Ədəbiyyatda YAP-laşma

 

Kimsə kimsənin qələmini qırmaq fikrinə düşməsin, hər kəs öz qələmi ilə yazır

Azərbaycan siyasətindəki yaramazlıq, dönüklüklər, şərləmələr, dünən olduğun komandanı satıb, ya da tərk edib oraya lənətlər yağdırmaq kimi naqisliklər ədəbiyyatımızda da elə bir sürətlə yayılmağa başlayıb ki, indiki halda susmaq bir az çətinləşir. Düzdür, bu yazını yazarkən bir az risqə girdiyimi, hətta hakimiyyət əleyhinə yazdığım yazıları yazarkən ehtiyatlanma hiss etmədiyim halda, indi bir qədər ehtiyatlandığımı etiraf edirəm, çünki söyüş söyməyi, ədəbsiz ifadələrlə şərləməyi özünə peşə etmişlərin qəzəbinə gələcəyim təhlükəsi ilə üzləşə biləcəyimi bilirəm.

Ədəbiyyatdakı polemikalardakı ədəbdən kənar ifadələr, ya da bir-birinin ünvanına səsləndirilən ifadələr bu yazının predmeti deyil. Mənə maraqlı olan bu deyil və əslində bunun ədəbiyyata nə qədər ziyan verdiyini də söyləməyi yersiz hesab edirəm, çünki bu, zatən ortadadır.

Bəs onda nə baş verir və mən niyə bu yazını yazmaq ehtiyacı duydum?!

Ədəbiyyatda da eynən siyasətdə olduğu kimi indi ürək bulandıran bir kirlənmə prosesi gedir və bunun əsas aktyorları kimdir, hamıya bəllidir, amma  baş rol ifaçılarının bu qədər monopolist düşüncədə olub sonra da hakimiyyəti tənqid etmək cəhdlərini anlamağa çalışanda qəribə bir mənzərə ilə qarşılaşırsan. Bəli, səhv oxumadınız, ədəbiyyatda bu gün monopoliyaya alma iddiası baş alıb gedir. Məsələn, Rasim Qaracanın yazılarındakı inadkar monopoliyaya alma iddiaları həmişə hiss olunub, sanki Azərbaycan ədəbiyyatında AYO-dan kənarda heç bir proses gedə bilməz, ya da nə baş verirsə AYO-da baş verməlidir, bütün ədəbiyyat, ədəbi proses, ədəbi saytlar, ədəbiyyatla maraqlanan nəşriyyatlar Rasim Qaracanın qılıncının altından keçməlidir, kənarda olanlar boş və mənasızdır. Belə olmur axı, əgər biz demokratiya deyiriksə və üstəlik, AYB-ni avtoritarizmdə günahlandırırıqsa onda bəs niyə eyni təfəkkür elementlərini  təkrarlayırıq?!

Rasim Qaracanı hiddətləndirir ki, Qan Turalı “Abzas.net” saytının “Adyazar”dan daha tez populyarlaşmasını dilə gətirir, nə olsun, bu, məgər pisdirmi, təbrik etmək lazım. “Ən yeni ədəbiyyat” seriyasından Xalid Kazımlının, Kənan Hacının, Sevinc Çılğının kitabları nəşr olunmağa başlayırsa, ya da Şahbaz bəy başqa bir müsabiqədə iştirak edirsə, demək düşmənmi oldu? Şahbaz bəyi niyə şəxsi mülkiyyətinizə çevirib monopoliyanıza almağa cəhd edirsiniz ki, sizdən kənar ədəbi proseslərə qatılmaq istəyəndə də bu qədər qəzəb püskürürsünüz?

Mənim Şahbaz bəyi qorumaq, ya da müdafiə etmək fikrim yoxdur, mən “Qanun” nəşriyyatında öz maddi vəsaitimlə kitab nəşr etdirirəm ki, bu işi başqa bir nəşriyyatda da edə bilərəm və burdan deyirəm ki, heç bir müsabiqəyə qatılmaq, orada iştirak etmək fikrim də yoxdur, çünki bütün işlərin sonu belə intriqalara dayanır zatən.. Bu kimi intriqalardan yayınmağın yolu elə müstəqil fəaliyyətdir, mən bunu illər öncə anlamış biri kimi dilə gətirirəm.

