Azərbaycan hakimiyyətinin balans siyasəti dəfn edildimi?
Son zamanlar Azərbaycan hökumətinin mətbəx qəzetləri Amerikanı, Avropanın bir sıra beynəlxalq qurumlarını hədəfə alırlar.
Əslində, mən heç zaman nə köşə yazısı nə qəzetdə hər hansı bir yazı yazmamışam.Ancaq bu proseslər çox maraqlı olduğu üçün fikirlərimi bölüşmək istədim.
Bu gün Qərbə qarşı potsovet ölkələrinin yalnız ikisində aşırı sərt mövqe ortalığa qoyulur. Belarus və Azərbaycanda. Diqqət edin: Hər iki ölkədə diktaturanın əsasları möhkəmlənir, hər iki ölkədə korrupsiya, haqsızlıq, rüşvətxorluq tüğyan edir, seçkilər hədsiz dərəcədə və həyasızcasına saxtalaşdırılır, hər iki ölkədə hakim partiyanın və ölkə başçısının reytinqi sürətlə azalmaqda, xalqla hakimiyyət arasında uçurum durmadan dərinləşməkdədir, hər iki ölkədə cinayət var, cəza yoxdu, hər iki ikisində qanun şah deyil Şah qanundu, hər iki ölkədə insanlara öz haqqını tələb etdiklərinə görə zor tətbiq edilir.
Aydındır ki, bu yazıların doğura biləcəyi ictimai rezonans sıfırdır.
Amma bu yazılar, məsələn konkret olaraq Azərbaycan gerçəkliyində hansısa ciddi dəyişikliklərin olduğunu göstərə bilər. Bu cür yazalar ən azı o qənaəti doğurur və möhkəmləndiri ki, Azərbaycan hökumətinin illərdi elan etdiyi “balanslı” xarici siyasət kursu fiaskoya uğrayıb, dünyanın ciddi ölkələri ilə qarşıdruma vəziyyətindəyik. Üstəlik, Wikiliksdən sonra məlum oldu ki. biz nəinki Amerika, Britaniya, Almaniya hətta illərdi Türkiyə ilə münasibətlərin pozulması hesabına Rusiya ilə yaxınlaşmamızda da səmimi olmamışıq. Bəlkə də, çox unikal ölkələrdənik ki, xarici siyasi strategımız yoxdur, əgər varsa belə bunun nədən ibarət olduğu məlum deyil. Hakimiyyətin xarici ölkə başçısının şəxsi istəyinə bağlıdı və gündəlik xarakter daşıyır və bu münasibətlər hər an yaxşılaşa və ya pozula bilər .
Qərbə meydan oxumağın ciddi səbəblərindən biri də isterikadır, diplomatik dalandır. Artıq heç bir ölkə bu hakimiyyətin səmimiliyinə inanmır. Hətta Türkiyəyə də aydın oldu ki, illərdi bütün saxtakarlıqlarına göz yumduqları saxta hakimiyyət iki ölkə arasındakı münasibətlərdə də saxta imiş.Sən demə, özünün ən ciddi tərəfdaşı olan Rusiyanı belə bağlı qapılar arxasında “keçi qiymətinə” satmağa səy göstərirmişlər.
Münasibətlərin saxtalığı faş olanda isə Qərbə meydan oxumaqdan başqa çıxış yolu qalmır. Hətta dövlətin rəsmi təbliğat vasitələrində. Hətta uzun illərdir elan edilən “balans siyasəti”nin pozulması bahasına. Hətta saxta ittihamlar hesabına. İttihamların saxta olduğu isə göz qabağındadır. Məsələn, rəsmi təbliğat Amerikanı ittiham edir ki, o, dünya müsəlmanlarına qarşı geniş çaplı mübarizələr aparır, ardıcıl olaraq İslam ölkələrinin taqətdən salınması siyasətini yürüdür. Bu, öz siyasəti ilə dünyanı əhatə edən ABŞ dövlətinə qarşı ittihamdır. Bəs, öz siyasəti ilə Azərbaycanın tam olmayan ərazisini əhatə edən Azərbaycan hökuməti neyləyir ki? Bəyəm Azərbaycan hökuməti İslam dəyərlərinə qarşı, inanclı insanlara qarşı repressiyalarla məşğul deyil? O zaman Azərbaycan polisinin işgəncələri altında dünyasını dəyişənlərin haqsız ölümünə, minimum əməkhaqqının 85 manat olmasına, müəllimin, həkimin, şəhid ailəsinin, Qarabağ qazisinin rəzil gündə yaşamasına nə ad vermək olar? Azərbaycanda ibadət yerlərinin, məscidlərin sökülməsinə nə ad vermək olar?
Rəşad Xasayoğlu
Belçika, Brüssel