiki halda, ona qulaq asmaq dözülməzdir – çox boz danışır, adamın ürəyi sıxılır. Deyəcəksiniz ki, belə çətindirsə, qulaq asma. Demək asandır, etmək isə çətin. Adam ölkənin yiyəsidir, üstəgəl mənim də işim yazmaqdır. Zorən də olsa, onu dinləməyə məhkumam.

Bəs Stalinin bu söhbətə nə dəxli? Var…

Üç gündür Kobanın əsərlərini oxuyuram. Onun məruzələri, müxtəlif vaxtlarda etdiyi çıxışlar toplanıb bu kitabda. Madam ki, Ilham müəllim dünyanın mütərəqqi liderlərindən, demokratiya, azadlıqsevər şəxslərindən örnək götürmək istəmir, onda yoldaş Stalinin yaradıcılığı ona bəhrələnmək üçün zəngin material sayılar. Heç nədə də olmasa, çıxışlarını onun kimi cəlbedici etsin. Və ən əsası, öz fəaliyyətinə tənqidi yanaşmağı bacarsın.

“Təsərrüfat orqanlarımızda bürokratizm azarının olduğunu kim inkar edəcəkdir? Məgər biz onların irəliyə getmədiklərini, iməklədiklərini, süründüklərini görmürükmü?”;

“…Komsomolu götürək. Siz, əlbəttə inkar etməzsiniz ki, bəzi yerlərdə komsomolda tamamilə pozulmuş ünsürlər vardır və bunlara qarşı amansız mübarizə aparmaq lazımdır…”;

“Indi başlıca cəhət ümumiyyətlə, bürokratizmə, xüsusilə işimizdəki nöqsanlara qarşı aşağıdan ən geniş tənqid dalğası qaldırmaqdır…”;

“Bizdə həm kənd təsərrüfatı, həm də sənaye sahəsində qurmaq və quruculuğa rəhbərlik etmək həvəskarları istənilən qədərdir. Qurmağı və rəhbərlik etməyi bacaran adamlar isə son dərəcə azdır. Bu sahədə biliksizliyimiz isə, əskinə, həddindən artıq çoxdur”.

( Stalinin 1928-ci ildəki çıxışlarından)