Həmid Herisçi hamının qələmini qırıb?

Rəşad Məcid deyir ki, Anara alternativ yoxdur, aylar öncə M.Ibrahimbəyov müsahibələrinin birində demişdi ki, Ilham Əliyevə alternativ yoxdur. Alternativsizlər ölkəsində yaşamaqdan yorulmadıqmı ki, indi də ədəbiyyata bunu sırımağa çalışırıq. Indi ədəbiyyata güclü bir axın var və bu axına baxmayaraq AYB və AYO-nun monopoliyası, “bizimkilər və özgələr” prinsipindən qurtula bilməməyimizin nəticəsində əslində bu gün kimin istedadlı, kimin istedadsız olduğunu araşdırmağa imkan yoxdur. Biri yazır, AYB-dəndirsə, AYB onu dahi elan edir, AYO-dan birinin kitabı çıxırsa AYO-dakılar onu dahi elan edir. Belə rəqəbət olurmu?

Bir neçə ay öncə “Azadlıq” radiosunun oxu zalında Əli Əkbər bir müsahibəsində belə fikir səsləndirmişdi ki, “xalqı, milləti tənqid etməklə kimsə məşğul olmaq istəyirsə boş işlə məşğul olur, çünki bu işi Seymur Baycanla mən artıq bitirmişik, bundan sonra kim bunu edəcəksə bizim kölgəmizdə qalacaq”. Yaxşı, Mirzə Cəlil, Sabir niyə bu iddia ilə çıxış etmədilər, axı Əli Əkbər də Mirzə Cəlildən yaxşı tənqid edə bilməyib bu millətin naqisliklərini… Bu qədər iddialı danışmaq nədir?! Ya da Həmid Herisçi son kitabının çıxmasından sonra belə bir ifadə işlədib. “Azərbaycan ədəbiyyatına postmodernizmi mən gətirmişdim, mən də bitirdim”. Maraqlıdır, Həmid bəy bunu bitirməyin mexanizmini bir açıqlasın, necə edəcək, postmodernist yazan yazarların qələmini qırıb, ya da yazdıqlarını yandıracaqmı?! Əgər bu prosesi doğurdan da Azərbaycan ədəbiyyatına gətirmisinizsə onu bitirməyin bir mexanizmi yoxdur. Bir də insan gerçəkdən özü yaratdığına inandığını, zəhmət verdiyi bir şeyi belə asanlıqla söküb ata bilməz… Yox, əgər sizin postmodernist “yazar-tələbələriniz” varsa bu onlara qarşı haqsızlıq olar. Azərbaycan ədəbiyyatında doğrudan da postmodernizm deyilən bir şey varsa, bu prosesin qarşısını bir bəyanatla almaq olmaz, bu kimi bəyanatlar şousayağı diqqətçəkmələrdən başqa bir şey deyil, bəlkə də bunu kimsə açıq və cəsarətlə demək istəmir.

Şahbaz Xuduoğlunu Rasim Qaraca “yaradıb”?

Hər kəs bir padşahlıq yaradıb özünü toxunulmaz elan edir, istədiyini yazıb deyir, kimsə də özünü “pis” etməmək üçün cavablandırmır, niyə də etsin, ya  söyüşə- böhtana tuş gələcək, ya da ədəbiyyatdakı stolarxası camiyələşməkdən məhrum olacaq, bu da ədəbiyyat saytlarında yazdığı yazıların altının şərhsiz qalması, təriflənməmək deməkdir…

