Azərbaycan qırğın içində

Ölkədə qırğın gedir – başlanğıcı bəlli, sonu bəlli bir qırğın. Bu qırğının başlanğıcı da Əliyevlərlə bağlıdır, sonu da. Bu qırğın Əiyevlərlə başlayıb, Əliyevlərlə bitəcək. Bir az gec, bir az tez. Tunisdə olanlar bizdə də olub. Bu gün Tunisdə baş verənlər bizdə də baş verəcək. Tunisdə Bin Əlinin ailə diktaturası 23 il sürdü. Bizdə əliyevçi ailə diktaturası 40 ildi sürməkdədir. Bizdə çox çəkdi – tələsmək gərəkdi.

Ben Əlinin gözəllər gözəli “birinci xanımı” ölkədə böyük biznes imperiyası qurmuşdu. Tunisin iki prezidenti vardı: biri Ben Əli, o biri onun gözəllər gözəli, maniken görkəmli “birinci xanımı”. Onlar acgözlüklə xalqı, ölkəni soyub-yağmalamağa girişmişdilər. Ben Əli cəhənnəmə, – o ölkədən bandabaşı kimi qaçdı, – arvadı, gözəllər gözəli, “birinci ledi” ölkədən… oğru kimi qaçdı: dövlət bankından ton yarım qızıl çırpışdırmaqla. Bütün qondarma, plastik gözəlliklərin sonunun belə qurtaracağı – gözəllik oğrusu olaraq ortaya çıxacağı bəlli bilinməlidir. Sən prezident adı daşıyan oğru ərinin statusundan yararlanaraq ölkədəki gözəlliklərə kefin istəyən kimi toy tutur, bildiyini eləyirsənsə, bunu da bilməlisən – gec-tez ölkədən gerçək bir xanım kimi deyil, oğru kimi qaçıb getməli olacaqsan!

Ölkə qırğın içindədir. Yurddaşı qorumalı olan polis yurddaşın qanına susayıb. Lap elə bu günlərdə baş verən… atası, dayısı Qarabağda, ermənilərlə döyüşdə şəhid olmuş Elvin Cəfərovu polislər döyüb öldürüblər. Turqut Ərin də yazdıqlarından göründüyü kimi, Azərbaycandakı hakimiyyət antimilli xarakter daşıdığından əliyevçi polislərin öldürdüyü Elvini şəhid saymaq olar. Elvindən az qabaq Azərbaycan ordusunun zabitləri sağlam, güclü bir oğlanı, əsgər Tural Ibrahimovu döyərək öldürmüşdülər. Yuxarıdakı oxşar arqumentdən çıxış etməklə Turalı da şəhid saymaq olar. Eləcə də əliyevçi rejim boyunca öldürülən çoxlu sayda belələrini şəhid saymaq olar. Bu xalqı dışdan ermənilər öldürdüyü kimi, içdən də əliyevçi rejim öldürürsə, nəyə görə birincilər şəhid adlana bilər, ikincilər yox? Hələ mən əliyevçi rejimin ölkədə yaratdığı sosial-siyasi çıxılmazlıqlar üzündən getdikcə kütləvi xarakter alan özünü öldürmə faktlarını demirəm…

Ölkə qırğın içindədir. Rüşvət, korrupsiya, soyğunçuluq DÖVLƏT SIYASƏTINƏ çevrilib. Prezident Administrasiyası xalqı soyur, Vergi xalqı soyur, Gömrük xalqı soyur, Təhsil xalqı soyur, Səhiyyə xalqı soyur, Körpü xalqı soyur, Yol xalqı soyur, Oğuzdan Bakıya Su yolu çəkilir – o da xalqı soyur. Ilham Əliyevin özünün imzası ilə başlanğıcda 1 milyon manat olan proyektlər iş başa çatınca az qala 1 milyard manata gedib çıxır. I.Əliyevin illik maaşı 228 min dollardır. Soruşan gərək: rüşvətin, korrupsiyanın, oğurluğun DÖVLƏT SIYASƏTINƏ çevrildiyi ölkədə 228 min dollarlıq gülünc bir maaş prezidentin nəyinə gərəkdir?!

Ölkədə sosial-ekonomik, mənəvi-psixoloji qırğın gedir: bütün diktatura rejimlərində olduğu kimi! Bütün diktatura rejimlərində olduğu kimi, bizdə də diktatura rejiminə qulluq eləyənlər, bir də Elmar Hüseynov, Eynulla Fətullayev görsənişlərindən qorxub çəkinmədən diktatura rejimi ilə açıq, qladiatorcasına döyüşə atılanlar var. Belələrindən biri, birincisi, son bir neçə ildə parlayıb ortaya çıxmış Elnur Astanbəylidir. Özünü hər baxımdan yetkin yazar olaraq göstərən Elnur bəy gözəl bilir: bütün diktatura rejimləri kimi, Əliyevlər diktaturasını da ayaqda saxlayan özlərini bir yandan xalqa, o biri yandan rejim başçılarına YAXAN mənəviyyatca satqın, əxlaqca pozğun, ideyaca düşgün tanınmışlardır. Elnur bəy süngüyə çevirdiyi qələmini buna görə, çox düzgün olaraq, tez-tez belələrinə qarşı çevirir! “Ölkə vətəndaşlarını əzən, tapdayan rejimi” bir anlığa qırağa qoymaqla. Barrikadanın iki üzü var: bizlər – onlar. Bizim rejimlə savaşımızdan özlərinə biznes-dolanışıq quranlar “Azadlıq”a yol tapıb, bizə yol göstərirlər: rejimlə savaşın!