Əliyevlərin köçkünlərin sosial haqlarını qorumaqdan imtinası siyasi reaksiya yaratdı
Ölkə rəhbərliyinin iqtisadi populizmdən çıxış edərək, büdcə vəsaitlərinin çoxluğu və strateji valyuta ehtiyatlarının artımıyla öyündüyü bir vaxtda Nazirlər Kabinetinin qərarı ilə bundan sonra xüsusi kateqoriyaya aid olan (qeydiyyat yerini dəyişən, məmur statusuna malik və digər bu qəbildən olan) məcburi köçkünlərə ayrılan “çörək pulu” adlanan aylıq müavinəti kəsiləcək.
AXCP Rəyasət Heyəti hökumətin məcburi köçkünlərə qarşı bu addımını kəskin tənqid edən bəyanat qəbul edib. Bəyanatda xatırladılır ki, 2010-cu ilin sentyabrına qədər məcburi köçkünlərə 13 manat 50 qəpik aylıq müavinət verilirdisə, Ilham Əliyevin “səxavətli” sərəncamı ilə bu yardım 1 manat 50 qəpik artırılaraq, 15 manata çatdı: “Əslində, verilən bu sərəncam min bir əziyyət içərisində yaşayan, doğma el-obalarından didərgin düşmüş məcburi köçkün olan bacı və qardaşlarımızı təhqir etmək idi. Bu insanlar cəmi 4 ay idi ki, 15 manat yardım alırdılar, artıq həmin vəsaitdən də məhrum olublar. Halbuki, Qaçqınlar və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin məlumatında deyilir ki, bu qərardan sonra əldə olunan qənaət digər qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına sərf olunacaq. Yəni, bu addım ümümilikdə məcburi köçkünlər üçün nəzərdə tutulan büdcənin azalmasına gətirib çıxarmayacaq”.
AXCP həmin vəsaitin “qənaət” adı altında təyinatından kənar xərclənməsinə və korrupsiyaya yol açacağına daha çox inandığını vurğulayır: “Təcrübə göstərir ki, bütün bu ”qənaət” rejiminə keçid sonradan həmin sahənin keyfiyyət göstəricilərinin aşağı düşməsinə və köklü korrupsiya mənbəyinə gətirib çıxarır. Eyni zamanda bu “güzəşt” siyasəti sonradan digər güzəştlərə yol açır və həmin sahədə əməlli-başlı xaos yaranır”.
Bəyanatda həmçinin yada salınır ki, bir neçə il əvvəl elektrik enerjisinə görə hər bir məcburi köçkün üçün ayda 150 kv.saat pulsuz limit müəyyənləşmişdisə, sonradan həmin rəqəm 120 kv.saat-a endi. Bu kimi çoxlu sayda misallar və hökumətin indiyə qədər həyata keçirdiyi digər addımlar onu deməyə imkan verir ki, sonradan məcburi köçkünlər üçün ayrılan yardımların həcmi və təyinatı dəyişdirilərək “qənaət” rejiminə keçiləcək. Son nəticədə də məcburi köçkünlər üçün nəzərdə tutulan kommunal güzəştlərin də ya azalmasına, ya da ləğvinə gətirib çıxaracaq. Necə ki, bu, “pensiya islahatları” adı altında pensiyaçılara ayrılan vəsaitin həcmində özünü göstərdi və sonda onların pensiya təminatının daha da pisləşməsinə gətirib çıxardı.
AXCP hökumətin son addımını pislədiyini bəyan edərək, bunu acınacaqlı durumda yaşayan məcburi köçkünlərin həyat şəraitinin daha da ağırlaşmasına xidmət edən fəaliyyət kimi qiymətləndirir: “Bu hadisə nəticə etibarı ilə ölkədə dərinləşən sosial gərginliyin daha da artmasına və kütləvi şəkildə vətəndaşlarımızın etiraz aksiyaları keçirməsinə zəmin yaradır”.
İnformasiya şöbəsi