Amma dostlar, məgər bizim amacımız düşüncələrə tolerant yanaşa bilinəcək,  prinsiplərin də tam bəlli olduğu bir cəmiyyətin formalaşması deyilmi? Əgər biz səmimi olaraq bunu istəyiriksə, niyə hakimiyyətdəki komanda kimi müxalif, ya da bizdən olmayanı qaralamağa, qəzəb püskürməyə başlayırıq? Niyə şəxsi mənafelərimizi hər dəfəsində ədəbi proseslərin qarşısına tıxac kimi tıxamağa çalışırıq. Hakimiyyətdə zorla əzirlər, ədəbiyyatdasa söyüşlə, ədəbsiz ifadələrlə…

Hakimiyyət az qala Azərbaycan xalqını yaratdığını, onun varoluş səbəbi olduğunu cəmiyyətə sırımağa çalışır, Rasim Qaraca da Şahbaz Xuduoğlu “yaratdığını” iddia edir, onu hansısa konfrans, kitab sərgilərinə göndərməklə məşhur naşir etdiyini bəyan edir, ya da yemək stolları arxasında onu  hansısa layihəni həyata keçirməyə inandırdığını deyir, demək ki, bu adamlar çörək kəsiblər, indi də əgər ortada böyük prinsiplərin savaşı yoxsa, kimsə yeni yola girməyə cəhd edirsə və burda xəyanət deyil, sadəcə yeni bir təcrübədən söz gedirsə dönüklük etmək nəyə lazım, başqa bir müsabiqədə olub oradakı naqislikləri də açıq deyə biləcək birinin olmasına niyə bu qədər qəzəblənirsən? Bu məsələyə başqa bir nümunə də var axı, məsələn, Cavidan da Şahbaz Xuduoğlunun bu qərarından razı qalmadı və kitabının “Ən yeni ədəbiyyat” seriyasında nəşr olunmasından imtina etdi, buna da açıqlama gətirdi, qəzəbsiz və nifrətsiz. Həm də Cavidan bu hərəkəti ilə yeni bir nümunənin başlanğıcını qoymuş oldu.

İkilikdə danışa biləcəyinizi cəmiyyətə püskürmək çoxmu vacibdir?

Yaxında “Azadlıq” radiosunun “Penklub” verilişində hələ tələbəlik illərindən tanıdığım Aydın Xanın bir ifadəsinə rastladım, kimsəninsə onu oxumamasına, bəyənməməsinə belə bir təpki vermişdi, “oxumur, cəhənnəmə oxusun!”. Nə oldu, ədəb-ərkanı gözləyən, kifayət qədər danışmaq sərhədlərini bilən biri dayanacaqda dayanıb dalaşan, bir-birinə küfr edən birinə niyə çevrilir? Bir-birini təhqir etmək, dözümsüz davranmaq ədəbi prosesin tərkib hissəsinə çevrilməyə başlayıb?!

Ədəbiyyatı kirləndirib bu kirli ədəbiyyatla da Azərbaycan xalqının yanaşma, həyat tərzini, siyasətindəki naqislikləri təmizləmək iddiasında olmaq yazarlarımızın səmimi olmasına şübhə yaradır. Əvvəl ədəbiyyatımızı təmizləməliyik, yaltaqlıqdan, dostluq təriflərindən, təhqirlərdən, dözümsüzlüklərdən, cəbhələşmədən… Azərbaycan siyasətindəki bu kimi hallardan xalqın və ümumən cəmiyyətimizin hansı fəsadlar gördüyündən niyə dərs almırıq?

Bataqlıqda ola-ola təmizlənmək mümkün deyil dostlar!

Bir də məsələləri  tələsik ictimai dartışmaya çıxarmağın nə əhəmiyyəti?

Yaxınlarda Nərmin Kamal da bu məsələ ilə bağlı Facebookda kiçik bir yazı yazmışdı ki, məsələn bir gün üz-üzə söhbət etdiyim rəfiqəm sabah qəzetdə hansısa yazıya görə məni yıxıb sürüyür. Nərmin haqlı olaraq belə bir sual qoymuşdu, məgər  bunu ikilikdə dartışmaq olmazdımı? Təbii ki, olardı, amma onda səs-küy qopmazdı, aləm bir-birinə dəyməzdi və bu səs-küyün fonunda da kimlərinsə imzaları mətbuat, saytlarda hallanmazdı.