Bir nəfər

Bu günlərdə çoxumuz Tunisdəki inqilabın səbəbləri haqqında düşünürük. Baxırıq ki, orada xalqın 23 illik tiraniyanı 2-3 günə darmadağın etməsinə gətirib çıxaran bəlaların hamısı birəbir Azərbaycanda da var, həm də artıqlaması ilə var. Məsələn:

– Işsizlik.

– Yoxsulluq.

– Korrupsiya.

– Hüquqsuzluq.

– Ölkənin bütün sərvətlərinin bir ailənin əlində cəmləşməsi.

– Ədalətsiz məhkəmə.

– Söz azadlığının məhv edilməsi.

– Müxalifətin sıradan çıxarılması.

– Yalanın və yaltaqlığın dövlət normasına çevrilməsi.

– Məmur dərəbəyliyi.

– Sonu görünməyən işgəncə və təqiblər.

– Sərbəst toplaşmaq azadlığının yasaqlanması.

– Inhisarçılığın çiçəklənməsi.

– Xalqın siyasi proseslərdən təcrid edilməsi.

– Seçki hüququnun tapdalanması.

Əlbəttə, bütün bu sadalananlardan sonra sual yaranır: Tunisdəki inqilabi dəyişiklikləri şərtləndirən səbəblərin hamısı, həm də artıqlaması ilə burada da varkən, bəs niyə, niyə o əjdahadan bizdə yoxdur?

Əslində bu sual üzərində uzun-uzadı baş sındırmağa da ehtiyac yoxdur, çünki Tunisdə 23 illik bir tayfa rejiminin axırına çıxan səbəblər arasında birini unuduruq, diqqətdən qaçırırıq başından bəri: polis özbaşınalığından cana doyaraq özünə od vuran, beləcə, ictimai qəzəbi, nifrəti də alovlandıran gənci…

Bilmirəm, anlada bildimmi?

Mübariz Mənsimov rejimi necə ifşa etdi?

Azərbaycanlı milyarder Mübariz Mənsimov Türkiyədə telekanal almağa hazırlaşırmış… Bu, ölkəmizdə media azadlığı olduğuna dair ağzı köpüklənə-köpüklənə danışanlara ən tutarlı cavabdır.

Niyəsini izah edim: baxın, Mənsimov Azərbaycanın süd bazarında söz sahibidir, doğrudurmu? Azərbaycanın dondurma bazarında hakimi-mütləqdir, düzmü deyirəm? Hətta yanılmıramsa, futbol biznesi belə, Azərbaycana bağlıdır.

Indi düşünün: gəlir qaynaqlarının çoxu Azərbaycana bağlı olan Mənsimov telekanalı niyə Türkiyədə alır?

Çünki bizdə hakimiyyətlə sövdələşib, onun bığının altından keçib biznesdə istədiyin uğurları qazana bilərsən. Əlin üstə əl olmaz, sözün üstə söz deyilməz.

Amma bizdə hakimiyyətlə sövdələşmədən, onun işbirlikçisi olmadan telekanal sahibi ola bilməzsən. Hakimiyyətlə sövdələşib, onun direktivlərindən ilhamlanıb telekanal sahibi olduqda isə uğur qazana bilməzsən, uzaqbaşı ölkədə kimsənin baxmadığı, adı gələndə çoxluğun ürəyinin bulandığı yeni bir AzTV meydana çıxar. Sənin də ara yerdə həm malın gedər, həm canın.

Bu bəlli həqiqəti bir daha hər kəsə xatırlatdığı üçün Mübariz Mənsimova təşəkkürlər…

Qar haqqında qərarsızlıq

Sinoptiklər açıqladı dünən, nəhayət ki, bu həftə Bakıya da qar yağacaq. Nə gizlədim, çox sevindim buna. Qarı nə qədər sevdiyimi izah edə bilmərəm, ən işıqlı xatirələrim bağlıdır ona.

Çox keçmədi qarın özüylə gətirəcəyi fəlakətləri – tıxacları, buz bağlayacaq yolları, “qaz” deyə, “işıq” deyə nalə çəkəcək insanları düşündüm, qanım qaraldı, kefim pozuldu.

Qısası, nə qədər sevsəm belə, qar haqqında qərarsızam indi: yağsa, sevinməkmi lazımdır, kədərlənməkmi?

Niyazi Mehdinin yeni təklifinə sözardı

Facebook-dakı dostlar vasitəsilə öyrəndim, Milli Kitab Mükafatının münsiflərindən Niyazi Mehdi yeni təkliflə çıxış edibmiş.

Niyazi bəy istəyir ki, gənclərə “bəy”, “xanım” deyə yox, “cavan oğlan”, “gözəl qız” deyə müraciət edilsin. Müraciət edilsin edilməsinə də, amma…

Amma irtica rejimi ölkənin aparıcı tənqidçi qəzetlərindən birinin baş redaktorunu məhz hansısa qadın xeylağına “gözəl qız” deyə xitab etdiyi üçün şərləyib həbsə atanda Niyazi bəy susmuşdu. Etiraz haqqını içinə gömmüşdü.

Qətiyyən bunu Milli Kitab Mükafatının Münsiflər Heyətinin üzvünün irəli sürdüyü təklifə qarşı olduğum üçün yazdığımı düşünməyin. Sadəcə, içimdən gəldi, xatırlatmaq istədim.