Nəriman Nərimanovun tarixdəki yeri (VII)

Nərimanovun “Ucqarlarda inqilabımız…” yazısı ilə Rəsulzadənin onu millətçilikdə suçlayan Kerenski kimilərinə qarşı yazıb, 1930-cu ildə Parisdə çap etdirdiyi “Qafqazda panturanizmlə bağlı” kitabçası arasında xeyli oxşarlıq, bağlılıq var. Nərimanov konkret faktlardan çıxış etməklə, Azərbaycanda baş qaldıran millətçiliyin Rusiyanın Azərbaycanla bağlı yürütdüyü antimilli siyasətlərdən qaynaqlandığını göstərdiyi kimi, Rəsulzadə də konkret faktlardan çıxış etməklə, bizdəki millətçiliyin Rusiyadan, Avropadan qaynaqlandığını, bəlli millətçilik görsənişləri ilə bağlı reaksiya xarakteri daşıdığını göstərir. Bunların hər ikisi özünün yüksək intellekti, geniş dünyagörüşü, üstün siyasi-demokratik kültür görsənişləri, prinsipləri ilə seçilən, doğru-düzgünlüyünə söykənərək, opponentinə yenilməkdən ayrı yol qoymayan, sözün geniş anlamında, ÖNDƏR-LIDER yazısıdır.

Nərimanovun “Ucqarlarda…” yazısı indiki əliyevçi rejimlə o çağkı stalinçi rejim arasındakı oxşarlıq baxımdan çox aktualdır. O yazının üzərində ayrıca dayanmaqla, abzas-abzas, fraza-fraza analizlərə varmaqla bir kitab yazmaq olar – dünənimizdən bugünümüzə işıq salan, əliyevçi hakimiyyət qaranlıqlarını aydınladan bir kitab! Indilik bir neçə sitata baxaq: “Sovet Azərbaycanı özü könüllü olaraq neftin Sovet Rusiyası zəhmətkeşlərinə mənsub olduğunu elan etmişdi, ancaq Sovet respublikasında başda ”kral” Serebrovski olmaqla “monarxiya” yaratmaq nəyə gərək idi, o indiyədək elə bilir azərbaycanlıları aypara və ulduzla aldadır”.

“Indi Neftkomun və Baksovetin qulluqçularının tərkibinə baxılsa, ən qərəzsiz müşahidəçi də dəhşətə gələr. Yerli müsəlman mühəndislər və ümumiyyətlə, ziyalılar alver edir, bu müəssisələr isə rus, erməni və yəhudilərlə doldurulmuşdur.

Azərbaycan kəndlisi ağ neft olmadığı üçün talaşa yandıranda, azərbaycanlı vətəndaş Tiflisdə ağ neftin Gəncədəkindən ucuz satıldığını görəndə, istər-istəməz bütün bunları törədənlərin ünvanına tənə, müstəmləkəçilikdə ittiham və i.a. eşitməli olursan.

Mən neft məhsullarından Azərbaycanın xeyrinə faizli ayırmalar üçün düz bir il yol, Serebrovski ilə mübarizə aparmışam, işi Siyasi Büroya qədər çatdırmışam…”.

“Azərbaycanda daşnak siyasəti bütün gücü ilə gerçəkləşdirilir. Mənim zərrəcə şübhəm yoxdur: Serqo ilə Stalinin simasında AKP MK biz türklərə inanmır, Azərbaycanın taleyini erməni daşnaklarına tapşırır… bu şəxslərin düşüncəsinə görə, türklər o qədər axmaqdırlar, bütün bunları başa düşmürlər. Onlar həmişə Qarayevi irəli çəkirlər, onu isə bütün Azərbaycan hər baxımdan satqın adam kimi tanıyır…”.

Nərimanov yüksək ideallarla yaşayan, milli ayrı-seçkilik bilməyən, bütün insanlıq üçün çalışan açıq ürəkli bir Türk idi. Ancaq Bakıdan Moskvayadək o, bütünlüklə başqa bir OYUN içindəydi. Sonralar ortaya çıxan faktlardan bilindiyi kimi, istər Rusiyadakı devrim, istərsə də Azərbaycanda “sovet hakimiyyəti” adı altında qurulan rejim masonların işi idi. Masonlar Türkiyədə Atatürkü də ələ almaq istəmiş, bacarmamışdılar. Yeri gəlmişkən, Avropa dövlətləri ilə üzücü savaşdan çıxmış Türkiyə ağır durumda idi. Atatürk ölkəsinin ağır durumu ilə bağlı Nərimanovdan borc istəmiş, Nərimanov ona demişdi: “Paşam, qardaş qardaşa borc verməz, əl tutar”. Sonra da bacardıqca əl tutmuşdu. Iki Türk liderin (eləcə də iki Türk dövlətinin) yaxınlığı-birgəliyi erməni-yəhudi (mason) planları ilə uyuşmurdu. Bütün bunlara görə Nərimanovu Moskvaya aparıb, səssizcə aradan götürmək qərarı verilmişdi.

“Ideal” romanını yazıb, antiideal yolu tutan Isa Hüseynov başda olmaqla, kimlərsə belə tandem düzəldirlər: M.Ə.Rəsulzadə-N.Nərimanov-H.Əliyev tandemi. Qondarma tandemdir. Biri sağçı, biri solçu olsa da, Rəsulzadə də, Nərimanov da bütünlüklə Azərbaycan-Türk milli maraqlarına bağlı SISTEM faktoru, H.Əliyev, rejim görsənişlərindən göründüyü kimi, antisistem faktorudur…